Xəbər lenti

Keçmişdə BMT-də yüksək vəzifələr tutan Tokayev TŞ-də islahat çağırışı etdi (VİDEO)
Dünya 23:05 08.06.2023

Keçmişdə BMT-də yüksək vəzifələr tutan Tokayev TŞ-də islahat çağırışı etdi (VİDEO)

Birləşmiş Millətlər Təşkilatı (BMT) hazırda yeganə nüfuzlu "ümumdünya qlobal təşkilat” olaraq qalır, lakin onun Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Comart Tokayev ölkə paytaxtında keçirilən "Astana” beynəlxalq forumunun plenar sessiyası zamanı bildirib.

"Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmasa, biz mövcud çağırışların öhdəsindən gələ bilməyəcəyik”, - deyə Tokayev bildirib. O, BMT Təhlükəsizlik Şurasının dəyişdirilməsini təklif edib ki, "orada "orta güclərin” nümayəndələrinin səsi eşidilsin”.

Onun fikrincə, hazırda faktiki olaraq "BMT yaranandan bəri qurulmuş dünya nizamının əsaslarının sarsıdılması” baş verir. Dünyadakı geosiyasi vəziyyətdən danışan Kasım-Comart Tokayev qeyd edib ki, "biz "blok düşüncəsi”nin qayıdışının şahidi oluruq”.

O hesab edir ki, iqtisadiyyat beynəlxalq siyasətin müxtəlif aktorları tərəfindən silah kimi istifadə olunur. "İqtisadi siyasətin özü açıq şəkildə silah kimi istifadə olunur. Bu qarşıdurmaya sanksiyalar və ticarət müharibələri, məqsədyönlü borc siyasəti, maliyyə mənbələrinə çıxışın məhdudlaşdırılması və ya onlardan təcrid edilməsi, həmçinin investisiyalara nəzarət daxildir”, - deyə Qazaxıstan prezidenti izah edib.

Qeyd edək ki, Tokayev əvvəllər BMT strukturunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2011-2013-cü illərdə Qazaxıstanın hazırkı prezidenti BMT baş katibinin müavini, BMT-nin Cenevrədəki ofisinin baş direktoru, eləcə də silahsızlaşma üzrə Konfransda BMT baş katibinin şəxsi nümayəndəsi olub.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->