Xəbər lenti

Jurnalist qətlində futbolçuların psixoloji hazırsızlığının rolu - mütəxəssis rəyi
Ölkə10:18 20.08.2015

Jurnalist qətlində futbolçuların psixoloji hazırsızlığının rolu - mütəxəssis rəyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 8-də ölkə tarixində ilk dəfə jurnalist-idmançı mübahisəsi ağır formada sona çatdı. Sosial şəbəkədə etdiyi hərəkətinə görə futbolçunu tənqid edən jurnalist Rasim Əliyev "Qəbələ"nin kapitanı Cavid Hüseynovun yaxın qohumunun rəhbərlik etdiyi 5 nəfər tərəfindən döyüldü və o, aldığı xəsarətlər nəticəsində avqustun 9-da xəstəxanada vəfat etdi. 
Xatırladaq ki, Rasim Əliyevin sosial şəbəkədəki statusundan sonra futbolçu ilə söhbəti olmuş, məsələni birlikdə müzakirə etmişdilər. Amma ictimaiyyətə məlum olmayan səbəbdən az sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov R.Əliyevi görüşə dəvət etmiş və bu hadisə baş vermişdi
Bu hadisədən də göründüyü kimi, Azərbaycanda hələ bir çox təbəqənin üzvləri, əsasən də üzdə olan, müəyyən yüksək nəticələr əldə edən şəxslər tənqidə dözüm göstərmir, onlarla bağlı tənqidə tez reaksiya verir, hətta yaxın qohum-əqrabasını da bu mübahisəyə cəlb edirlər. İdmançıların, xüsusən də futbolçuların psixoloji durumu necə olmalı, bu xüsusiyyətin püxtələşməsi üçün kimlər daha çox səy göstərməli, kimlər daha çox maraqlı olmalıdır. 
Ann.az bu barədə futbol mütəxəssislərinin rəylərini öyrənib.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov: 
Futbolçularımızın psixoloji baxımdan hazır olub-olmamaları meydana çıxdıqları zaman özünü biruzə verir. Bunun üçün sadəcə onların sifətlərinə baxmaq kifayətdir. Oyunçuların nizam-intizamının olmaması elə onların psixoloji hazırlığının olmaması deməkdir. Təəssüf ki, nəinki futbolçuların, əksər idmançıların psixoloji hazırlıqla bağlı problemləri çoxdur. Bu hala xüsusilə klublarda daha çox rast gəlinir. Buna görə də ilk öncə klublarda bu oyunçulara təlim keçirilməli, daha sonra milli komandaya  göndərilməlidirlər. Psixoloji hazırlıqlar haqqında artıq ciddi tədbirlər görməyin vaxtıdır. Biz bunu AFFA-nın keçiriləcək iclaslarında da müzakirə edilməsini təklif edirik.
Futbolçuların psixoloji hazırlıqları haqqında danışanlar çoxdu: Amma başa düşmək lazımdır ki, psixoloji hazırlıq 1 günə, 1 aya başa gəlmir. Bu aylarla, böyük zəhmətin müqabilində qazanılan keyfiyyətdir. Ona görə futbolçular üzərində daha çox iş getməlidir ki, onlar özlərini hər cəhətdən düzəldə bilsinlər, daha güclü olsunlar.
Malta ilə yaxınlarda Bakıda keçirdiyimiz yoldaşlıq oyununda futbolçuların klublarından nə qədər hazırlıqsız gəldiyini gördüm.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov:  
Bu olay hamımıza dərs olmalıdır. Cavid Hüseynova gəlincə, onun barəsində bunları deyə bilərəm ki, "Qəbələ” bu olaydan sonrakı hadisələrdə özlərini müsbət baxımdan göstərə bildilər, bütün komanda birlik nümayiş etdirə bildi. Yəni Cavidi klubdan kənarda görmədiklərini, hər vurulan qoldan sonra Cavidin formasını azarkeşlərə və tamaşaçılara nümayiş etdirmələri göstərir ki, onlar daim Cavidin yanındadırlar.  Hesab edirəm ki, belə olaylar, hadisələr hər bir baş məşqçinin başına gələ bilər. "Qəbələ” klubu vahid halda birləşməlidir, onlar özlərini itirməməlidirlər. Daha düşünməməlidirlər ki, Cavid oyunda yoxdur, biz uduzacayıq. Yox, əksinə, elə yaxşı oyun göstərməlidirlər ki, heç kim Cavidin yoxluğunu hiss etməsinlər. 
"Qəbələ”nin baş məşqçisi Qriqorçuk peşəkar məşqçidir. Biz hamımız bu peşəkarlığa əminik  və Qriqorçukun bu problemi həll edəcəyinə inanırıq. Bu hadisədən çıxış yolu yalnız peşəkarlıq və baş məşqçinin komandanın vahid halda toplayıb saxlaya bilməsi ola bilər. Baş məşqçinin komandaya ən böyük dəstəyi və köməyi bundan ibarət olacaq. 
Kimisə əvvəlcədən mühakimə etmək düzgün deyil. Ona görə də əvvəlcədən demək olmaz ki, kimdir günahkar. Cavid oynadığı oyunuyla, özünü komandada yaxşı göstərməsiylə liderə çevrilə bilmişdi. Ancaq bu o demək deyil ki, hansasa lider belə bir addımı ata bilər. Məlum olayla bağlı istintaq davam edir. Bu barədə əvvəlcədən proqnoz vermək, fikrimcə, çox yanlış olar. Futbolun içərisində olan bir şəxs kimi deyə bilərəm ki, futbol tarixində indiyə qədər belə bir olay baş verməyib. Cavid Hüseynov üçün də onu deyə bilərəm ki, bu olay Cavid Hüseynovdan yan keçəcək. Ümid edirəm ki, Cavid Hüseynovun bu işlə heç bir əlaqəsi olmasın. 
İnanıram ki, bu cinayəti törədənlər öz layiqli cəzasını alacaqlar. Bu cinayətlə bağlı bütün işləri artıq ölkə başçısı öz üzərinə götürüb. AFFA-nın və UEFA-nın hansı qərar çıxarmaları ilə bağlı onu demək olar ki, məhkəmə qərarından sonra bu haqda danışmaq düzgün olar. UEFA-nın "Qəbələ” barədə hansı qərar çıxarıb, ya çıxmamağı barədə heç nə deyə bilmərəm. Amma düşünürəm ki, məhkəmə qərarı verildikdən və AFFA öz mövqeyini ortaya qoyduqdan sonra UEFA öz fikrini açıqlayacaq. 
Futbolçuların oyundan əvvəl psixoloji test olunmaları məsələsinə gəlincə, komandada ən önəmli məsələlərdən biridir. Futbolçu nə qədər texniki, praktik cəhətdən hazır olsa da ilk növbədə o, psixoloji cəhətdən oyuna hazır olmalıdır. Hesab edirəm ki, ən böyük psixoloq komandada məhz məşqçinin özüdür. Yaxşı məşqçi oyundan öncə komandanın bütün üzvləri ilə oturub danışmalı, onlara dəstək olduğunu, daim onların yanında olduğu, onlara inandığını göstərməlidir. 
Məsqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev:  
Cavid Hüseynovun olmamağı artıq "Qəbələ” klubunun oyununa öz təsirini göstərir. "Qəbələ”nin Cavid Hüseynovu müvəqqəti də olsa itirməsi "Qəbələ”nin oyununda bir daha özünü göstərəcək. Son turda "Qəbələ”nin Cavidsiz keçirdiyi oyunda artıq onun yeri görsənirdi. Belə düşünürəm ki, Cavidin olmaması özünü Avropa keçiriləcək oyunlarda daha çox biruzə verəcək. "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunçularda psixoloji gərginliyi aradan qaldırmaq üçün əlindən gələni etməlidir ki, klub daha da böyük nəticələr əldə edə bilsin. Necə deyərlər, klub bu çətin baryeri aşa bilsə, uğur "Qəbələ” klubunun əlində olacaq. 
Futbolçuların psixoloji hazırlığı məsələsində ən yaxşı psixoloq məşqçinin özüdür. Mən özüm 4 il psixologiya elmi ilə daha yaxından maraqlanmışam və bu da mənə futbolçulara bir psixoloq kimi yardımçı olmağımda çox böyük köməkliyi olub. Klubda hər ölkədən bir futbolçu ola bilər, buna görə də məşqçi onların ilk əvvəl psixologiyasını daha dərindən öyrənməli, onlara daha yaxından maraqlanmalıdır. Azərbaycanda futbolçuların psixoloji hazırlığından qətiyyən razı deyiləm.
İnsan həmişə daha ucalara yüksəldikcə, dönüb arxaya baxmalıdır. Cavid 3 il bundan əvvəl mənim rəhbərliyim altında oynayırdı. Sezon bitdikdən sonra isə 7-8 oyunçu ilə bərabər Cavidə dedik ki, siz artıq bizə lazım deyilsiz. Bundan sonra Cavid Türkiyəyə getmişdi. Ordan qayıtdıqdan sonra "Qəbələ” klubunda oynamağa başladı və ola bilsin nəsə dəyişiklik olub. Amma yenə deyirəm, insanın müvəffəqiyyəti artdıqca gərək insanın xarakteri, xasiyyəti dəyişməsin. O, öz gələcəyini düşünməli, hər bir insanla dost, qardaş olmağı bacarmalı idi.  
 
"Kəpəz” futbol klubunun baş məşqçisi Şahin Diniyev ilk növbədə ANN.Az kollektivinə, Rasim Əliyevin ailəsinə və bütün jurnalistlərə baş sağlığı verdiyini deyib: 
Həqiqətən, bir insanın itkisi və bu itirilən insanın jurnalist olması bizlər üçün də çox ağırdır. Bu barədə danışmaq isə onsan da ağırdır. Bu məsələdə əvvəlcədən qərar kimin günahkar, kimin günahsız olduğuna dair qərar vermək düzgün deyil. Bunu ən yaxşı halda hüquq-mühafizə orqanları edəcək. Ölkə başçısının bu işi şəxsi nəzarəti altına alması bir daha sübut etdi ki, cinayət işi yüksək səviyyədə araşdırılıb, cinayətkarlara layiqli cəza veriləcək. Hər iki tərəfə sözüm ancaq səbrli olmaqdır. Bu hadisə haqqında əvvəlcədən fikir söyləməyin özü də çox məhsuliyyətli işdir. Ona görə ki, bunun arxasında insan taleyi dayanır. O ki qaldı futbolçunun hansısa emosiyaya qapalıb, hansısa hərəkət etməsinə, bu barədə də dəqiq informasiyaya malik deyiləm. İnformasiyam mətbuatdan oxuduqlarım səviyyəsindədir. İnanıram ki, obyektiv araşdırma, istintaq aparılacaq və əsl günahkar ədalətli cəzasına layiq görüiləcək. Amma onu da yaddan çıxarmayaq ki, hər şeyə ilk qiyməti Allah verir. Onun ədalətindən qaçmaq olmaz.
Hazırda ölkədə heç bir klub futbolçuların pisxoloqların olması haqqında məlumata malik deyil. Futbolçuların psixoloji durumunun yoxlanılmasını yalnız SSRİ vaxtında  eşitmişəm. O vaxtlar Tofiq Cabbar millinin oyununa bir gün qalmış bütün futbolçuları yığıb onları psixoloji cəhətdən necə hazır olduqlarını yoxlayır, müəyyən məsləhətlər verirdi.
Amma xarici ölkələrdə, dünya praktikasında futbolçuların oyundan əvvəl psixoloq tərəfindən yoxlanılması məsələsi var. Amma bizim klublarda buna heç rast gəlməmişəm. Fikrimcə, buna ehtiyac yoxdur. Yaxşı baş məşqçi həm oyunçunun oyununa,  həm onun pisxoloji durumuna, həm də ona dost kimi yaxın olmağı bacarmalıdır.
Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.
Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.
Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.
Qaynar.info