Xəbər lenti

Karantin rejimi sərhədyanı ticarətə və turizmə mənfi təsir göstərir - İqtisadçı
Ölkə 18:57 24.06.2026

Karantin rejimi sərhədyanı ticarətə və turizmə mənfi təsir göstərir - İqtisadçı

"Karantin rejiminin uzadılması vətəndaşların xərclərini artıracaq".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli Azərbaycanda xüsusi karantin rejiminin müddətinin növbəti dəfə uzadılmasının iqtisadi nəticələrini şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, qərar xüsusilə sərhədyanı ticarətə, turizm sektoruna və vətəndaşların səyahət imkanlarına mənfi təsir göstərir:

"Bu, sərhədyanı ticarətdə problemlər yaradır. Vətəndaşların səyahət xərclərini kəskin artırır, vaxt itkisinə səbəb olur və turizm sektoruna ciddi zərər vurur. Ümumilikdə iqtisadi aktivliyə mənfi təsir edən amillərdən biridir".
 
Xalid Kərimli hesab edir ki, xüsusi karantin rejiminin uzadılması iqtisadi baxımdan əhəmiyyətli yük yaradır:

"Qərarın qəbulunda iqtisadi aspektlər də nəzərə alınmalıdır. Mövcud məhdudiyyətlər həm vətəndaşların, həm də biznes subyektlərinin əlavə  xərclərlə üzləşməsinə səbəb olur".

Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı  qərara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

Bahar Rüstəmli

--> -->