Xəbər lenti

Kəndə gedən bir başçı...
Nazlı Ağayeva
Ölkə07:36 23.12.2019

Kəndə gedən bir başçı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazlı Ağayeva
...Kiçik qardaşım evinin yanında məktəb tikiləndən oranın gözətçisi adı altında bütün təsərrüfat işlərini yola verib. Həm də çox cüzi məvaciblə. Uşaqlarımızın günü məktəbdə keçir deyə evindən-eşiyindən çox ora əl yetirib. Siniflər çoxaldıqca sil-süpür işlərinə həyat yoldaşını da götürüblər. Vaxt-bivaxt yardım üçün qaçdığı yerin o da rəsmi işçisi olub. Oçerk cümləsinə oxşamasın, məktəb sözün əsil mənasında onların ikinci evinə çevrilib. Çiyinlərində doğma ünvanın yükünü sevə-sevə daşıyan qardaşıma bu günlərdə göstərdiyi çabaların, sərf etdiyi əməyin qarşılığını veriblər. "Niyə” və "necə” kimi sualları saxlayaq, çünki bu hissəyə bir də qayıdasıyıq. 
***
Çoxdan kəndimizə getmək istəyirdim. Bir zamanlar həyat dolu evimizin küsgün duruşundan, əzizlərimizi əmanət verdiyimiz məkanın qərib sükutundan qorxurdum. Getsəm, qayıda bilmərəm kimi bir hiss də vardı ürəyimdə. Bəlkə qorxmadığım yeganə şey elə o idi. Həyatın ən böyük gerçəyi...
Həmin ərəfədə rayonun başçısı səyyar qəbula gedibmiş bizim kəndə. Günlərlə gözlənilən, hazırlıqlı səfərə. Qəbulu açmaq üçün etdiyi standart çıxışın mətni ilə işim yoxdur. Dünyadan ayrı düşmüş bizim kəndin köhnə adamları gecə-gündüz dünya ədəbiyyatı oxuyub təbii, azad anlayışa sahib olardılar. Bu da var ki, artıq nəsillər dəyişib, bizimkilər də internet əsrinin əsirinə çevriliblər. 
Belə bir vəziyyətdə hamarat başçının yaratdığı təəssürat çox güclü olmalıdır. Şikayət və təkliflərə gələndə kəndimiz ölkənin kiçik, ucqar bir nöqtəsi olaraq ümummilli işsizlik daşıyıcısıdır. Sadəcə, burda peşəkar işsizlər ailələrini olmayan "daxili imkanlar hesabına” dolandırırlar. 
...Canlı ünsiyyətin həyəcanını da üstə gəlsək, kəndçilərimizin səmimiyyəti başçını mütəəssir edir. Söhbət əsnasında məlum olur ki, nadir istisnalar xaric, bizimkilər başçının qəbul gününə getmirlərmiş. Onda başçı məəttəl qalır ki, niyə belə gözəl insanlar indiyə qədər onun qəbul gününə gəlməyiblər? Kəndimizin mənim də çox sevdiyim icra nümayəndəsi əsil səbəbləri təbii ki, başçıya deyə bilməyib. Orda olsaydım, heç mən də deyə bilməzdim ki, artıq bu adamlar çörəklərini daşdan çıxartmağı öyrəniblər. Qəbul növbələrinə hövsələləri çatmaz. Ki, o qəbulların ədaləti demək olar ki, qədim padşahların elçi daşındakı ibtidai təfəkkürə bərabərdir. Son zamanlar istisna olaraq özünün nadir hallarda qatlıdığı o günlərdə daimi əvəzedicisinin sadəcə hakimiyyəti təmsil etməsi belə, vətəndaşa ən ağır cavabdır. "Demək olarlar” ən yumşaq şəkildə bu qədərdir, bunun "demək olmazları” ayrıca bir mövzudur ki, "desəm öldürərlər, deməsəm ölləm...” 
Bizimkilər normalda şikayətlənməyi sevməzdilər. Amma ölkədə sözü gedən uğurlu islahatlar barədə bir daha şəxsən başçının dilindən eşidən kimi iş barədə danışmağa ürəklənirlər. Yoxsa ki, kömür düzəldib satmaq artıq qaçaqmalçılığa dönüb. Zülüm-zillətlə əmələ gələn bir reysə o qədər diş qıcanır ki, külfətə tozdan-zəhərdən başqa bir şey qalmır. Daimi iş olsa, əlin-ayağı təmiz, itdən-qurddan uzaq birtəhər yaşamaq olar. Bəs hardan olacaq o iş? Rayonda illərdir daş-daş üstə qoyulmur. Kənddə bir otaqlıq icra nümayəndəliyindən və beş-alıt sinifli məktəbdən savayı ictimai tikili yoxdur. Oraların işçi limiti də dolub-daşır. Amma vəziyyət də dözülməzdir. Dükanlar nisyə vermirlər, uşaqların məktəb, hazırlıq xərcləri, kommunal borclar ərşə qalxıb. Xəstələnib eliyən olsa, bircə addım atmağa imkan yoxdur. Evdə-eşikdə ələ gələn bir şey də qalmayıb ki, dəyər-dəyməzinə bir dərdinə verəsən. 
***
Növbəti qəbul günü çatan kimi bizim işsizlər rayona cavab ziyarətinə gedib konkret iş yeri kimi məktəbi göstərirlər. Bir evdən iki nəfər işləyənlər xüsusi qeyd olunur.
Başçı məsələ ilə bağlı yerli icra nümayəndəsinə "müvafiq tapşırıqlar” verir. Yüz ilin od qonşusu nümayəndə qismində qardaşıma zəng vurub həyat yoldaşı ilə ikisindən birinin ərizə yazmasını xahiş edir. Eyni evdən gözətçi-xadimə işlədiklərinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qədər gedib çıxdığını söyləyir. İllərdir heç bir nöqsansız, töhmətsiz işləyən gözətçi qardaşım ərizəsini yazır. Banka kredit ödədiklərindən xadimə gəlinimiz işinə davam etmək məcburiyyətindədir. Yoxsa ona da yazdırardı. 
Bəyənmədiyimiz sovet vaxtı haqsız işdən çıxardılmış adamın yerinə uzaq tanışlar da gəlmirdilər. İndi bütün kəndin diqqəti beş manatlıq ölmə-diril dolanışıq üçün eyni ünvana dikilib. Neyləsinlər? Nəyin bahasına olur-olsun hamı özünün, ailəsinin güvəndə olmasını istəyir. Amma ailə çox, ştat az. Ara yerdə eyni durumdakı insanlar üz-göz olurlar. Budurmu islahat dedikləriniz? Birinin çörəyini əlindən alıb o birinə verməkmi? Hanı rəsmi tribunadan elan olunan Qəbələdə bu il açılmış minlərlə iş yeri? Olmaya bizim məktəbin xadimə-gözətçi ştatlarını da təzə açılan iş yerlərinə qatıblarmış? 
P.S. Qardaşım nəticədən asılı olmayaraq haqqını tələb etməyi bacaran biridir. İşdən savayı hər şeydən yoruldum, dedi. Özündən daha bir kəlmə danışmayıb yerinə gələn ailənin çox imkansız olduğunu söylədi. Düşüncəlidir, qürurludur qardaşım mənim. Saxtalıq, sünilik bilməz. Əsas da ehtiyacı olduğu halda qəlbən imtina etməyi bacarandır. Hər kəsə nəsib olmayan bu nadir xüsusiyyətinə görə daha çox sevirəm onu. Şəxsi hislər deyil, sadəcə özümüzdən kiçiklərin həyat dərsindən sonra bir az duyğulanır adam...