Dünya 16:30 25.01.2023

İsveçdə Quranın yandırılmasında Rusiya izi üzə çıxdı

Stokholmda Quranın yandırılması ilə bağlı aksiyaya jurnalist və Russia Today telekanalının keçmiş stringeri Çanq Frik kömək göstərib. Bu aksiyadan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətini dəstəkləməyəcəyini bəyan edib. 

Qaynarinfo xəbər verir ki, Frik "The Insider”ə müsahibəsində aksiyanın keçirilməsi üçün icazənin pulunu ödədiyini təsdiqləsə də, heç kimdən dini kitabları yandırmağı tələb etmədiyini deyib.

"Belə bir niyyət olmayıb, bu mənim fikrim deyil”, - deyə jurnalist bildirib.

RT və Rusiya ilə əlaqələri ilə bağlı sualı cavablandıran Frik qeyd edib ki, 2014-cü ildən kanalla işləmir, o vaxtdan Rusiyanın mövqeyini dəstəkləmir. İndi o, ukraynalı qaçqınlara kömək edir, pul yığır və ukraynalılarla işləyir.

"Bu hərəkətdən sonra xanım Simonyan mənə zəng etsəydi, ona izah edərdim ki, Türkiyədə seçkilərdən sonra İsveç NATO-ya qəbul olunacaq. Türkiyədə çoxlu problemlər var - inflyasiya, yoxsulluq. Bütün bunlardan diqqəti yayındırmaq üçün istifadə edirlər”, - Frik deyib.

O, aksiyanın İslam dünyasına qarşı yönəlmədiyini, PKK-nın dəstəyi ilə bağlı olduğunu bildirib. Jurnalistin fikrincə, İsveçin liberal hökuməti kürdləri dəstəkləməli, söz azadlığı hüququna əməl etməli və Türkiyədən qorxmadığını göstərməlidir.

Xatırladaq ki, yanvarın 21-də Danimarkanın ifrat sağçı "Sərt xətt” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında İslamı pisləyən çıxış edib və sonra Quranı yandırıb. Bu hərəkət İslam dünyasında qəzəb fırtınasına səbəb olub, İsveçlə Türkiyə arasında münasibətləri gərginləşdirib. İsveç hakimiyyətinin aksiyaya icazə verməsi ilə əlaqədar Türkiyə prezidenti Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzvlük müraciətinə dəstək verməyəcəyini bildirib.

Daha əvvəl SVT-nin İsveç nəşri Çanq Frikin aksiyaya müraciət üçün pul ödədiyini (320 kron) və bununla bağlı bütün xərclərin qarşılanacağına zəmanət verdiyini bildirib.

2014-cü ildə Çanq Frik "Russia Today" telekanalı ilə işlədiyini desə də, sonradan qeyd edib ki, o, sadəcə olaraq xəbər videolarını Rusiyanın təbliğat telekanalına satıb. Frik bir neçə dəfə Moskvaya uçub və Rusiya təbliğat mediasında da xəbərlərin mövzusu olub. O, işini Moskva ilə  koordinasiya etdiyini inkar edib, lakin "Rusiya ilə İsveçin bəzi sağçı mediası arasında müəyyən sövdələşmənin olduğunu” qəbul edib. Bu, 2018-ci ildə keçiriləcək parlament seçkilərində ifrat sağçı İsveç demokratlarına Rusiyanın yardımı ilə bağlı "The New York Times”da dərc olunan araşdırmada da qeyd edilib.

Nizami Bağırov