
Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu “Todays Zaman” qəzetinin azərbaycanlı redaktoru Mahir Zeynalovun ölkədən deportasiyasına münasibət bildirib. APA-nın xəbərinə görə, jurnalistlərin suallarını cavablandıran K. Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğan haqqında sərt ifadələr işlədib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri bildirib ki, hər siyasətçinin tənqidə ehtiyacı var: “Bir jurnalist “twit” atdı deyə ölkədən çıxarılırsa, bu, həmin qəzetin və jurnalistin gücünü, onu ölkədən çıxaran siyasətçinin isə zəifliyini göstərir. Medianın xalq adından sual vermək hüququ var. Baş nazir özünə yaxın media ordusu formalaşdırmaq istəyir, bu, yolverilməzdir”.