Ölkə 13:07 02.06.2023

“Kimdir bu saxta işin arxasında duran?” - Ramin Hacılı həbsi barədə detalları açıqladı

Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının apellyasiya şikayətinə baxılıb. 

Qaynarinfo xəbər verir ki, mayın 30-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə ictimai fəal qanunsuz həbs olunduğunu bildirib. O, həmçinin birinci instansiya məhkəməsinin hökmünü ədalətsiz hesab edib:

"Barəmdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, keçmiş MTN polkovniki Azad Məcidov tərəfindən təyin olunmuş qanunsuz və ədalətsiz hökmündən verdiyim şikayətə Bakı Apellyasiya Məhkəməsində baxırsınız. Sizə çox yaxşı aydındır ki, mənə qarşı irəli sürülən "istintaqa məlum olmayan şəxslərlə mütəşəkkil dəstə tərkibində birləşərək...” ittihamı qanusuzdur. Axı həmin "bilinməyən şəxslər” arqumenti ilə cəza təyin etmək qanunda yoxdur.

Mənə qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə cəza təyin olunub. Ancaq söhbətin hansı vəzifədən getdiyi məlum deyil.  
Mənə qarşı verilən ittihama görə, saxta sənəd hazırlamışam. Hanı həmin sənəd? İş materiallarında belə bir fakt yoxdur axı. Söhbət hansı sənəddən gedir? 

Mənə qarşı "rüşvət verməyə təhrik etmə” ilə də ittiham irəli sürülüb. Kimi kimə rüşvət verməyə təhrik etmişəm? Cinə, şeytana? Axı rüşvət verən yox, alan yox... Söhbət kimlərdən, nədən gedir?

Mən guya qanunsuz miqrasiya təşkil etmişəm. Hanı həmin qanunsuz prosesin iştirakçıları? Qanuna əsasən həmin şəxslər də qanunsuz sərhəd pozuntusuna görə məsuliyyətə cəlb olunmalı idilər. Dövlət tapa bilmir həmin şəxsləri? Və ya niyə kiməsə qarşı qanunsuz sərhəd pozuntusu ilə cinayət işi açılmayıb?”

İctimai fəal daha sonra bildirib ki, birinci instansiya məhkəməsində hakim Azad Məcidov ona son söz demək imkanı yaratmayıb. O, həbsdə olduğu müddətdə ağlasızmaz işgəncələrlə üzləşdiyini deyib: "Mənimlə eyni təcridxanada saxlanılan ermənilərə belə son söz ilə çıxış etmək hüququ verilib. Həbsdə oldugum bir il ərzində üzləşmədiyim işgəncə qalmayıb. Ağılasığmaz işgəncələr. Məhkəmədə sənədlərin tədqiqi prosesi olmadı. Mənim bununla bağlı yazdığım şikayətlərə də baxılmadı. Çünki sənədlərə baxılanda günahsızlığım məlum olur. Həmin iş materiallarında olan sənədlərdən - telefon danışıqlarının, ifadələrin, sübutların nəzərdən keçirilməsini vəsatət verərək Sizdən də xahiş etmişəm".

Ramin Hacılının sözlərinə görə, ittiham aktında və məhkəmədə heç bir bağlılığının olmadığı təsbit edilən şəxslər hansısa maraqlı qüvvələr tərəfindən mediada onunla əlaqələndirlir:
 
"Cəmiyyəti bu yolla aldadaraq məni cinayətkar qrupun tərkibində göstərmək kimə lazımdır? Mənə qondarma ittihamlarla cəza təyin edərək əsl cinayətkarları gizlədənlər kimlərdir? Məhkəmədə protokollar saxtalaşdırılıb. Məni tanımadıqlarını bildirən şahidlərin əvəzinə ifadələr yazılıb. Qanuna görə, məhkəmə proseslərinin audio yazıları olmalıdır. Hanı? Niyə bu qədər tələb etsəm də, qeyd etdiyim şahidlərin ifadə verdikləri prosesin nə audio yazıları təqdim olunur, nə də həmin şahidlər bu mübahisəyə son qoymaq üçün yenidən dindirilir. Mətbuatdan faktlar təqdim edirəm ki, həmin şahidlər məni tanımayıb və müstəntiqlərin tələbi ilə saxta ifadələri imzaladıqlarını bildiriblər. Yalnız həmin "ifadələr” əsasında mənim "saxta mühacir sənədi” verdiyim deyilir. Bu ifadələr də yalandır. 

Bəs kim və hansı məqsədlə məni bu yalanla şərləyir? Nəyə nail olunur bununla? Bəlkə kimlərsə bağlı qalan cinayət işini açdığını deyib mükafat alır bu yolla? Axı bu, dövləti aldatmaqdır. 

Əslində mənə 8 il 9 ay 10 gün həbs cəzası təyin edərək, oradan istintaq müddətində həbsdə saxlanıldığım müddəti çıxaraq, 7 il 7 ay 14 gün saxlayıb cəmiyyəti aldatmaqdır. Bütün vasitələrlə mənə qarşı qanunsuzluqlar etmək və yazdığım bütün müraciətlərimin cavabsız qalmasıdır. Kimdir bu saxta işin arxasında duran?”

İctimai fəal əlavə edib ki, o, 2019-cu ilin mart ayında Prezidentin tövsiyə məktubu ilə azadlığa çıxıb: "Cənab Prezidentin adı çəkiləndən sonra mən mübahisə etmədən müstəntiqin yazdığı bütün borcları üzərimə götürdüm və 2021-ci ilin iyul ayına qədər 154 min manat borcun 117 min manatını ödədim. Pandemiya, müharibə dövründə borcları necə ödədim? Həmin vəsaitlər kimdə idisə, onlardan hissə-hissə alıb vətəndaşlara qaytardım. 3-5 aya borcları tam olaraq bitirəcəkdim. Bunu görənlər məni yenidən həbs etdilər.

35 nəfərdən cəmi 7-si qalmışdı. Onlara da ödənişlər edirdim. Bunu gördüyü üçün Nərimanov Rayon Məhkəməsi mənə şərti cəza təyin etdi. Yeri gəlmişkən deyim ki, 2019-cu ildə azadlığa çıxdıqdan sonra məni həbs etmək üçün təqib edirdilər. Lakin heç bir əsas tapa bilmədilər. Yenidən köhnə işlə həbs etdilər. Hansı ki, həmin işə Prezident son qoymuşdu. Biz bilirik ki, Prezidentimizin sözü imzasıdır. Bunun əksini göstərməyə çalışanlar kimlərdir?

Bütün materiallar qabağınızdadır. Baxın, lütfən, 9 iyul 2021-ci ildə mən həbs olunanda ortada kiminsə şikayət ərizəsi olubmu? Olmayıb. Bəs istintaq niyə 10 iyul 2021-ci ildə "Ramin Hacılıdan vətəndaşlar şikayət etdiyi üçün həbs olunub” açıqlaması verərək yalan danışıb?
 
Mən bu sualı müstəntiqə verdim. O dedi ki, "biz ölkə rəhbərliyinə sənin barəndə məruzə edərək həbs etmişik, sözümüzü dəyişən deyilik!” Mən "Axı ona yalan demisiz” deyəndə, "sənə yox, bizə inanacaqlar, boşuna əziyyət çəkmə” dedi”.

Növbəti proses iyunun 14-də keçiriləcək.

Seyid