Xəbər lenti

Kəsirə görə pul ödənişi rüşvətin rəsmiləşmiş formasıdır? - Deputatın çıxışı etirazla qarşılandı
Ölkə12:15 05.11.2022

Kəsirə görə pul ödənişi rüşvətin rəsmiləşmiş formasıdır? - Deputatın çıxışı etirazla qarşılandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin bu gün baş tutan iclasında deputat Siyavuş Novruzov qiyabi və axşam təhsili məsələsinin bərpasına ehtiyac olduğunu bildirib: "Axşam təhsili bərpa olsa, tələbələr həm işləyib, həm təhsil ala bilərlər”.
Deputat həmçinin qeyd edib ki, tələbələrin kəsirə görə pul ödəməsi rüşvətin rəsmiləşmiş formasıdır: "Bir çox universitetlər kəsirləri pulluya keçirib. Bu, elə rüşvətin rəsmiləşmiş formasıdır. Əvvəllər müəllim pul alıb qiymət yazırdı, indi kəsirə görə pul verilir. Tələbə onsuz da təhsil haqqı ödəyir. Valideyn də verdiyi pulun hesabatını istəyəndə ona cavab verilmir. Əgər, bir tələbənin 6 kəsiri varsa, elə təhsil haqqının yarısı miqdarında kəsirə pul ödəməli olur”. 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, kəsirə görə pul ödənilməsi korrupsiya faktı deyil. Bu hal müəllimə əlavə dərsə görə kompensasiya ödənilməsi məsələsidir:
"Azərbaycan Boloniya sisteminə qoşulduqdan sonra kreditlərin ödənilməsilə bağlı olaraq tələbələr öhdəlik götürür. Yəni, onların kəsir aldığı hər hansı bir fənnə görə müvafiq kredit hesablanır. Bunun əvvəlki dövrdən fərqi odur ki, tələbənin kəsiri çıxırdısa, qeyri-qanuni yolla kifayət qədər yüksək məbləğə kəsirlər həll olunurdu. Boloniya sistemində isə fənnin yay məktəbində tədrisi nəzərdə tutulursa, tədris edən müəllim müvafiq olaraq həmin fənlərə görə itirdiyi zaman üçün kompensasiya almalıdır. Kompensasiya isə tələbənin ödənişi əsasında mümkündür. Yəni, Boloniya sistemi burada şəffaflıq yaradır. Amma bundan əlavə müəllim rüşvət istəsə, təbii ki, bu artıq korrupsiya faktıdır. Məsələn, tələbə 5 kreditə görə 80 manat ödəniş etməlidirsə, amma daha çox 150-200 manat tələb olunursa, bu artıq korrupsiya faktıdır”. 
Həmsöhbətimiz qiyabi təhsilə qarşı çıxsa da, axşam təhsilinin vacib olduğunu düşünür:
"Pedoqoji, tibbi, informasiya texnologiyaları, kompüter mühəndisliyi və s. sahələrdə qiyabi təhsilin olması məqbul deyil. Pedaqoq, tibb işçisi müvafiq olaraq öz ixtisasını mənimsəməlidir ki, sabah normal çalışa bilsin. Bir aylıq qiyabi təhsillə bu ixtisas sahiblərinin təcrübə toplayacaqları isə sual altındadır. Qeyri-pedaqoji ixtisaslar üzrə, tələbənin 1 ay ərzində təcrübə olaraq öyrənə bildiyi sahələr üzrə isə qiyabi təhsilin olması mümkündür. Axşam şöbəsi isə işləyən təbəqənin maraqları nəzərə alınmaqla bərpa olunmalıdır”. 
Rüfət Sultan