
Kamal Abdulla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanlası İdarəsi arasında yas mərasimlərində ehsan verilməsi ilə bağlı fikir ayrılıqları olması barədə yayılan məlumatlara münasibət bildirib.
"Birmənalı şəkildə deyirəm - nə dövlət, nə də icra strukturları bu məsələlərlə bağlı direktivlər vermək fikrində deyil".
Qaynar.info-nun verdiyi xəbərə görə, bu sözləri Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
"Hər şeyi həyat tənzim edir. Söhbət ondan gedir ki, cəmiyyətin bir üzvü süfrədə (istər yas olsun, istər toy) ifrata qarşıdır, başqa bir üzvünü isə bu hal narahat etmir, daha başqa bir üzvü də hələ düşünür... Aydındır ki, söhbət prinsip söhbəti deyil, əslində, menyu söhbətidir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də, qəlbində Allah eşqi yaşadan digər din xadimləri də, ziyalılar da, adi insanlarımız da dəfələrlə bu istiqamətdə müzakirələr zamanı deyiblər ki, adət-ənənələrimizlə bağlı bütün məsələlərdə son dərəcə həssas, anlayışlı olmalıyıq, əsl islam dəyərlərindən çıxış etməliyik. Yenə təkrar edirəm ki, bu kimi məsələlər direktivlər, göstərişlərlə deyil, həyatın tələbi ilə tənzim edilə bilər. Amma biz cəmiyyətə bəzi zəruri hissləri təlqin etməyi bacarmalıyıq. Məsələn, heç kəs utanc hissi keçirməməlidir ki, verdiyi çay ehsanı başqasının ifratçılıq üstündə qurulmuş dəbdəbəli ehsanından ayıb sayıla bilər. Məsələnin canı budur! Bunun üzərində çalışmaq lazımdır. O ki, qaldı siz deyən "qurumlar arasında problemlərin mövcud olması" məsələsi, məncə, bu barədə danışmağa belə dəyməz. Bu, absurddur və bunu ortaya atanın səviyyəsizliyini, cahilliyini, ən azı, məsələdən xəbərdar olmamasını göstərir. Eyni zamanda, əgər hansısa mətbu orqan mütəmadi olaraq bu cəfəngiyatı ortaya atırsa, o zaman belə hal bu mətbu orqanın hər şeydən əvvəl öz oxucusuna olan münasibətini, yəni, hörmətsizliyini nümayiş etdirir" - deyə, K.Abdulla bildirib.
Qaynar.info