"Kontakt Home" mağazalar şəbəkəsinin sahibi "ABC-Telecom" şirkətinin anbarında oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, oğurluğu anbarda fəhlə işləyən şəxslərdən biri törədib. O, əvvəlcə anbardan dəyəri 2 850 manat təşkil edən 1 ədəd "İPhone 15 Pro 128GB" markalı mobil telefon oğurlayıb.
Daha sonra həmin fəhlə dəyəri 2 199 manat olan 2 ədəd "İPhone 15 Pro 128GB" markalı mobil telefonu və dəyəri 69,99 manat təşkil edən 1 ədəd "Apple 20W USB-C adapter MHJE3ZM/A" markalı adapteri əynindəki gödəkçəsinin altına yerləşdirərək ətrafdakılardan gizli şəkildə anbarın başqa hissəsində gizlədib. İş vaxtının sonunda həmin əşyaları götürmək istəsə də, cəhdi baş tutmayıb. O, müşahidə kameralarına düşüb və oğurluğun qarşısı alınıb.
Bundan sonra onun birinci dəfə törətdiyi əməl də üzə çıxıb. Baş verənlər barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 177.2.2-ci maddəsi ilə cinayət işi başlanıb və həmin fəhlə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılıb.
Fəhlə verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
"ABC-Telecom" MMC keçmiş deputat Elnur Allahverdiyevin şirkəti kimi tanınır. Elnur Allahverdiyev 2020-ci ilə "ABC-Telecom" MMC-yə rəhbərlik edib. Həmin ildə deputat seçilib. Bundan sonra şirkətin rəhbərliyindən istefa verib.
VI çağırış Milli Məclisin deputatı olan Elnur Allahverdiyev parlament seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsini təmsil edib.
Seyid
Şərhlər