Xəbər lenti

Keçmiş icra başçısının indiki deputatı bəyənməməkliliyi... – Analoqsuz Azərbaycan absurdu!
Ölkə19:52 27.12.2016

Keçmiş icra başçısının indiki deputatı bəyənməməkliliyi... – Analoqsuz Azərbaycan absurdu!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlərin əsas müzakirə mövzusunun deputat  Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıların və işıq tələb edən cəbrayıllı köçkünlərin ünvanına söylədiyi təhqiramiz ifadələr olduğunu demək artıqdır. 

Üstəlik, mətbuatda kifayət qədər tirajlandığı üçün Şahverdiyevin həmin ifadələrini yenidən yaymağa ehtiyac görmürük. Bu neçə gündə həmin həqarətləri hamımız az qala əzbərləmişik...

Bəs bizi bu mövzuda yazmağa vadar edən nədir?

Məsələ burasındadır ki, sən demə, haqqında danışılan təhqiramiz açıqlamalarına görə Şahverdiyevi “topun ağzına qoyub atanlar” arasında onun deputatı olduğu Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyev də var imiş. 

M.Quliyev iki gün öncə unikal.org saytına açıqlamasında elə beləcə də deyib: “Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə cəzasını alacaq”.

Adamın yadına məşhur “Səndəmi, Brut?” məsəli düşür. 

Niyə?

Gəlin yaddaşımızı azca qurdalayaq. 

Cəmi bir il öncə, 2016-cı ilin əvvəllərində elə həmin bu sabiq icra başçısının bir videosu yayıldı və ən azı, Şahverdiyevin dedikləri qədər tozanaq qopardı, etirazlar doğurdu. 

Belə ki, öncə sosial şəbəkələrdə Mahmud Quliyevin ondan iş istəyən vətəndaşa “get öl” dediyi video yayıldı, videoda sabiq icra başçısının tədricən qızışdığı, vətəndaşı daha ağır formada təhqir etməyə başladığı (onun həmin videoda ən yüngül söyüşü “köpəkoğlu”dur ) və polisə həmin şəxsi həbs etmək göstərişi verdiyi aydın görünür və eşidilirdi.

Mahmud Quliyev kəskin ictimai qınağa, haqqında ağır ittihamlara səbəb olmuş məsələyə aydınlıq gətirərkən isə özünə ənənəvi üslubda bəraət qazandırmaq istəmişdi: “Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə ”köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. Içib piyan olub, kafedən çıxıb yığışmışdılar”.

Amma bu gülünc bəhanə heç bir işə yaramadı və çox keçmədən o, işdən kənarlaşdırıldı.

Bax indi belə bir adam Astan Şahverdiyev haqqında deyir ki, “ağzının danışını bilmir”.

Şahverdiyevin ağzının danışığını bilməməsinin sübuta ehtiyac yoxdur, belə birisinin necə mandat sahibinə çevrildiyini təxmin etmək də çətin deyil. 

Amma maraqlıdır ki, Mahmud Quliyev onu tənqid etmək haqqını özündə necə tapır? Bu “adımı sənə qoyum, səni də yana-yana” üzsüzlüyünün parlaq təzahürü deyilsə, bəs nədir?

...Azərbaycanda hər şeyin analoqsuzunu görmüşdük, ölmədik, absurdun də analoqsuzluğunu gördük. 

Bəxtəvər başımıza. Ya da... daş təpəmizə!

İlkin Hüseynli              

Qaynarinfo.Az