
Avropa İnsan Haqları Məhkəməsinə ifadə azadlığı hüququnun pozuntusundan daha bir şikayət göndərilib.
“Qafqazinfo” xəbər verir ki, şikayətçilər Azadlıq qəzetinin əməkdaşı Natiq Ədilov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Nizami Cəfərov, siyasi fəallar Kamilə Aslanova, Eldar Hüseynov və Ağaverdi Rüşanovdur. Onlar 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı müşahidəçi statuslarının ləğv edilməsinin, iş üzrə çıxarılan məhkəmə qərarlarının qanunsuz olduğunu iddia edirlər.
Ərizəçilərin hüquqlarının Media Hüququ İnstitutunun (MHİ) vəkilləri müdafiə edir. Vəkillərin Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, yerli məhkəmələr müşahidəçi statusu ləğv edilən jurnalistlərin və fəalların iddiası üzrə qərarlar verərkən onların Avropa Konvensiyasında təsbit olunmuş azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6), ifadə azadlığı (maddə 10), səmərəli hüquqi müdafiə vasitələri (maddə 13), ayrı-seçkiliyin qadağan olunması hüquq və azadlıqlarına müdaxilə ediblər. Avropa Məhkəməsindən ərizəçilərin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdikləri xərclərin, habelə onlara dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.