Prezident seçkisinə qatılan qurumların mitinq keçirmək planı varmı? “Media forum” saytı sualı prezidentliyə namizədliyi təsdiqlənmiş şəxslərə ünvanlayıb.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib ki, bir neçə mitinq keçirəcəklər: “Bu, strategiyamızda var. Prezident seçkisinə 2008-ci ildə istifadə etdiyimiz “Dəyişək” şüarı ilə gedirik. Mitinqləri seçki qrafiki müəyyən olunduqdan sonra, təbliğat-təşviqat kampaniyası çərçivəsində edəcəyik”.
“Azərbaycan – 2013” hərəkatının lideri, politoloq Ərəstun Oruclu bildirib ki, təbliğat kampaniyası dövründə mitinq keçirəcəklər: “İndi əsas gücümüzü imza toplamağa sərf edirik. Şüarlarla bağlı bir neçə təklifimiz var. İmza toplanışını başa çatdırdıqdan sonra şüarımızı dəqiqləşdirəcəyik”.
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə mitinq keçirməyin vaxt itkisi olduğunu söyləyib: “Ona görə də mitinq keçirmək niyyətimiz yoxdur. “Cəmiyyətdə ən nüfuzlu şəxs ana, müəllim, hərbçi olmalıdır” fikri şüarımızdır”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, partiya piar kampaniyasının detallarını namizədliyi rəsmən qeydə alındıqdan sonra açıqlayacaq: “Mitinqlər keçirəcəyik. Bir bunu deyə bilərəm”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev partiyanın seçkidəki şüarlarını açıqlamaq istəmədiyini bildirib: “Əlbəttə, təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinqlər keçirəcəyik. Amma şüarımızı indidən açıqlamaq istəmirəm”.
Qaynar.info