
Kamran Su
Dayanacaqdakı qırmızı rəngli avtobusa oturub əlimdəki qəzeti açdım. Qəzet siyasi olduğuna görə içindəkilərin çoxusu siyasi xəbər idi. Hər xəbərin altında da kişi cinsi xəstəliklərindən müalicəsi klinikasının reklamı var idi. Doktor Davud adında bir həkim Hippokrata and içmişdi ki, ölkədəki bütün kişilərin balaca penislərini dartıb uzadacaq. Klinikanın reklam bannerində Doktor Davudun şəkili də var idi, balaca yekəqarın, üz-gözündən arsızlıq yağan bir adam idi. Saçları sənətinə uyğun olaraq keçəl idi. Həm də bu təzə iş deyildi, fikirləşdim ki, Davudun saçları çoxdan tökülüb yəqin, lap tələbəlik illərində bu sənətin sirlərinə təzə-təzə yiyələnən vaxtlardan.
Avtobusun pəncərəsindən içəri günəş şüaları düşürdü. Alnımda yavaş-yavaş tər dənəcikləri yaranırdı. Tərslikdən cib dəsmalı da götürməmişdim. Əslində tərslikdən deyil, axırıncı dəfə cib dəsmalını məkəbdə oxuyanda götürürdüm. İstədim istəmədim hər gün anam cibimə təmiz, ütülənmiş cib dəsmalı qoyurdu. Elə keçmişdəki cib dəsmallarının xiffətini çəkməyə hazırlaşırdım, yadıma düşdü ki, əynimdə heç alt paltarım da yoxdur.
Növbəti dayanacaqda avtobusa sarışın, yamyaşıl gözləri olan bir qız mindi. Gözlərimi doktor Davudun eybəcər sifətindən çəkib ona tərəf çevirdim. Açıq-qəhvəyi rəngli uzun, sinəsi açıq paltar geyinmişdi. Qadınlar adətən bu tip paltarları qonaqlıqlara, toy məclislərinə geyinirdilər, amma mən əminəm ki, günün günortacağı bu cür geyinib 61 nömrəli avtobusa minən qızı heç kim qınamıyacaq. Çünki paltar və makyaj ona əcəb yaraşırdı. Mən qəzeti qatlayıb qucağıma qoyduğum müddətdə o gəlib yanımda oturdu. İncə, uzun, qırmızı rəngli lak çəkilmiş barmaqlarını da düz qoydu donun altından belə hiss olunan qəşəng ayaqlarının üstünə. Qəribə hisslər keçirirdim. Hətta tumansız olduğum da yadımdan çıxmışdı.
Özümü görməməzliyə vursam da bütün diqqətim yanımdakı qızda idi. Arada bir dəfə avtobus "Neptun" supermarketin yanından keçəndə çevrilib bir saniyəlik baxdım ona. Həqiqətən də, çox qəşəng idi. Ən əsası haçansa baxdığım bir fransız filmindəki qıza oxşayırdı. Tərslikdən qızın adını yadıma sala bilmirdi. Təxminən 7-8 dəqiqə qızın adını fikirləşdim bu müddətdə çevrilib bir dəfə də ona baxmışdım. Amma hələ də yadıma sala bilmirdim qızın adını. Deyəsən, "J" hərifi ilə başlayırdı, amma dəqiq Jasmin deyildi. Heç Joan da deyildi. Joan Remarkın "Zəfər Tağı"ındakı çatmaqaş qızın adı idi. Deyəsən, Jülyen idi... Hə Jülyen idi, sevincək çevrilib ona baxdım, istədim kefini soruşum, deyim Jülyen necəsən?
Həyat necə gedir? Poldan ayrılmısan yoxsa hələ bir yerdəsiz? Atanı niyə biabr eliyirsən o boyda şəhərdə? Yazıq kişi başını qaldırıb Parisdə gəzə bilmir sənin ucbatından. Nə vaxt əl çəkəcəksən bu işlərindən? Atan bilməməyinə baxma mən bütün söhbəti bilirəm. O birilər cəhənnəm, atan axırıncı söhbəti bilsə, infarkt vuracaq kişini.
Elə ağzımı açıb nəsə demək istəyirdim ki, avtobus nəyəsə bərk çırpılıb dayandı. Bir anlıq hamı olanları dərk eləmək üçün nəfəsini içəri çəkib dayandı. Sonra əvvəlcə avtobusdakı qadınlar arxasınca da kişilər bir ağızdan avtobusun sürücünün nəslindəki adamları bir-bir yad eləməyə başladılar. Təkcə biz ikimiz susmuşduq. Əslində mənim deməyə sözüm çox idi. Polu soruşacaqdım ondan. Necə olub ki, bu əclafı sevdiyini, Polun ona bu qədər xəyanət etdiyini bilə-bilə hələ də ondan ayrılmadığının səbəblərini soruşmaq istəyirdim.
Birdən həyacandan titrəyən əllərim onun ayaqlarına toxundu. O dəqiqə də yaşıl gözləri yarı təəccüb, yarı qəzəb ifadə edən baxışlarla mənə zilləndi. Nə edəcəyimi bilmədim, bir istədim hərəkətimə görə üzr istəyib, bilərəkdən olmadığını onun diqqətinə çatdırım sonra fikirləşdim ki, indi bu niyə belə edir? Nə var ki burda? Mən ki onu çılpaq halda dəfələrlə hamam otağında, yataq otağında görmüşəm. Amma səsimi udub heç nə demədim. Eləcə üzr istəyib üzümü çevirdim pəncərəyə tərəf.
Yay günəşinin şüaları əvvəlki kimi üzümü, qolumu yandırırdı. Avtobus ağır-ağır yolunu davam etdirirdi. Deyəsən, sürücünün ağlı başına gəlmişdi. Şumaxerlikdən əl çəkib əvvəlki kimi "şofer Mamed" olmuşdu. Avtobusdakılar da sakitləşmişdi, ən axırıncı arxada oturmuş, ağzındakı bütün dişləri tökülmüş, şlyapalı qoca cıxış edib demişdi ki, "Hamınız maşını eşşək kimi sürürsünüz. Sovetin vaxtında belə şeylər eləsəydiniz çəkib ciyərinizi ağzınızdan çıxarardılar".
Məndə uşaqlıqdan axmaq bir xasiyyət var yanımda nə danışırdılarsa təsəvvürümdə canlandırırdım. Bəzən olurdu ki, bir səhnəni yarımçıq qoyub digərinə keçirdim. Bu da gün ərzində beynimi yorub əldən salırdı. Hər səhər yuxudan duranda özümə söz verirdim ki, bir də heç nəyi təsəvvürümdə canlandırmayacam amma yenə eyni şeyi eliyirdim. Xülasə, axmaq bir şey idi bu təsəvvürdə nəsə canlandırmaq məsələsi.
İndi də qocanın dediyi "çəkib ciyəri ağızdan çıxarmaq" məsələsində ilişib qalmışdım. SSRİ yol nəqliyyat nazirinin axırdan üçüncü müavinin bizim şofer Mamedin çəkib ciyərini çıxarmasını təsəvvür edirdim. İyrəndiyimdən ödüm ağzıma gəldi. İstədim Jülyendən soruşum ki, səndə də belə şeylər olur ya necə? Amma soruşmadım, onsuz da Jülyen əsəbi idi. Caamatın içində nəsə ağır söz deyər mən də yeyib həzm edə bilmərəm sonra gəl də.
Jülyen "Nizami" metrosunun yanında avtobusdan düşdü. Arxasınca baxdım xəfif külək sarı saçlarını dalğalandırırdı. Son dəfə arxasınca "au revoir Jülyen" qışqırmaq istədim amma sürətlə yerindən tərpənən avtobus məni iş yerimə, Zahir Əzəmətin ofisinə tərəf apardı.