Xəbər lenti

Dünya 13:25 26.09.2022

İtaliyada Mussolinidən sonra ilk dəfə ifrat sağçılar hakimiyyətə gəldi

İfrat sağçı "İtaliya Qardaşları” partiyasının lideri Corc Meloni sağ mərkəzçi koalisiyanın parlament seçkilərində qalib gəlməsindən sonra İtaliyanın yeni baş naziri ola bilər. 

Qaynarinfo bu barədə BBC-yə istinadən yazır. Sayt qeyd edir ki, bu baş verərsə, Meloni təkcə İtaliya hökumətinə başçılıq edən ilk qadın deyil, həm də yüz il əvvəl çevrilişlə hakimiyyətə gələn Benito Mussolinidən sonra ifrat sağçıların ilk baş naziri olacaq.

"RAI” dövlət televiziya şirkəti və özəl "Mediaset”in seçki məntəqələrinin çıxışında keçirdiyi sorğuların nəticələrinə əsasən, "İtaliya Qardaşları” partiyası 22-26% səs toplayıb. Silvio Berluskonin "İrəli, İtaliya” və Matteo Salvininin "Liqa” partiyalarının dəstəyi ilə sağ koalisiya 41%-45% arasında səs toplaya bilib. Bu, parlamentin hər iki palatasına nəzarət etmək üçün kifayət edəcək.



İfrat sağçı "İtaliya Qardaşları” 19% səslə ikinci olan Enriko Lettanın Demokratik Partiyasını geridə qoyub. Seçki kampaniyası dövründə Meloninin əsas rəqibi olan partiya müxalifətə rəhbərlik etməyə hazırlaşır. Təxminən 16% səs qazanan Cüzeppe Kontenin "Beş ulduz hərəkatı” ona qoşula bilər.

"Biz hələ gəlməmişik. Bu başlanğıc nöqtəsidir. Sabah isə nəyə qadir olduğumuzu göstərməli olacağıq”, deyə 45 yaşlı Meloni səsvermənin ilkin nəticələrinin açıqlanmasından sonra bildirib. 

Bütün səslər hesablandıqdan sonra prezident Sercio Mattarella partiya liderləri ilə məsləhətləşməli və böyük ehtimalla Melonini baş nazirliyə namizəd irəli sürməlidir. Lakin proses bir neçə həftə uzana bilər - yeni parlament ilk dəfə oktyabrın 13-də toplaşmalıdır.

Meloni ifrat sağçı yöndən Aİ-ni, immiqrantları və LGBT qruplarını tənqid edir, lakin İtaliyanın böyük dövlət borcunu nəzarətdə saxlayacağını və ölkənin xarici ittifaqlarını, habelə Rusiya ilə müharibədə Ukraynaya dəstəyini şübhə altına almayacağını vəd edir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->