Xəbər lenti

Keçmiş icra başçısı, “Azərinşaat”ın rəhbəri və oliqarx həbs olundu
Ölkə14:17 11.05.2015

Keçmiş icra başçısı, “Azərinşaat”ın rəhbəri və oliqarx həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunub. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı “Cahangir Hacıyev işi”ndə keçir. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.
M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.
Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.
*  *  *
Murad Cabbarlıdan başqa “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Mehdi Əliyev Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın adamı sayılırdı. M.Əliyev C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsində ittiham olunur.
*  *  *
Həbs olunanlar arasında oliqarx Nizami Piriyev də var. O, Bakıda həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumata görə, digər tanınmış biznesmenlər kimi N.Piriyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar.
Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.
Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.
“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.
Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley`s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.
“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Qaynar.info