Çeçenistanın başçısı Ramzan Kadırov Fransanın Dijon şəhərində iğtişaşlar törədən həmyerlilərinə dəstək verib.
Qaynarinfo xəbər verir ki, o, medianın hadisəni "millətlərarası toqquşma" adlandırması ilə də razılaşmadığını bildirib. "Milliyyət fikir ayrılıqlarına və münasibətlərin aydınlaşdırılmasına səbəb olmamalıdır", - deyə Telegram kanalında yazıb.
Kadırov qeyd edib ki, yerli hakimiyyət narkotik alverçiləri ilə problemini həll edə bilmədiyinə görə, gənc nəsil vəziyyəti nəzarətə götürməli olub.
Kadırovun sözlərinə görə, çeçenlər düzgün hərəkət ediblər.
Xatırladaq ki, Fransanın Dijon şəhərində iğtişaşlar iyunun 13-nə keçən gecə, Məğrib mənşəli ərəb narkotik satıcıları ilə çeçenlər arasında baş verib. Bıçaq və zopalarla silahlanmış çeçenlər bir çeçen gənci döydükləri üçün ərəblərdən qisas alıblar.
Yerli mediada onlarla qurban haqda məlumat verilib, kadrlarda yandırılmış maşınlar və çox sayda polisin hadisə yerində fəaliyyəti əks olunub.
Məlum olduğu kimi, hüquq-mühafizə orqanları çeçen əsilli şəxsləri saxlayıblar. Mediada yayılan məlumatlara görə, çeçen diasporunun 10-a yaxın üzvü saxlanılıb. Əməliyyatlar Dijonun özündə də keçirilib.
Alpər