Xəbər lenti

Köçürmə komissiyası “Sovetski”də vətəndaşın pulunu mənimsəyib – ŞİKAYƏT
Ölkə08:45 10.07.2014

Köçürmə komissiyası “Sovetski”də vətəndaşın pulunu mənimsəyib – ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri Yasamal rayonu Salatın Əsgərova-9/96 ünvanda yaşayan İsmayılova Ceyran İdris qızının “Sovetski” məhəlləsində söküntü zamanı 110 kvadrat metrlik mənzilinin hər kv.m-nə 1500 AZN ödənməli olduğu halda, hər kv. metri 1000 manatdan hesablanıb və kartına 110 000 AZN köçürülüb.

Bununla bağlı Ceyran İsmayılovanın hüquqi nümayəndəsi Bəhruz Məmmədov prezident İlham Əliyevə və aidiyyatı orqanlara rəsmi şikayət məktubu göndərib və bir nüsxəsini Aktual.az-a təqdim edib.

Müraciət müəllifi qeyd edir ki, “Sovetski” məhəllləsində aparılan köçürmə əməliyyatlarında ciddi qanun pozuntularına, eyni zamanda vətəndaşların pullarının mənimsənilməsi hallarına rast gəlinir:

“Cənab Prezident, tam əminliklə bildirirəm ki, hüquqlarını qoruduğum İsmayılova Ceyran İdris qızının mülkiyyət hüququ pozulub, vətəndaşın haqqı tapdalanıb. Sökülən mənzillərin hər kvadrat metri üçün 1500 (min beş yüz) manat ödənilməsi sərəncamı burada qulaqardına vurulur, vətəndaşların halal pulları dövlət məmurları tərəfindən məharətlə mənimsənilir”.

Şikayət məktubunda Köçürmə komissiyasının sədri ilə Maliyyə Nazirliyi nümayəndəsinin cinayət əlaqəsinə girərək, vətəndaşın pulunu mənimsəmələri qeyd olunur:

“Ceyran İsmayılovanın mülkiyyətində olan mənzilini Yasamal RİH-nin nəzdində yaradılmış Köçürmə komissiyasının sədri Səməd İslamov, Maliyyə Nazirliyinin adı göstərilən komissiyada səlahiyyətli nümayəndəsi Cavanşir Yusifovla cinayət əlaqəsinə girərək, 13.05.2014-cü il tarixdə keçirdikləri komissiya zamanı heç bir hüququ qüvvəsi olmayan, iki cümlədən ibarət etibarnaməyə qeyri-qanuni şəkildə istinad edib, vətəndaş Ceyran İsmayılovanın 110 kvadrat metrlik mənzilinin hər kvadrat metrini 1000 (min) manatdan hesablayıblar.

Bütün bunlardan belə nəticə çıxır ki, adları qeyd olunan bu məmurlar dövlət başçısının tapşırıqlarını saymırlar. Baş nazirin müavini Abid Şərifov bütün açıqalamalarında prezident İlham Əliyevin tapşırılqarına istinad edərək bildirib ki, “Sovetski” də sökülən mənzillərin hər kvadrat metri üçün 1500 AZN ödəniləcək”.

Bəhruz Məmmədovun sözlərinə görə, mənzillərdən əşyaların daşınması üçün ayrılmış 400 manat da mənimsənilib:

“Səməd İslamov və Cavanşir Yusifov tərəfindfən aldadılaraq, Ceyran İsmayılovaya 110 kvadrat metrlik mənzilin hər kvadrat metrinə görə 1000 manat pul ödəndi. Bütün bunlar azmış kimi, əşyaların daşınması üçün ayrılmış 400 manat da ödənilmədi. Cənab prezident, ümidimiz Sizədir. Adlarını çəkdiyimiz məmurların əməlindən zərərçəkən və hüquqları pozulan vətəndaş Ceyran İsmayılovanın probleminin həlli istiqamətində göstəriş verməyinizi xahiş edirəm”.

P.S. Məsələ ilə bağlı Aktual.az-ın əməkdaşı Köçürülmə komissiyasının sədri, Yasamal RİH başçısının müavini Səməd İslamovla dəfələrlə əlaqə saxlamaq istəsə də, onun yerində olmadığını deyiblər. Yasamal rayon İH-nin başçısı İbrahim Mehdiyevin köməkçisi Rüfət Əhmədzadə isə “Səməd İslamovu haradan tapa bilərəm” cavabını verməklə kifayətlənərək, kömək etməkdən boyun qaçırıb.

Əgər cənab Səməd İslamov da mövqeyinin dərc olunmasını istəsə, buyurub Aktual.az-la əlaqə saxlaya bilər və biz onun da fikirlərini ictimaiyyətə çatdırmağa hazırıq.

Qaynar.info