Xəbər lenti

Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA
Ölkə 18:29 04.10.2025

Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA

Şanlı İkinci Qarabağ savaşından 5 il ötür. Bu müharibədə iştirak edib, öz qanı və canı bahasına zəfərin əldə olunmasında iştirak edən hər kəs bu gün böyük ehtiramla yad edilir.

44 günlük müharibədə 3 minə yaxın şəhid verdik, onminlələrlə soydaşımız isə şərəfli qazi adını qazandı.

Bu gün şəhidlərlə yanaşı qazilərimizə qarşı xüsusi hörmət var. Amma bəzi hallarda qazilərə fərqli münasibət görürük. Bu isə qətiyyən doğru yanaşma deyil.

Bəri başdan deyək ki, Birinci Qarabağ savaşının bütün iştirakçıları müharibə veteranıdırlar. Amma İkinci Qarabağ savaşının sağ qalan bütün iştirakçıları isə həm müharibə veteranı, həm də qazidirlər.

Niyə?

Səbəb çox sadədir. Qazi döyüşdən qalib dönənə deyirlər. Nəzərə alaq ki, qazi sözü ərəbcədəki qəzənfər, qəz, qəzavət və s. sözlərilə eyni kökdən olub mənası qalib (qalib gələn, müzəffər olan) deməkdir.

Bu da o deməkdir ki, qazi sözünün dilimizə tərcüməsi, leksik baxımdan ümumi mənası qalib əsgər, qələbə çalan döyüşçü kimi anlaşılmalıdır. Bu baxımdan da qazi ifadəsi təkcə yaralı döyüşçüyə, döyüşlərdə sağlamlığını itirən, əlil olan əsgərə deyil, ümumiyyətlə, qalib gəlmiş bir ordunun bütün əsgər və zabit heyətinin hər bir üzvünə şamil edilməlir.

Çox təəssüf ki, Birinci Qarabağ savaşında biz döyüşləri uduzmuşuq. Ona görə də həmin döyüşlərdə iştirak edənlər qazi yox, müharibə veteranıdır.

Nəzərə alaq ki, rəsmi olaraq qazi ifadəsi işlənmir. Məsələn Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaralanan döyüşçülərin hamısına bu faktı təsdiqləyən şəhadətnamə verir. Həmin şəhadətnamədə "Azərbaycan Respublikasını müdafiəsi zamanı yaralanmışdır” sözü yazılır.  Şəhid olubsa, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub”, müharibə iştirakçılarının hamısı üçün isə "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib” kimi qeydiyyat aparılır.

Qazi ifadəsi sadəcə ehtiram mənasında, bəzənsə müharibə veteranının qısaldılmış formasında işlədilir.

Təbii ki, həm birinci, həm də ikinci Qarabağ savaşında iştirak edən, şəhid olan hər kəs eyni hörmətə və qayğıya malikdir. Dövlət tərəfindən hər iki müharibənin iştirakçısına eyni cür yanaşma var.

Amma bəzən cəmiyyətdə, hətta dövlət qurumlarında bilərəkdən və yaxud bilməyərəkdən müharibə veteranlarına fərqli yanaşma sərgilənir. Məsələn bəzi hallarda veteranlara müəyyən diqqətsizlik göstərərək "sən qazi deyilsən”deyirlər. Belələrinin məntiqincə, müharibədə yaralanmamısansa və yaxud sağlamlığını itirməmisənsə sən qazi sayılmırsan.

Bu cür yanaşma kökündən səhvdir.

Əgər vətəndaş Müdafiə Nazirliyinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib” sözləri yazılmış vəsiqə göstərirsə və o İkinci Qarabağ savaşının iştirakçısıdırsa o həm qazi, həm də müharibə veteranıdır. Lakin Birinci Qarabağ savaşının iştirakçıları yalnız müharibə veteranıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->