
İCTİMAİ TELEVİZİYA DÜNƏN, BU GÜN VƏ SABAH...
Tanınmış telejurnalist, İTV-də yayımlanan “Qərib axşamlar” verilişinin aparıcısı Yusif Günaydın sərt yazı ilə çıxış edib. O, İTV-nin rəhbərliyi və televiziyanın bugünkü vəziyytəilə bağlı çox ağır ittihamların yer aldığı yazını AzNews.az-ın elektron ünvanına göndərərək, onu yayımlamağımızı xahiş edib. Mövzunun aktuallığını nəzərə alaraq, həmin yazını təqdim edirik:
Hələ dünən İctimai Televiziya və Radio yayımları şirkəti vaxtı ilə öz fəaliy¬yətinə sıfırdan başlayıb, qısa müddət ərzində özünəməxsus yaradıcılıq simasını müəyyənləşdirə bilən, ictimaiyyətin dərin rəğbətini qazanmış qabaqcıl teleradio kanalı idi.
9 il bundan öncə öz işini yaxşı bilən professionalların gərgin, ardıcıl zəhməti sayəsində qazanılmış bu nailiyyətlər təəssüf ki, bir neçə ay ərzində yenidən sıfıra endirildi, İTV yüksək reytinqi ilə yanaşı ictimaiyyətin rəğbətini, hörmətini də itirdi.
İndi heç kim üçün sirr deyil ki, bu deqrodasiya Cəmil Quliyev və onun kimi digər "televiziya xadimlərinin" İTV-yə axışıb, əllərinə qəfil fürsət düşmüş kəmfürsətlər kimi orada qızğın fəaliyyətə başlaması ilə start götürdü.
Bu fakt da artıq hər kəsə məlumdur ki, Cəmil Quliyev İTV-də formal bir fiqurdur, nominal baş direktordur. Onun əvəzinə öz qabiliyyəti miqyasında düşünən, qərar qəbul edən var. Cəmil bu qərarların dinməz icraçısıdır. Məsələ təkcə onun və onunla gələnlərin hamısının idarəçilik təcrübəsinin olmamasında deyil. C.Quliyev təbiət etibarı ilə idarə edən yox, idarə olunandır! Bu gün İTV-nin bütün strukturlarını bürümüş ağır böhranın ilkin səbəbi budur! Digər səbəblər haqda az sonra.
Bir şeyə yaman peşmanam! Əvvəlcədən bilsəydim ki, C.Quliyev özgələrinin çirkin oyunlarında müti icraçı funksiyasını könüllü olaraq öz öhdəsinə götürüb, bu "ali məqama" çatmaq üçün kifayət qədər ciddi səylər göstərib, onu nə təbrik edər, nə də köhnə tanışım kimi ailə tədbirinə qonaq çağırardım...
Bəli, bizim ünsiyyətimizin 30 ilə yaxın bir tarixi var. İlk dəfə onunla yaxından tanış olanda Cəmil 24-25 yaşlı qırmızıyanaq bir gənc idi. Oxuyub öyrənmək, görüb-götürmək həvəsində idi. O dövrdəki birgə fəaliyyətimizin təfərrüatına varmadan qeyd etmək istəyirəm ki, Cəmilin İTV-yə rəhbər gəldikdən sonra mənə qarşı olan, mülayim desəm, qeyri-obyektiv münasibəti (bu münasibətin hansı qaynaqdan qidalandığı haqda düşünmək belə istəmirəm, fakt budur ki, bu neqativ məni uzun illər boyu həm bir iş yoldaşı, həm də bir insan kimi yaxşı tanıyan şəxsin tərəfindən həyata keçirildi), mənim fəaliyyətimi müxtəlif üsullarla gözdən salmaq cəhdləri xatırlandıqca, C.Quliyevin adı ilə bağlı nə varsa, çoxdan xoş xatirələr düzümündən çıxıb, təəssüflər doğuran keçmişə çevrilib. Doğrudan da insanı tanımaq asan məsələ deyilmiş...
İTV-nin bugünkü acınacaqlı durumu ilə bağlı mətbuatdakı bu çıxışımı şəxsi müna¬sibətlər məcrasına yönəltmək istəyənlər tapılarsa, onlar əzəldən böyük səhvə yol vermiş olarlar. Bu, əsla belə deyil! Artıq qeyd etdiyim kimi, İTV 2005-ci ilin avqustunda sözün əsl mənasında ağ varaqdan, faktiki olaraq sıfırdan yaranıb, qısa müddət ərzində geniş tamaşaçı auditoriyası qazanaraq, qabaqcıl televiziya kanalına çevrilmişdi. Əlbəttə ki, bu, öz-özünə baş verməmişdi, bunun arxasında belə bir çətin, mürəkkəb prosesin əsasını qoyanların gərgin zəhməti, fədakar əməyi dururdu. Bu prosesdə kiçicik də olsa, mənim zəhmətim də var. Ona görə də bu teleşirkətin illərlə qazandığı, reytinqinin, hörmət və nüfuzunun sürətlə heçə enməsi, tamaşaçıların, xüsusilə "ictimaini" xarici ölkələrdən izləyənlərin bu kanaldan üz döndərməsi, bütün toplantılarda, bütün məclislərdə müxtəlif peşə sahibləri, xüsusilə, ziyalılar tərəfindən indiki İTV-nin ünvanına yönəldilmiş yenə də mülayim desəm, heç də pozitiv olmayan rəy və fikirlərə biganə qalmaq çətindir.
İlk növbədə onu qeyd edim ki, yeni rəhbərlik İTV-də qızğın fəaliyyətə başladığı dövrdə o illər televiziya və radioda hazırlayıb, təqdim etdiyim proqramlar bir yana, məşhur "Qərib axşamlar" verilişi artıq 3 ilə yaxın idi ki, efirə çıxırdı, bu verilişin artıq 160-adək buraxılışı tamaşaçılara və dinləyicilərə təqdim olunmuşdu (Veriliş paralel olaraq radio ilə də canlı translyasiya edilirdi). "Qərib axşamlar" haqqında, bu proqrama olan tamaşaçı və dinləyici marağı haqda ətraflı söz açmaq niyyətində deyiləm. Bu veriliş həm yerli, həm də xarici tamaşaçılara yaxşı tanışdır. 2010, 2011, 2012-ci illərin dövri mətbuatına ötəri nəzər salmaq kifayətdir ki, elmi, yaradıcı ziyalılarımızın öncül nümayəndələrinin bu proqramın ideya-estetik məzmunu, ictimai-siyasi əhəmiyyəti ilə bağlı, mənim müəlliflik və aparıcılıq fəaliyyətilə əlaqədar rəylərlə bir daha tanışlıq imkanı qazanılsın. Şairlərin "Qərib axşamlar"a həsr etdikləri çoxsaylı şeirlərin bir qismi də o dövrün mətbuatında oxuculara təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən verilişin elektron ünvanına gələn saysız-hesabsız minnətdarlıq məktublarından sitatlar gətirmək təvazökarlıqdan kənar olar. Bir sözlə, İTV-nin tarixində yeni, kədərli eranın başladığı dövrün əvvəllərindən "Qərib axşamlar" nəinki bu telekanalın yayım şəbəkəsində, ümumteleviziya məkanında tam oturuşmuş, illərin sınağından uğurla çıxmış bir proqram idi. Bu çətin, mürəkkəb, çoxkomponentli verilişin xeyli vaxt və enerji tələb edən hazırlıq prosesinin mexanizmi də dəqiq işlənib hazırlanmışdı. Bu proses bir neçə mərhələdən ibarətdir. Birincisi – efir zamanına 5 gün qalmış növbəti buraxılışın mövzusu, bu mövzu ilə bağlı fikir yürüdəcək dəvəti nəzərdə tutulan qonaqların, həmçinin musiqi xadimlərinin siyahısı tutulub, təsdiq edilməsi üçün rəhbərliyə təqdim olunur, 1-2 saat ərzində, ən uzağı bazar ertəsi gününün ikinci yarısı bu siyahı baş direktorun vizası ilə geri qayıdır. Deməli, verilişin hazırlıq prosesinə start vermək olar. Xüsusi olaraq qeyd edirəm ki, "Qərib axşamlar" verilişinin siyahısına heç vaxt, heç vədə təsadüfi adamların adı salınmadığından, bu siyahı əksər hallarda tam təsdiq olunur, bəzi məqamlarda isə cüzi dəyişikliklə geri qaytarılırdı. Dərhal sonra qonaqlar bir neçə gün əvvəldən dəvət alıb, xəbərdar edilirdilər ki, işlərini planlaşdıra bilsinlər, canlı efir günü başqa bir tədbir nəzərdə tutmasınlar. Şübhəsiz ki, qonaqlar, qabaqcıl elm və sənət adamları, diaspor hərəkatının tanınmış, fəal simaları mövzu ilə bağlı məlumatlandırılır, söhbətin əsas istiqamətindən xəbər tuturdular. Sonra dialoqların qurulması üçün mövzu əsasında suallar işlənilir, onların ardıcıllığı müəyyənləşdirilir, söhbətin gedişində meydana çıxa biləcək köməkçi mövzular təxmin edilir, onların müzakirə diapazonu dəqiqləşdirilir, bir sözlə ssenari üzərində yaradıcılıq işi başlayır və bu proses təşkilati məsələlərin həlli ilə paralel aparılır. Bu mərhələ iki, bəzən üç gün çəkir. Sonra ədəbi materiala, yəni ssenariyə aparıcılıq mövqeyindən yanaşılır, gələcək veriliş əvvəldən-axıra qədər, xırda detallarına qədər aparıcı təxəyyülündə dəfələrlə canlandırılır və hər cümə günü gecə yarısına yaxın canlı efir həyəcanı başlayır, bu həyəcan yerli vaxtla təxminən gecə saat 2-yə qədər, ümumavropa vaxtı ilə 23-ə qədər davam edir. Həftənin növbəti birinci günü bu proses əvvəldən axıra qədər yenidən başlayır. Cəmil Quliyevə münasibətdə etik normalara, subordinasiya qaydalarına ciddi surətdə əməl edib, ənənəyə uyğun olaraq həftənin əvvəlində verilişə dəvəti nəzərdə tutulan qonaqların, musiqi xadimlərinin siyahısını təsdiq üçün onun yardımçısına verdim. Qısa bir aradan sonra – "Cəmil müəllimin etirazı yoxdur, qonaqları dəvət edə bilərsiniz" sözləri ilə siyahı mənə qaytarıldı. Nahara qədər mövzu ilə əlaqədar internet vasitəsi ilə ilkin materialı əldə edəndən sonra, günün ikinci yarısı qonaqlara bir-bir zəng edərək, onlara mövzu haqda informasiya verib, cümə günü onları canlı efirə dəvət etdim. Qısa bir haşiyə çıxıb, qeyd etmək istərdim ki, gecə yarı başlamasına, gec bitməsinə baxmayaraq qonaqların hamısı, qadınlı-kişili dəvətimi böyük məmnuniyyətlə qarşılayıb, verilişdə həvəslə iştirak edirdilər.
İş gününün axırına az qalmış baş direktorun yardımçısı gözlənilmədən siyahını geri tələb edir, artıq ertəsi günü mənə qaytarır. Təəccüblə görürəm ki, C.Quliyev dünən səhər təsdiq etdiyi və mənim artıq dəvət göndərdiyim şəxsin adı siyahıdan çıxarılıb. İndi mən rəhbərin hələ dünən təsdiqlədiyi qonağın iştirakından imtina etməli, başqa adam axtarmalı, verilişin strukturuna təcili dəyişikliklər etməli, vaxta az qalır. Amma o hörmətli şəxsə ondan imtina etməyimin əsl səbəbini açıqlaya bilmirəm, deyə bilmirəm ki, bizim çox təcrübəli və çox hörmətli rəhbərimizin iş üslubu, idarəçilik metodu belədir. Utana-utana, dilim dolaşa-dolaşa yalan uydurmağa məcburam ki, həm respublikada, həm də xaricdə yaşayan həmvətənlərimiz arasında böyük hörməti olan bu dəyərli insanı, əsl ziyalını incik salmayım. Bir qədər sonra baş direktorun işə olan bu münasibəti xroniki hal alıb, bütün şirkətdə gərgin atmosfer yaradır, hamını çaş-baş salır. Almaniyanın politologiya institutlarından birində illərdir ki, uğurla çalışan, ildə bir neçə dəfə Dağlıq Qarabağ konflikti ilə bağlı, Almaniyanın qabaqcıl politoloqlarının, yerli media mənsublarının iştirakı ilə politoloji konfranslar təşkil edərək, konfliktin mahiyyətini, Azərbaycanın ədalətli mövqeyini açıqlayan, konfransın yekunları ilə əlaqədar yerli mətbuatda çıxışlar edib, erməni fitnəkarlığını ifşa edən həmvətənimiz, gənc və istedadlı politoloqun adı əvvəl təsdiq olunur, üstündən bir neçə gün keçəndən sonra, efir ərəfəsində siyahı geri alınır, baş direktor adı və imzası Avropada yaxşı tanınan, Dünya Azərbaycanlılarının bütün qurultaylarının iştirakçısı olan bu həmvətənimizin adının üstündən qalın bir xətt çəkir! Mən Bakıya 1-2 günlüyə qonaq gəlmiş bu hörmətli şəxsə yenidən telefon açıb, növbəti yalanlar uyduraraq, ona nəyisə izah etməyə cəhd göstərirəm. Avropanın mərkəzindən gəlmiş gənc, vətənpərvər insan mənim məyusluğumu duyub, özü mənə təskinlik verməyə başlayır. Sonra təəssüflə deyir: "Mən indi dünya şöhrətli "Siemens" şirkətinin əsasını qoymuş Fon Siemensin təxminən yüz il bundan əvvəl yazdığı "Qafqaz gündəliyi" kitabını almancadan ana dilimizə tərcümə etmişəm, kitabın Bakıda nəşr edilməsinə nail olmuşam. Bu insan, yəni cənab Fon Siemens hələ XX əsrin əvvəllərində erməni xislətinin nədən ibarət olduğunu dəqiq qiymətləndirə bilmiş, bizim xalqa məxsus yüksək keyfiyyətlərdən ürək dolusu yazmışdır. Tamaşaçılarımızın bu maraqlı faktları bilməsi yaxşı olardı..."
Onun dediklərini təsdiq edə-edə acı bir təəssüflə baş direktorun "orijinal" iş metodunun verilişi necə zəngin, maraqlı və aktual söhbətdən məhrum etdiyi haqda düşünür, əsəblərimi zorla cilovlayıram. Peşəkar jurnalistlər mənim vəziyyətimi yaxşı anlayar.
Yaxın Şərqdən gəlmiş vətənpərvər bir insan, fəal diasporçu, müxtəlif ölkələrdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə ingilis, rus dillərində çıxış edib, Azərbaycan həqiqətlərini təbliğ edən, erməni təxribatlarının qarşısını cəsarətlə alan, vaxtı ilə verilişimizdə çox uğurla iştirak etmiş bir xanımın da namizədliyi əvvəlcə təsdiq olunur, sonradan, efirə az qalmış adı siyahıdan çıxarılır. Təcili olaraq ssenariyə yeni məzmun vermək üzərində düşünməli oluram. Yeni rəhbərliyin şirkətdə baş verən hərc-mərcliyə, gərginliyə, intizamsızlığa rəvac verən bu cür fəaliyyətinə dair səciyyəvi misallar çoxdur, lap çox, hansını deyəsən? Uzun illər ABŞ-da Azərbaycan milli musiqisini uğurla təbliğ edən bir əcnəbi musiqi xadimi Bakının qonağıdır. Nyu-Yorkdakı Azərbaycan diaspor təşkilatları ilə sıx təmasda olan, bu qurumlarla əlbir çalışan bu qonagımız həm professional, həm də ictimai fəaliyyəti ilə bizim verilişin formatına tam uyğun gəlir. Onun əvvəlcədən təsdiq olunmuş namizədliyi bu dəfə artıq lap son məqamda, efirə bir neçə saat qalmış çıxdaş edilir. Canımı dişimə tutub ona telefon açıram, dəvətimi geri götürməli oluram. Səbəbini anlatmaq üçün yenə də dilimə yalanlar gətirməyə məcburam. Amma hiss edirəm ki, özünü günün başlanğıcından çox ciddi surətdə canlı efirə kökləmiş qonağımız mənə inanmır. Səhəri gün gözünə döndüyüm amerikalı qonaq bir musiqi xadiminin vasitəçiliyi ilə şirkətdən kənarda C.Quliyevlə görüşür, əvvəl dəvət alıb, sonra bu dəvətin ləğv olunmasının səbəbini şəxsən soruşur. Cənab baş direktor isə bu məsələdən tamamilə bixəbər olduğunu bildirir, günü sabah bu məsələni necə lazımdır araşdıracağına, cavabdehi məsuliyyətə cəlb edəcəyinə söz verir. C.Quliyevin bu "uğurlu" diplomatik gedişindən xəbər tutandan sonra belə verilişdə iştirakı sonradan qeyri-mümkün sayılan qonağın buradakı dostlarına, yaxınlarına bu işdə yalnız mənim günahımın olduğunu bildirdim, baş direktorun nüfuzunu qorudum, baş vermiş hadisəni ona heç xatırlatmadım da.
Almaniyadan gəlmiş başqa bir qonaq isə İTV-də daha "maraqlı" macəra yaşadı. Dəfələrlə "Qərib axşamlar" proqramına Almaniyadan telefon açan, verilişin ictimai əhəmiyyətini çox dürüst qiymətləndirən, Vətənin mənafeyi naminə qürbət diyarda həyata keçirdikləri ciddi tədbirlər haqqında məlumat verən səlist, məntiqli nitqə malik bu xanımı növbəti verilişə dəvət etməyi məqsədəuyğun bildim.
Bu dəfə sözügedən namizəd əzəldən baş direktorun qəzəbinə tuş gəldi, adı siyahıdan dərhal çıxarıldı. Olmaz!! Mən növbəti dəfə bunun günahını öz üzərimə götürüb, qonağa üzrxahlığımı bildirdim, yenə ssenariyə təcili dəyişikliklər gətirib, verilişi ərsəyə gətirməyə özümü məcbur etdim. İki gündən sonra iş otağımın qapısı döyüldü, rəhbərimizin iştirakına qətiyyətlə icazə vermədiyi xanım öz həyat yoldaşı ilə içəri daxil olub, məni səmimi salamladı. İTV-yə gələrkən mənimlə şəxsən görüşüb, salamlaşmağın vacib bildiyini vurğulayan xanım onu da qeyd etdi ki, yoldaşı ilə birlikdə "Açıq dərs" proqramında iştirak etmək üçün studiyaya gəliblər. Deməli, bir tərəfdən "Qərib axşamlar"ın qapısını onların üzünə bağlayanlar, digər tərəfdən "Açıq dərs"in girişini onlar üçün taybatay açıblar. Doğrusu çaş-baş qalmışdım, çünki uzun illərin təcrübəsində hələ belə bir fokusa rast gəlməmişdim. İmkan tapan kimi hörmətli baş direktor haqlı etirazımı bildirdim. O üstüörtülü olsa da Almaniyadan gəlmiş fəal diasporçunun iştirakının guya Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məsləhət görülmədiyinə işarə etdi. Mən çox yaxşı bilirdim ki, bu həmvətənimizi diaspor hərəkatının qabaqcıl, fəal bir nümayəndəsi kimi Dövlət Komitəsi təşkil etdiyi çox əhəmiyyətli beynəlxalq tədbirdə iştirak etmək üçün şəxsən Bakıya dəvət edib. Diaspor təşkilatlarımızın inkişafında müstəsna əhəmiyyətə malik bu tədbir öz işini uğurla başa vurub, tədbirin iştirakçısının Dünya Azərbaycanlılarının maraqla izlədiyi bu verilişdə iştirakı yerinə düşər. Odur ki, Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən beynəlxalq tədbirə dəvət almış bir şəxsin televiziyada çıxışının Komitənin öz “təşəbbüsü ilə” ləğv edilməsi ağlabatan deyil. Yeri gəlmişkən "Qərib axşamlar"ın efirdə olduğu illər İTV ilə sözügedən komitə arasında heç bir anlaşılmazlıq olmayıb, bu təşkilat həmişə əlindən gələn yardımı məndən əsirgəməyib, verilişin əhəmiyyətini vaxtında dəyərləndirib. Fürsətdən istifadə edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, komitənin bütün kollektivinə bir daha öz dərin minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm.
Baş direktordan almaniyalı qonağın "Açıq dərs"də iştirakının səbəbini soruşdum, cavab olaraq cənab baş direktordan bu sözləri eşitdim: "Mənim bundan heç bir xəbərim yoxdur!" Şərhə ehtiyac varmı?!
Təəssüf ki, müşahidə olunan bu hərc-mərclik, bu intizamsızlıq günü-gündən daha geniş miqyas alır, bütün strukturlara sirayət edirdi. Bu da işin son nəticəsinə, yəni efirə gedən televiziya məhsullarına özünün mənfi təsirini göstərirdi. Baş direktorun biri-birinin ardınca vəzifəyə təyin olunan çoxsaylı müavinləri arasında isə real hakimiyyət, yaxud bu hakimiyyətin konkret bir sahəsinə yiyələnib ona sahib çıxmaq uğrunda mübarizə günü-gündən daha da qızışır, şirkətdə əvvəllər heç vaxt müşahidə olunmayan qruplaşmalar yaranırdı. Bu çarpışmanın özəyində reytinq uğrunda, yeni, orijinal, baxımlı telelayihələr gerçəkləşdirib tamaşaçı rəğbəti qazanmaq uğrundakı sağlam rəqabət deyil, yalnız ayrı-ayrı fərdlərin ancaq və ancaq şəxsi maraqları, şəxsi iddiaları dururdu. İndi də belədir. Bu neqativ hal isə, artıq qeyd etdiyim kimi, işin nəticəsinə, efirə çıxan proqramların keyfiyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi. Bu hal artıq tamaşaçıları da narahat etməyə başlamışdı. İctimaiyyət arasında İTV-nin birdən-birə aşağılanmış reytinq ilə bağlı gəzən xoşagəlməz söz-söhbətin əsası var idi.
Belə gərgin atmosferdə qüvvələri birtəhər səfərbər edərək "Qərib axşamlar" proqramının 3 illiyinə həsr olunmuş geniş formatlı verilişi hazırlayıb efirə ötürə bildim. Gecə yarıya az qalmış start götürən bu xüsusi buraxılış səhər saat 3-də başa çatdı. Müxtəlif xarici ölkələrdən xeyli telefon zəngləri qəbul etdik, həmvətənlərimizin yaxın-uzaq qürbət diyarlardan gələn səsləri dalğa-dalğa yurdumuzun efir məkanına, oradan da bütün dünyaya yayıldı. Qürbətdən vətənə telefon açanların hamısı bizi ürəkdən təbrik edir, "Qərib axşamlar"ı bütün dünya azərbaycanlılarının xoş görüş yeri adlandırır, onun hamı üçün, ilk növbətə, əlbəttə ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları üçün əhəmiyyətli bir layihə olduğunu vurğulayır, verilişə hər dəfə olduğu kimi uzun ömür arzulayırdılar. Mən o günlər hələ bilmirdim ki, "Qərib axşamlar"ın belə geniş auditoriya qazanması, bütün əngəllərə baxmayaraq onun populyarlığının artması tək-tük naqis insanları qıcıqlandırır, hətta onların qanını əməlli-başlı qaraldırmış! Hələ bilmirdim ki, əsl sürprizlər məni yay tətilindən sonra gözləyir, bilmirdim ki, indi çəkdiyim əziyyətlər, səhhətimə öz mənfi təsirini göstərən canlı efir qabağı keçirdiyim stresslər gələcək "sürprizlərlə" müqayisədə mənə bir əyləncə kimi görünəcək...
Uzun illərdir ki, bir çoxları kimi şəkərli diabet xəstəliyinə düçar olmuşam. Son dövrlərə qədər dərman preparatları vasitəsi ilə qanda şəkərin miqdarını tam normada olmasa da, ona yaxın durumda saxlaya bilirdim. Yay fəslində istilik artdıqca, şəkərin normasını tənzimləmək daha çətin olurdu. İTV-də çalışdığım son yay məlum səbəblərə görə şəkərin miqdarı gözlənilmədən 240-250 vahid səviyyəsinə qalxdı. Əvvəllər heç vaxt belə vəziyyətə düşməmişdim (Xatırladım ki, normal sayılan göstərici 125-dir). Həkim dərmanın dozasını artırmağı məsləhət görür, ən başlıcası, əsəbiləşməməyi, gərginlikdən qaçmağı tövsiyə edirdi. Həkim haradan biləydi ki, milyonların maraqla izlədiyi bir verilişin canlı efiri ərəfəsində kimlərinsə ucbatından son vaxtlar nələr çəkməli oluram.
Bunları ona görə qeyd edirəm ki, hər yay mövsümünün sonu həkim nəzarəti altında müəyyən müalicə, reabilitasiya kursu keçir, istirahətdən sonra yeni qüvvə ilə yeni televiziya mövsümündə çalışmağa başlayırdım. O yay məzuniyyətlə də bağlı problemlər yaşandı, nə müalicə olundum, nə də səmərəli istirahət edə bildim. Çünki məzuniyyət haqqı 18 gün, yəni tətil müddətinin yarısından çoxu arxada qalandan sonra şəxsi hesaba daxil oldu, bu hələ azmış, o il aldığım məzuniyyət pulu həmişəkindən nəzərə çarpacaq dərəcədə az idi. Bunu ağardıb, daha bir problemə çevirməyi lazım bilmədim. Vaxt tamam olan kimi xoş ümidlərlə iş başına qayıtdım. Qayıdan kimi buraxılış şöbəsindən mənə xəbər verdilər ki, hələ veriliş üzərində işə başlamayım, müəyyən format dəyişiklikləri gözlənilir: "Hansı dəyişikliklər?" sualına "bilmirik, baş direktordan soruşun" cavabını aldım. Axı efir şəbəkəsinə çoxdan oturuşmuş bir verilişin hansı format dəyişikliklərinə ehtiyacı ola bilər?
Düşünürdüm ki, yəqin yaxın zamanda baş direktor özü mənə məlumat verib, işi yönəldəcək. Amma vaxt ötür ondan bir xəbər gəlmirdi. Məni narahat edən suallara yenə də "baş direktordan soruşun, biz bilmirik" cavabını alırdım, bu da mənə açığı, qəribə gəlirdi. Bu elə bir dövr idi ki, İTV-də illərlə çalışan təcrübəli kadrlar biri-birinin ardınca "öz xahişləri" ilə ərizə yazıb oranı tərk edirdilər. Dəfələrlə C.Quliyevin qəbuluna düşməyə cəhd göstərdim, bir nəticəsi olmadı. İstehsalat müşavirələri, yaxud cari iclaslar da keçirilmirdi ki, orada fürsətdən istifadə edib, səni narahat edən suallarla rəhbərliyə müraciət edəsən. Normal televiziya şirkətində il uzunu, hər bazar ertəsi ötən efir həftəsinin nəticələri ilə bağlı geniş iclas keçirilir, növbətçilərin rəyləri dinlənilir, uğurlar qeyd olunur, qüsurlar aşkarlanır. İclasda iştirak edənlərin hamısına söz demək, həmçinin rəhbərliyə müraciət etmək imkanı yaradılır. Bundan sonra daha baş direktorun qəbuluna düşməyə ehtiyac qalmır.
Təcrübəli televiziya işçiləri öz aralarında "letuşka" adlandırdıqları bu təbirin yaradıcılıq-istehsalat prosesinin tənzimlənməsində, kollektiv intizamın lazımi səviyyədə saxlanılmasında böyük rol oynadığını yaxşı bilirlər. Cəmil Quliyevin rəhbərliyə gələndən sonra bu vacib tədbirə son qoyuldu (Müzakirəyə nəyi, hansı məhsulu çıxarasan, görüb-götürməli nə var ki?!). Amma onunla işləmək şərəfinə nail olduğum 10 ay müddətində iki dəfə kollektivi bir araya toplayıb, onun qarşısında monoloqlarla çıxış etdi. Gərək bu fikrə düşməyəydi. Sokrat deyirdi ki, danış görüm kimsən?
Bizim natiq danışmağa başlayandan dərhal sonra hamıya məlum oldu ki, o konkret nədən bəhs edəcəyini bilmir, nitqini nə ilə başlayıb nə ilə bitirəcəyi haqda dəqiq təsəvvürü yoxdur. Odur ki, bir qədər ordan-burdan danışandan sonra keçdi öz şəxsi personasına – "mən ziyalı adamam, hamıya siz deyə müraciət edirəm". Məlumdur ki, hər hansı bir insanın ziyalı olub-olmaması haqda təsəvvür onun özü haqda gəldiyi rəy əsasında deyil, şəxsi məziyyətləri, gördüyü işlər əsasında yaranır.
Bu adam "alicənabcasına" hamıya "siz" deyə müraciət etsə də!
Daha sonra gözlənilmədən vaxtı ilə dərs dediyi keçmiş tələbəsi Aqil adlı rejissoru "məşhər ayağına" çəkdi, onun "Ozan məclisi" verilişinin rejissorluq baxımından bərbad vəziyyətdə olduğunu vurğuladı. Bu verilişin bir il bundan əvvəl lentə alındığını və artıq dördüncü dəfə efirə getdiyini bilən C.Quliyevin qəzəbi soyumadı, üzünü tələbəsinə tutub – "vaxtında mən sənə çox kömək etmişəm”- deyərək, əsl ziyalı kimi bunu hamı qarşısında övladı yaşında olan gəncə xatırlatmağı lazım bildi. Sonra yenə də gözlənilmədən hiddətinin ünvanını dəyişdi – "eşitmişəm filan xanım (adını çəkir) məni şişman adlandırıb. Yaxşı eləməyib, axı hamımızı allah yaradıb, mən də belə yaranmışam da..." Sonradan bu iclaslara xitam verildi, görünür C.Quliyevin kiminsə məsləhətini qəbul etməli oldu. Mən isə o günlər hörmətli baş direktorun yeni, "maraqlı" monoloqlarını bir də eşitməyə hazırdım, təki ona müraciət etmək imkanı əldə edim, kollektivin qarşısında ona deyim ki, əgər verilişi bağlamaq fikriniz varsa, bunu tez edin, heç kimi intizarda saxlamayın! Tez-tez gözüm önünə başqa bir səhnə də gəlirdi.
Hələ yay tətilinə çıxmamışdan əvvəl baş tutan təkəm-seyrək görüşlərimizdə C.Quliyev məni dinləyərkən gözlərini çox qəribə bir tərzdə bərəldir, ordlarını şişirdir, sifətinə bacardığı qədər sərt, hətta qorxunc ifadə verməyə cəhd göstərirdi. Sanki bununla demək istəyirdi ki, mənim haqqımda gəzən şayiələr yalandır, mən mərdəm, mənim zəngin idarəçilik təcrübəm var, mən əsl televizionçuyam, çox çəkməz ki, mənim yeni telelayihələrim hamını heyran qoyacaq...
Bu anlar o özünü kənardan görmür və anlamırdı ki, simasına vermək istədiyi bədheybətlik onu daha da gülünc vəziyyətə salır! (Kimin qabağında oynayırsan, a zalım oğlu?!)
Dəfələrlə onun qəbuluna düşmək cəhdlərim boşa çıxdıqdan sonra, çarəsiz qalıb baş direktora işlə bağlı narahatçılığımı əks etdirən yazılı müraciət etməli oldum. Müraciətdə səmimi şəkildə bildirdim ki, əgər mənim işimdən narazılıq varsa, səssiz-küysüz geri çəkilməyə hazıram, təki şirkətin işləri uğurlu olsun! Səhhətimlə bağlı problemi, həmçinin pensiya yaşına çatmağıma çox qısa müddət qaldığını xatırlatmağı da unutmadım.
Nəhayət, qəbul baş tutdu və necə deyərlər, xoruzun quyruğu göründü. Kabinetə daxil olub gördüm ki, baş direktorun ətrafında onunla birlikdə İTV-yə axışmış bir neçə "məsul" şəxslər də var. C.Quliyev sifətinə bacardığı qədər ciddi ifadə verəndən sonra mənə müraciətlə – "Biz (!) belə qərara gəlmişik ki, bundan sonra "Qərib axşamlar" canlı efirdən çıxarılsın, videoya yazılıb, efirə ötürülsün, radio efirindən də çıxarılsın, onun anonsu dayandırılsın, verilişin efir vaxtı dəyişdirilsin, həcmi də azaldılsın!" Yenə də yan-yörəsindəki sənətkarlara işarə edərək bir daha vurğuladı ki, "bu, bizim (!) qərarımızdır". Deməli, bu "tarixi" qərar ilə populyar veriliş reytinqini aşağılamaq üçün ona bir neçə mövqedən tutarlı zərbələr endirmək fikrinə düşüblər. Bu sənətkarlara xatırlatdım ki, "Qərib axşamlar" canlı efir üçün nəzərdə tutulub, onu maraqlı, baxımlı edən xarici ölkələrdən studiyaya daxil olan telefon zəngləridir, qürbətdəki həmvətənlərimizin ürək sözləridir, proqramı canlı efirdən çıxarmaqdansa, onu tam dayandırmaq daha məqsədəuyğundur! Gətirdiyim bu və digər tutarlı arqumentlərə baxmayaraq, baş direktor heyrətamiz bir prinsipiallıqla – "canlı efirdə ağzına gələni deyənlər olar, bu telefon bağlantıları, dəqiq sitat gətirirəm, "millətlər arasında müharibənin başlanmasına səbəb ola bilər!" – deyə, fikrini tamamladı. Bunu eşidəndən sonra mənə tam aydın oldu ki, cənab baş direktor adekvat deyil! Onunla dialoqu davam etdirmək fikrindən daşındım. Təkrar edirəm, "Qərib axşamlar" illərin sınağından uğurla çıxmış bir proqramdır. Efirdə olduğu müddətdə nadir zamanlarda baş verən xırda texniki naqislikləri istisna etsək, heç vaxt, heç bir fövqəladə hal yaşanmayıb. Canlı telefon bağlantıları da verilişə xoş ovqatdan başqa heç nə gətirməyib. Amma cənab baş direktor və onun istinad etdiyi sənətkarlar əmindirlər ki, bu illər ərzində mənim tanımadığım bədxah bir təxribatçı dişlərini qıcıyaraq səbrlə C.Quliyevin İTV-yə rəhbər gəlməsini gözləyirmiş ki, "millətlərarası müharibəyə" start versin...
Yaxşı, bəs indi nə etməli, pensiya yaşımın çatmasına az müddət qalmış hər şeyin üstündən qalın bir xətt çəkərək qapını çırpmaq, yoxsa səbrlə pensiya vaxtını gözləmək? Get-gedə mənə olan təzyiq daha da artmağa başladı. Cümə axşamı səhər saat 11-də videoyazısı olacaq verilişə dəvəti nəzərdə tutulmuş qonaqların siyahısını ənənəyə sadiq qalaraq C.Quliyevin yardımçısı vasitəsi ilə ona ötürdüm. Az sonra siyahını mənə qaytaran yardımçı buyurdu ki, C.Quliyevin heç bir etirazı yoxdur, siyahını təsdiqləyir, amma onu filan müavininə də göstərib, bu şəxsin razılığını almağı tələb edir. Bəli, sürprizlər davam edir, sən demə baş direktorun təsdiq etdiyi sənədi sonra onun müavininin müzakirəsinə vermək lazım imiş!
Televiziya gecə-gündüz aramsız davam edən yaradıcılıq və istehsalat prosesidir. Bu prosesə bir nəfər rəhbərlik etməlidir! Əks halda günü-gündən daha geniş vüsət alan hərc-mərclik, özbaşınalıq indi hamının müşahidə etdiyi nəticələrə gətirib çıxaracaq, televiziya kanalı xaosa yuvarlanacaq.
Müasir dövrdə hər hansı televiziya kanalının baş direktoru, həm də onun baş prodüseri olmalı, yaradıcı departamentləri onun ideya-estetik konsepsiyasını gerçəkləşdirməli, orijinal, başqa kanalları təqlid etməyən telelayihələrə ekran həyatı verməlidir. Baş direktorun konseptual proqramı rəhbərlik etdiyi təşkilatın ümumi televiziya məkanındakı mövqeyini, onun rəqabətədavamlı özünəməxsusluğunu, fərdi simasını müəyyənləşdirən efir strategiyasının ifadəçisi olmalıdır. Bu gün İctimai Televiziyanın tam iflasa uğrayıb tamaşaçı auditoriyasını itirməyinin ikinci ciddi səbəbi onun baş direktorunun yaradıcı konsepsiyaya, müdrik efir strategiyasına malik olmamasıdır. Bunun üçün ilk növbədə rəhbər şəxsin özünün fərdi siması, fəal vətəndaşlıq mövqeyi olmalıdır. C.Quliyev də, onunla birlikdə oraya axışanlar da televiziya kimi ciddi bir quruma əliboş gəliblər. Təsadüfi deyil ki, ötən müddət ərzində tamaşaçılar az-çox diqqəti cəlb edə biləcək yeni televiziya layihələrini müşahidə edə bilmədilər. Bunun əvəzində yeni heyət İTV-nin köhnədənqalma, ciddi format dəyişiklikləri ərəfəsində olan proqramlarını olduğu kimi götürüb, onların əsl müəllifləri və redaktorlarının adlarını titrlərdən çıxardaraq, öz adlarını ora həkk etdilər, başqa sözlə, özgəsinin yaradıcılıq məhsullarını ata malı kimi mənimsəyib, işlərini bitmiş hesab etdilər.
C.Quliyev və onun ətrafındakıların iqtidarı yalnız əsasən həyatdan getmiş kino, teatr, ədəbiyyat xadimləri haqda standart portret proqramlar çəkməyə çatır. ( eyni ilə 30-40 il bundan öncə AzTV-dəki "Aktyorlar və rollar", "Ədəbi portretlər" verilişlərində olduğu kimi.) Bu televiziya xadimləri bilmır ki, mədəni irsimizin təbliğatı dövrün tələblərinə uyğun şəkildə qurulmalıdır, çünki çağdaş televiziya prosesinin aktual təmayüllərindən də bixəbərdirlər. Təəccüblü deyil ki, indi xəbərlərin təqdimatından tutmuş, başıbəlalı konsert proqramlarına qədər İTV-də efirə gedən nə varsa, hamısı AzTV-nin ötən əsrin ortasındakı verilişlərinin zəif kölgəsinə bənzəyir! Qısa zamanda öncül televiziya kanalını AzTV-nin sönük filialına çevirməklə onu tamaşaçı auditoriyasından, dünya azərbaycanlılarının rəğbətindən, Azərbaycanı sevən, onun tarixi, mədəniyyəti ilə maraqlananların diqqətindən məhrum etdilər. Bundan kimlər qabaq düşdü, kimlər uddu, demək çətindir, amma uduzan ictimaiyyətimiz oldu, bunu hamı birmənalı şəkildə təsdiq edir!
Qısa müddətdən sonra baş direktorun daha bir müavini daha bir "qabaqcıl", "təcrübəli" televiziya xadimi Şaiq Məmmədovun (yəqin ki, tanıyırsınız) səyləri ilə müəllifi olduğum verilişə qonaq dəvət etmək hüququndan tamamilə məhrum edildim. 2013-cü ilin soyuq, qarlı-şaxtalı dekabr axşamı idi. Verilişin videoyazılışı günü ərəfəsində, mən, verilişin müəllifi və aparıcısı hər şeydən bixəbər idim. Sabah səhər verilişdə iştirak edəcək qonaqlardan soraq gözləyə-gözləyə, verilişin mövzusu barədə heç bir informasiya almadan axşam saat səkkizdən sonra məyus-məyus evə getməli oldum. Səhər saat 11-də çəkiliş olmalıdır, studiyaya kimlər gələcək, onlarla hansı mövzuda söhbət edəcəyəm, nə deyəcəyəm, nə eşidəcəyəm! İndi ümidimi telefona bağlayıb zəng gözləyirəm. Saat 9 oldu, sakitlikdir, heç bir xəbər yoxdur. Saat 10 olandan sonra belə düşündüm ki, yəqin verilişin bu buraxılışı təxirə salınır. Gecə 11-ə 20 dəqiqə qalmış proqrama yeni rəhbərlik tərəfindən təzəcə təyin olunmuş koordinator xanım evimə telefon açıb, sabah çəkilişə gələcək qonaqların siyahısını mənə oxudu. Artıq qeyd olunduğu kimi heç vaxt "Qərib axşamlar" verilişinə təsadüfi adamlar dəvət edilməyib, verilişin qonaqları şəxsi keyfiyyətləri, elmi, yaxud yaradıcı fəaliyyəti ilə çoxlarına örnək ola biləcək layiqli, hörmətli, ictimai statusa malik insanlar olub.
Heyrətlə öyrəndim ki, mənim hələ keçən həftə təklif etdiyim siyahıdakı millət vəkili olan akademik, bir şərqşünas alim, professor, bir əməkdar rəssam, bir xalq artisti əvəzinə adlarının çəkilməyinə belə layiq olmayan iki ara şairi, bir toyxana xanəndəsi var. Həmkarlarım bilir ki, hələ məktəbli yaşından televiziya il əməkdaşlığa cəlb olunmuşam. Bu əməkdaşlıq gənclik illərinə qədər ardıcıl davam edib. Professional televiziya işçisi kimi isə Rusiya televiziyasında formalaşmışam. Başqa sözlə teleməkana dünən gəlməmişəm. Amma ömrümdə bircə dəfə idi ki, bu cür intizamsızlıq, belə məsuliyyətsizlik, bihəyalıq və hörmətsizliklə qarşılaşırdım. Demək illər uzunu gərgin zəhmətim, yuxusuz gecələrim bahasına qazandığım az-çox hörməti cılız şəxsi maraqları naminə mənim öz əlimlə heç etmək niyyətində olanlar var! "Qərib axşamlar" kimi ciddi və nüfuzlu verilişi də o biri proqramlar kimi palatka toyuna çevirmək arzusunda olanlar var! Bir yandan diabetik böhran, bir yandan soyuqdəymə və bunların hər ikisinə səbəb olan zorla cəlb edildiyim stress vəziyyətləri...
Səhərin açılmasını gözləməyə səbrim çatmırdı. Səhər alaqaranlıqdan tez, tələsik istefa ərizəsi yazıb, nasaz olmağıma baxmayaraq o qarlı, şaxtalı havada İTV-yə getdim, ərizəmi qəbul otağına ötürdüm. Bildirdim ki, pensiya dövrünə qısa müddət qalmış bu ərizəyə rəhbərlik tərəfindən imza atılarsa, mənim 40 illik iş stajım heç ola bilər. Amma ürəyimin dərinliyində ümid edirdim ki, C.Quliyev ərizə ilə tanış olan kimi ortada nəsə ciddi bir problem olduğunu duyacaq, 30 ilə yaxın bir müddət ərzində yaxşı tanıdığı bir şəxsin istefa ərizəsinə dərhal qol çəkməzdən əvvəl yaranmış müşkülün nədən ibarət olduğunu ayırd etməyə heç olmasa cəhd göstərəcək! Sən demə hər şeyi öz ürəyimlə ölçdüyümə görə sadəlbvhcəsinə xam xəyala düşmüşəm. Tezliklə mənə xəbər gəldi ki, cənab C.Quliyev və fürsəti çoxdan axtarırdı, onu baş direktora sən özün hədiyyə etdin!
Soyuqdəymədəndimi, son vaxtlar keçirdiyim davamlı stresslərin nəticəsiydimi, bilmirəm, boğazım tutulmuşdu, səsim güclə gəlirdi, üstəlik sifətim də uçuqlamışdı. Belə gərgin vəziyyətdə bir sıra cəhdlərdən sonra həmən ərizəni geri götürüb, iki ay sonrakı tarixlə, (yəni pensiya yaşımın çatdığı dövrə uyğun) yeni bir ərizə yazmalı oldum. Amma bundan əvvəl baş direktorun daha bir qabaqcıl müavini, daha bir "görkəmli televiziya xadimi" Əli Abbas Quliyevin qəbuluna düşmək şərəfinə nail oldum. Mən onu nəinki qətiyyən tanımırdım, onunla heç bircə dəfə üz-üzə gəlməmişdim. Bu da təbii idi. Xəbər tutdum ki, Ə.Quliyev uzun illər AzTV-nin mühasibatında çalışıb, hesabdarlıq sənətinin incəliklərinə səylə yiyələnib, odur ki, haqq-hesabı yaxşı bilir (Deyilənlərə görə, oralarda, yəni AzTV-də bir müddət bir ayrı "maraqlı" sahədə də çalışıb). İndi boş vaxtım çox olduğundan dəvətləri qəbul edib, müxtəlif tədbirlərə rahat qatıla bilirəm. Ara-sıra Ə.Quliyevin keçmiş iş yoldaşları ilə görüşürəm və hər dəfə əmin oluram ki, Ələbbas orada çalışdığı illər ərzində böyük "hörmət" və "izzət" sahibi olub, ona yaxşı bələd olanlar həmişə bu şəxsin adını necə də "böyük ehtiramla" çəkirlər. Amma Ələbbasın yaşının bu çağında qəfil aşkarlandığı daha bir "qabiliyyət", daha bir istedad var ki, onu kəşf edib dəyərləndirmək şərəfinə İctimai Televiziyanın kollektivi (az sonra bütün respublika ictimaiyəti) nail oldu. Bu da keçmiş hesabdarın musiqi sənətinə olan hədsiz-hüdudsuz məhəbbəti, xanəndələri, instrumental ifaçıları, müğənniləri, aşıqları "atalıq qayğısı" ilə himayəyə götürməsidir. Əslində, burda da təəccüblü bir şey yoxdur. Mən ömrüm boyu pul saya-saya şirin-şirin zümzümə edən kassirlərə, hesabdarlara az rast gəlməmişəm. İş burasındadır ki, vaxtı çatanda onların əksəriyyətinin səsi ya tamam kəsilib, yaxud ara-sıra eşidilsə də çox uzaqlardan gəlib. Amma Ə.Quliyevin musiqiyə olan qızğın marağının öz spesifik xüsusiyyətləri var. O, baş direktor müavini kreslosuna yiyələnəndən sonra, gündüz çıraqla gəzsən belə aşkara çıxmağı çox müşkül olan, mülayim desəm, ekzotik "musiqi xadimlərini" haralardansa üzə çıxarıb İTV-nin qapılarını onların üzünə taybatay açdı. Bu qəbilədən olan "nadir sənətkarlar" müxtəlif verilişlərə çəkilərkən Ə.Quliyev özü rejissor pultu arxasına gəlir, vəziyyətə şəxsən nəzarət edirdi ki, bu da özü-özlüündə bir tamaşa idi. Belələrindən bir neçəsini son dövrlər "Qərib axşamlar"a da göndərmişdi. Onlardan biri, əvvəllər heç bir telekanalda bircə dəfə də olsun görünməyən Fərman adlı "sənətçi" çəkiliş zamanı nə oxudusa, xaric oxudu, bu öz yerində, o başıbəlalı xanəndə vaxtı-vaxtında vokal partiyası ilə mahnının ümumi kompozisiyasına daxil ola bilmir, ya tələsir, ya da gecikirdi. Başqa sözlə, musiqi həvəskarı Ələbbasın "incə zövqü" ilə seçilib dünya azərbaycanlılarının qarşısında çıxış etməyə layiq görülmüş bu sənətkarın elementar musiqi duyumu yox idi. Bir mahının təkrar-təkrar lentə almaq məcburiyyəti qarşısında qalan yaradıcı qrup şok içində idi, hələ qonaqları demirəm.
Növbəti verilişə iki xanəndə birdən təşrif buyurmuşdu. Birini Ələbbas, digərini isə başqa bir müavin göndərmişdi. Hər iki sənətkar studiyadakı yerləri tutmaq uğrunda mübahisəyə başladılar. Obyektivlik naminə qeyd olunmalıdır ki, toyxanalarda belə bu cür vəziyyətlərə çox nadir hallarda rast gəlmək olar. Nə isə, belə misallar çoxdur! Maraqlı burasıdır ki, Ə.Quliyevin səyləri ilə efirə çıxan ara müğənniləri, instrumental ifaçılar və digər sənətkarlar elə studiyadan çıxan kimi Əlabbasın onların sənəti qarşısında qoyduğu "yüksək tələbkarlıqdan" hamıya gen-bol məlumat verirdilər. Çox çəkmirdi ki, bu informasiya bütün cəmiyyət arasında geniş yayılırdı!
Mənimlə "ciddi" söhbətə başlamazdan öncə Ələbbas özünün təsəvvürlərinə görə qarşımda çox "qorxulu" perspektivi açıqlamağı lazım bildi:
- Verilişi bağlayacağam! Onu efirdən tamam çıxaracağam!! Bir aydan sonra bu verilişi xatırlayan olmayacaq!!!
Sanki bu verilişin tamaşaçı hafizəsindən silinməsi "görkəmli televiziya xadiminin" yaralı ürəyinə bir təskinlik gətirəcək, ona məlhəm olacaqdı.
- Mən nəticə çıxarmağı bacaran adamam – deyə baş direktorun müavini müdrik kəlamlarını davam etdirir,- belə qərara gəlmişəm ki, sən bizim üçün problemlər yaradırsan! Odur ki, bizimki tutmayacaq!!!
Eşitdiyimin müqabilində mən bu müavinə bir faktı xatırladıb, ondan da nəticə çıxarmağı təklif etdim:
- Sənin bura gəlib, bu stol arxasına keçməyin bir-iki gündür. Mən isə 9 ilə yaxındır ki, gecəmi gündüzümə qatıb bu teleşirkətdə külüng vururam. Fəaliyyətimin nəticələri göz qabağındadır. Bu nəticələri həm tamaşaçı, dinləyici auditoriyası, həm həmkarlarım, həm də dövrü mətbuatda çıxan məqalələrdə ziyalılarımızın nümayəndələri müsbət qiymətləndiriblər. Mənim iş yoldaşlarımın, xüsusilə departament direktorlarının bir çoxu töhmət, hətta şiddətli töhmətlərlə cəzalandırıldıqları halda, mən rəhbərlik tərəfindən həmişə minnətdarlıq və təşəkkürlərə layiq görülmüşəm! Başqa sözlə, 9 il ərzində heç kimə heç bir problem yaratmamışam, radioda da, televiziyada da öz işimin öhdəsindən yaxşı gəlmişəm. O zaman sizlər bura ayaq açdığınız bir-iki gün ərzində hansısa problemlərdən danışmağınız qəribə deyilmi? Bəlkə mən yox, siz mənim üçün problemlər yaradırsınız?
Bunu eşidən məntiqi düşüncə tərzinə malik "təcrübəli televiziya xadimi" Əli Abbas Quliyev dərhal belə bir sual verdi:
- Sən keçmiş baş direktorun qohumu deyilsən?!
Bax, budur "analitik" təfəkkürün miqyası! Zənnimcə əlavə şərhə ehtiyac yoxdur!
Əlabbas Quliyevin mənim qarşımda səylə təsvir etmək istədiyi "qorxunc" perspektiv baş tutmadı. Verilişi bağlamaq arzusunda olanlar iki aylıq fasilədən sonra mənim işləyib tapdığım formatı olduğu kimi saxlayaraq, verilişin adını dəyişib, onu yenidən efirə ötürməyə başladılar. ("Vətənin səsi" adlanan bu proqram haqqındakı tamaşaçı rəyini gələn yazılarımda açıqlayacağam). Verilişin və mənim özümün unudulmağım ilə bağlı qətiyyətli mülahizələr irəli sürən Əli Abbas Quliyev və onun yan-yörəsi burada da düzgün balans çıxara bilmədilər!
Mənim İTV-ni tərk etdiyim haqqında xəbər mətbuatda açıqlanandan sonra, şəxsi internet ünvanıma, həmçinin tamaşaçılara yaxşı tanış olan "Qərib axşamlar" proqramının feysbukdakı elektron ünvanına Amerikadan tutmuş Avropaya qədər, Rusiyadan, Ukraynadan tutmuş Asiya ölkələrinə qədər müxtəlif məkanlardan onlarla həmrəylik məktubları daxil oldu, hələ telefon zənglərini demirəm! Dünya Azərbaycanlıları televiziya fəaliyyətimə görə mənə bir daha təşəkkürünü çatdırır, "Qərib axşamlar"ın efirdən getdiyinə dərin təəssüflərini bildirir, İctimai Televiziyanın yaxşı vaxtlarını həsrətlə xatırlayır, ən başlıcası isə xarici ölkələrdə yaşayan həmvətənlərimiz İTV-nin bugünkü durumunu çox dürüst qiymətləndirirdilər. Azərbaycan diaspor təşkilatlarının avanqard dəstələrindən biri, Danimarkada yaşayan həmvətənlərimizi azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirib, səfərbər edən, baş ofisi Kopenhagendə yerləşən "Vətən" cəmiyyəti bütövlüklə "Qərib axşamlar"a, onun müəllifi və aparıcısına olan səbəbsiz, yersiz, qeyri-obyektiv münasibətə etiraz olaraq, İctimai Televiziyanı daha izləməyəcəkləri haqda rəsmi bəyanat verdi. Bu bəyanatı "Vətən" cəmiyyətinin internet səhifəsində hamının adında onun sədri, fəal diasporçu, Dünya Azərbaycanlılarının hər üç qurultayının nümayəndəsi Səfər Sadiqi ifadə etdi.
Bax belə! Xatırladım ki, bütün televiziya kanalları tamaşaçı auditoriyası qazanmaq uğrunda mübarizə aparır, İctimai Televiziyadan başqa!
Beləliklə, Cəmil Quliyev və onun kompaniyasının İTV-yə gəlməsindən bir il yarıma qədər vaxt ötür. Öz sözünü demək, özünü yeni bir qüvvə kimi özünü təsdiq etmək, reytinqlə yanaşı tamaşaçı rəğbəti qazanmaq üçün kifayət qədər yetərli zamandır! Daha nələri isə yerli-yersiz bəhanə gətirib, öz səmərəsiz, qeyri-produktiv fəaliyyətini doğrultmaq cəhdləri keçməyəcək!
Artıq hamı bugünkü İTV-nin nə olduğunu, onu bu günə salanların kimlərdən ibarət olduğunu yaxşı bilir! Bu nə üçün belə oldu, bu deqradasiya hansı səbəblərə görə baş verdi? Bunun iki əsas səbəbini bu yazıda araşdırıb, aşkarladıq. Amma üçüncü səbəb də var ki, bu da məntiqi surətdə əvvəlkilərdən irəli gəlir - İctimai Televiziyanın indiki direktorunun əsl professional kimi yeni, orijinal, baxımlı layihələri olsaydı belə, onun sanballı yaradıcılıq konsepsiyası, rəhbərliyinə gəldiyi telekanalın inkişaf perspektivini görmək qabiliyyəti, onun ümumteleviziya məkanındakı özünəməxsus yerini təyin edə bilmək bacarığı, müasir televiziya sənətinin poetikasından,onun aktual inkişaf tendensiyalarından baş çıxarmaq imkanları və nəhayət idarəçilik təcrübəsi, fərdi yaradıcılıq mövqeyi olsaydı belə, onun təklif edə biləcəyi layihələri uğurla gerçəkləşdirəcək professional yaradıcı heyət yoxdur!
Mənim dediyimin həqiqət olduğunu sübuta yetirən tutarlı arqumentlər var. Cəmil Quliyevlə İTV-yə gələnlərin bu müddət ərzində gördükləri işlər göz qabağındadır! Onların yaratdığı digər "dəyərli" efir məhsullarını bir kənara qoyub, yalnız yeni il və Novruz bayramları münasibəti ilə hazırlayıb təqdim etdikləri konsert proqramlarını xatırlamaq, bu proqramlar haqda ictimai rəyi səthi olsa belə yenidən öyrənmək kifayətdir! Bu “konsertlər” tamaşaçıda xoş ovqat yaratmaq əvəzinə, onları bayram günləri xəcalət çəkməyə vadar etdi...
Hamıya yaxşı məlumdur ki, belə hal çox davam edə bilməz. Hadisələrin gedişi belə bir mülahizəni də irəli sürməyə əsas verir ki, Cəmil Quliyev ötəri, müvəqqəti fiqurdur. Müəyyən mərhələ başa çatandan sonra çox güman ki, səhhəti ilə bağlı problemləri bəhanə edib, vaxtından əvvəl istefa ərizəsi yazacaq. Onun müavinləri arasında yatıb, özünü indidən baş direktor kreslosunun sahibi kimi görənlər var (Bir çox amillər buna dəlalət edir). Amma bütün bunlar İctimai Televiziyanın əvvəlki şöhrətini özünə qaytara biləcəkmi? Əgər indiki rəhbərlik bu teleşirkət haqda son bir ildə yaranmış ictimai rəyə məhəl qoymursa, unutmasınlar ki, İctimai Televiziya Avropa Yayım Şurasının üzvüdür. Bir neçə il bundan əvvəl bu nüfuzlu beynəlxalq təşkilatın 80-dən çox ölkəni təmsil edən ictimai televiziya qurumlarının iştirakı ilə Bakıda keçirilən yay sessiyasında, biz onun Azərbaycanın İctimai Televiziyasına olan isti münasibətinin şahidi olduq. Məndə olan məlumata görə, Avropa Yayım Şurasının İdarə Heyətinin bu gün İctimai Televiziyada baş verənlərdən artıq xəbəri var. Bu isə İTV-nin indiki rəhbərlərinə yaxşı heç nə vəd etmir!
Bu məqalədə əvvəllər məhəbbətlə xalqın radiosu adlandırılan İctimai radionun bu gün düçar olduğu vəziyyətdən söz açmağa macal tapmadım. Vaxtı ilə televiziya fəaliyyətimlə paralel olaraq bu radionun mikrafonu qarşısına çox keçmişəm. Dinləyicilərin ünvanıma göndərdikləri çoxsaylı minnətdarlıq məktublarını o günlərin xoş xatirəsi kimi həssaslıqla qoruyur, vaxtaşırı, məqamı gələndə onları mətbuata təqdim edirəm. İctimai radionun indiki səviyyəsi (daha doğrusu səviyyəsizliyi) haqda mütləq danışılmalıdır. Mən İTV-dən gedəndən sonra onun taleyinə laqeyd qala bilməyən qələm sahibləri, söz sahibləri, alimlər, sənətçilər İctimai Teleradionun bugünkü durumu ilə bağlı dövri mətbuatda, elektron KİV-də dəyirmi masa formatında görüş təşkil edib, fikir mübadiləsi aparmağı, onun nəticələrinin ictimaiyyətə çatdırmağı mənə dəfələrlə təklif etmişlər. Artıq bu aktual formatı həyata keçirməyin vaxtı yetişib. "İctimai Teleradio dünən, bu gün və sabah" mövzusunda geniş formatda təşkil olunacaq dəyirmi masanın gedişini nəzərdən keçirən çoxsaylı oxucular yeni faktlar, yeni isimlər, yeni rəqəmlərlə tanış ola biləcək, ən başlıcası oxuduqları bu məqalədə çıxarılan nəticələrin təkcə mənim deyil, həm də bütövlükdə ictimaiyyətin rəyini ifadə etdiyinə əmin olacaqlar!
Qaynar.info