
Ötən gün "Bakı" filminin çəkilişi ilə bağlı Bakının bəzi mərkəzi küçələrinin bağlanması xəbərini vermişdik.
Bir çox vətəndaş da yaranan tıxacların və digər problemlərin yaranmasına etiraz etmişdilər.
Bu gün isə Füzuli meydanının qarşısındakı yeraltı keçidin Xarici İşlər Nazirliyi tərəfinin bağlanması başqa problemlər yaratdı.
Beləki, Qaynarinfo.az-ın əməkdaşı yeraltı keçidin sağ tərəfindən çıxmaq istəyərkən ona icazə verilməyib. Polis əməkdaşı kino çəkildiyini və yolun üstü ilə keçməyini bildirib. Halbuki həmin yol dördzolaqlıdır və kifayət qədər təhlükəlidir. Vətəndaşlar isə narazı olsalar da, təhlükəli yoldan keçirdilər.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq.
Suallarımızı cavablandıran qurum rəsmisi bildirdi ki, zəruriyyət yarandıqda polisin göstərişi qanunazidd olsa belə, ona əməl etmək tələb olunur:"Adı çəkilən ərazidə əgər yeraltı keçidin bir giriş-çıxış hissəsi bağlıdırsa və polis yerin üstü ilə keçməyi tələb edirsə bu qanun pozuntusu deyil. Ancaq bu zaman da polis əməkdaşları vətəndaşların təhlükəsizliyini bərpa etməli və yolu nizamlamalıdır".
Pərvin Zeynal
Qaynarinfo.Az





