Xəbər lenti

Kənan Məcidov: "Məqsədimiz "gəzəyənlər”dən ibarət bir cəmiyyət formalaşdırmaqdır"
Ölkə09:21 28.04.2018

Kənan Məcidov: "Məqsədimiz "gəzəyənlər”dən ibarət bir cəmiyyət formalaşdırmaqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yəqin ki, əksəriyyətiniz "Gəzəyənlər”dənsiniz. Yox, yox, səhv başa düşməyin, "Facebook” sosial şəbəkəsində son zamanların ən məşhur qruplarından biri, idarəçilərindən biri də tanınmış fotoqraf Kənan Məcidov olan "Gəzəyənlər”dən danışırıq. Onu deyim ki, səyahətlə bağlı istənilən suala cavab tapa biləcəyiniz bu qrupda tam bir ailə abu-havası var. Uzun sözün qısası, qrupun belə sevildiyini görüb məşhur fotoqrafla söhbət etmək qərarına gəldik. Müsahibəni sizə təqdim edirik:  
- Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı? 
- Heç şübhəsiz. Etdiyimiz səyahətlər hər nə qədər maraqlı olsa da, kəşf etdiyimiz yeni şəhərlər, ölkələr hər nə qədər gözəl olsa da, bunların heç biri doğulub-böyüdüyün doğma şəhəri əvəz edə, onun yerini verə bilməz. Müxtəlif səbəblərdən mühacirətdə olan insanlar da yəqin ki, bu fikri təsdiqləyərlər. Başqa bir ölkədə daha yaxşı həyat qura bilsələr də, vətən həsrəti hər zaman olur. 
- Bildiyim qədəriylə bir çox ölkələrdə olmusunuz. Dünyagörüşü dünya görüşü ilə hansı nisbətdədir? 
- Çox səyahət etdikcə insanın həyata baxışı dəyişir, tanıdığımız hər yeni mədəniyyət, yeni tarix, yeni insanlar dünyagörüşümüzün inkişafına təsir edir. Avqustinin dediyi kimi, "Həyat bir kitabdır, səyahət etməyənlər onun yalnız bir səhifəsini oxuyurlar”. Odur ki, mümkün olduqca daha çox səyahət etməyə, yeni yerlər kəşf etməyə çalışmaq lazımdır. 
- "Özünüzlə ancaq yalnızlığınızı götürün” deyə bir cümlə qurmalı olsanız, hansı ölkənin vizasını almağa yollanaq?
- Bu aralar viza almaq bir sıra gəzəyənin "yaralı” yeri olduğundan mən vizasız bir şəhər seçərdim – İstanbul! Ömrümün ən gözəl illərinin bir qismi bu şəhərdə keçib, daha sonra fotoqraf olaraq dəfələrlə gətmişəm, insanın özünü əsla yad hiss etməyəcəyi, sizin də dediyiniz kimi – özü ilə baş-başa qala biləcəyi bir şəhərdir İstanbul. Unudulmayan ilk sevgi, ayrıla bilməyəcəyiniz doğma bir insan kimidir İstanbul. Hətta sizin bu sualı cavablayarkən belə İstanbul üçün darıxdım.
 
- Yeri gəlmişkən, "Gəzəyənlər” kimin fikri idi? 
- Belə bir qrup yaratmağın ideya müəllifi dostumuz Babək Musazadəyə məxsusdur. Səyahətlə bağlı istər sosial şəbəkələrdə, istər internetdə xarici dillərdə müxtəlif resurslar olmasına baxmayaraq, bizdə belə bir mənbə tapmaq demək olar mümkün deyildi. Düzdür, "Google”da bir çox suallara cavab tapılması mümkün olsa da, real təcrübəni hər zaman əvəz edə bilmir. Elə bu düşüncələrlə də qrupu ərsəyə gətirdik.
- Kifayət qədər fəal qrupdur. Doğrusu, sualları hazırlayarkən əksər cavabları elə qrup üzvlərinin paylaşımlarından tapdım. Ona görə də viza, uçuş biletləri kimi mövzulara toxunmayacağam. Maraqlananlar qrupa göz ata bilər. Məni düşündürən bu qədər "gəzəyən”i olan admin niyə tur şirkəti açmır? 
- Az öncə qeyd etdiyim kimi, bu qrupun yaradılmasında məqsəd təkcə viza, ucuz aviabiletlər, büdcəli səyahətlər və s. suallarının cavablandırılması deyil, eyni zamanda səyahəti sevən insanlardan – "gəzəyənlər”dən ibarət bir cəmiyyət formalaşdırmaqdır. Və düşünürəm ki, qrup menecmentinin fəaliyyəti və qrup üzvlərimizin dəstəyi ilə buna müvəffəq oluruq. Bu ildən başlayaraq, təşkil etdiyimiz ölkədaxili və planlaşdırdığımız ölkəxarici turlar səyahəti sevən insanları səmimi bir ortamda birləşdirəcək. Ötən gün təşkil etdiyimiz "Gəzəyənlərin Yaponiya günü” tədbiri konsept olaraq daha öncə edilməyən layihələrdəndir. Bu kimi digər planlarımızla tur şirkət açmaq yerinə səyahət mövzusunda hər kəsə örnək olacaq bir cəmiyyət qura bilməyə üstünlük veririk. 
- Məşhur fotoqrafa bu "gəzəyən” sevdası mane olmur ki? "Evdə yoxam” demək işlərin ləngiməsinə səbəbiyyət vermir?
- "Məşhurluq” üçün təşəkkür edirəm, ancaq qeyd etmədən keçə bilməyəcəyəm, hər zaman çalışmışam ki, işini sevən, daim inkişaf etməyə can atan fotoqraf kimi xatırlanım, izləyicimin sevgisi, dəstəyi mənim üçün hər şeydən önəmlidir (gülümsəyir).
Daha çox ailə və toy çəkilişləri sahəsində ixtisaslaşan fotoqraf olduğum üçün çəkilişlərimin qrafiki adətən bir neçə ay öncədən planlanmış olur, bu səbəbdən işlərim səyahət sevgisinə, səyahət planlarına mane olmur. Əksinə, etdiyim bu səyahətlərdən sonra hər zaman yeni ideyalar, yeni layihələr yaranır. Səyahətdən döndüyüm zaman sanki hansısa peşəkar fotoqrafın master klassından dönmüş kimi oluram. Etiraf edim ki, səyahət bloqumu açmaq ideyası da əslində sonuncu dəfə etdiyim Mərkəzi Avropa turundan sonra yarandı. 
- Bir az da Evdeyoxam.az-dan danışaq...
- Evdeyoxam.az şəxsi bir bloq olmayacaq. Orada etdiyim səyahətlərlə bağlı təəssüratları, gəzəyən olaraq təcrübələrimi bölüşməklə yanaşı, "Evdəolmayanlar” adlı bir bölmədə digər səyahətsevərlər də öz yazılarını paylaşa biləcəklər. #evdeyoxam hashtag-ı mənim şəxsi səyahət bloqumun deyil, səyahətdə, gəzintidə, səfərdə, bir sözlə evdəolmayan hər kəsin istifadə edə biləcəyi bir hashtag olacaq, olmasına çalışacağam. Artıq layihənin zövqlü bir loqosu hazırlanıb, saytı tamamlanıb: "#soruşanolsa deyərsiniz ki, 1 mayda sayt hər kəsin istifadəsinə veriləcək” (gülür).
- Elə bir ölkə olubmu ki, gedib qayıtmaq istəməmisiniz? 
- Bu günə qədər 20-ya yaxın ölkədə olmuşam. Hamısının məndə buraxdığı izlər, təəssüratlar ayrıdır. Amma bir ölkə, şəhər var ki, köçüb yaşamağı düşünmüşəm – Çexiya, Praqa... Məndə o qədər xoş təəssüratlar buraxıb ki, hazırda saytım üçün məqalə yazmağa, hisslərimi sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Odur ki, fotoqraflıq karyeramı bir gün Praqada davam etdiyimdən xəbər tutsanız, təəccüblənməyin. (gülür)
- Şimal, cənub, şərq, qərb, hər tərəf üçün tək ingilis dili kifayət edər?
- Səhv etmirəmsə, elə bir mövzu ətrafında bizim qrupda da müzakirə olmuşdu. Tək ingilis dilini yaxşı və ya ən azından orta səviyyədə bilməklə dünyanın demək olar ki, hər yerində dərdinizi izah edə, vəziyyətdən çıxa bilərsiniz. Hətta belə bir şey deyim yaponların ingilis dili biliyi zəifdir, amma orada belə bu dil çox köməyimə çatmışdı. 
- Sonda, tam səmimi, burada turist olsaydınız, 10 ballıq şkalada ölkəmizə neçə bal verərdiniz? 
- Ölkəmizin bilinən və bilinməyən gözəllikləri hədsiz saydadır. Amma çox istəyərəm ki, turizm potensialı daha da çox olsun, daha çox turist qəbul edək. Ümumiyyətlə isə turist olaraq 8 bal verərdim (gülür).
Nərmin Həsənli