Xəbər lenti

“Kitayski” yuxular
Nazlı Ağayeva
06:39 25.11.2019

“Kitayski” yuxular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazlı Ağayeva
– İslahat nə olan şeydi, a bala?
– İslahat... Baxır harda gedir də, Cəvahir xala. Yəni, bir şeyin daha yaxşısı ilə əvəzlənmək ehtimalı və yaxud tam əksi ola bilər. Məsələn...
– Yorma özünü, a bala. Anladım.
– Nə yaxşı, Cəvahir xala. Heç mən özüm nə dediyimi anlamamışdım.
– Elə mən də onu anladım, a bala...  
***
...Normal vətəndaşın ehtiyacı olan hər şeyin bolluğuna düşmüşəm. Amma sevincək əlimi uzatdığım o şeylər bir anda şar kimi havaya qalxıb görünməz olur. Yenə cəhd edirəm, yenə həmin şey. Dəfələrlə təkrar olunan uğursuz səhnələrdən ürəyim partlamaq dərəcəsində sıxılır, başım gicəllənir. Qəfildən oyanmasaydım, gül kimi ölüb getmişdim. O da qismət olmayandan sonra bir az özümə gəlim deyə şəhəri dolaşmaq istədim.
Marşruta mərkəzi parkdan başladım. Onlarla adam parkda "vaxtı öldürərək” evə qayıtmaq üçün səbirsizliklə nahar fasiləsini gözləyirdi. Deyilənə görə yaxın zamanlarda işsizlərin mədəni istirahətini daha da zənginləşdirmək üçün şəhərdə əlavə doqquz müasir park salınacaq. 
Hərçənd parkda fəvvarələrə su yalnız şəhərə önəmli qonaqlar gələndə vurulur. Olsun, yerli əhali onsuz da sudan toxdu. Hətta atalar misalımız var ki, "acın zəhləsi sudan gedər”. Amma nə işdirsə, çayxanalar bu misala daxil deyil. Evdə təzədəm çayın üzünə baxmayanlar çayxanalarda ikinci əl çayı belə pəhəpəhlə içərlər. Hələ hər yeni müştərinin eyni qənddanı yırğalayıb guya altdakı əl dəyməmiş təbəqəni üstə çıxartması başqa aləmdir. Bu arada dəyiş-döyüş edilən icra başçıları çayxana qənddanından çıxırlar elə bil. Ha yırğala, yenə birinci əl olmur. Qənddanı dağıdıb kisənin ağzını açsalar da, həmin şeydi. Anlayacağımız işlənməmiş icra başçıları başqa planetlərdən gəlməlidilər. Bizim nəslin böyük və unudulmaz Məmməd Nazimoğlusu demişkən, buralarda "hamımız bir zadıq, çün çayxanələrdən çıxmışıq”...
Yaxınlıqdakı çayxanada boş bir masa tapıb əyləşdim. 
Yan qonşularım qarşılarındakı kağızlara baxa-baxa elə mübahisə edirdilər ki, sanki elmin ən vacib məsələlərindən birini bu andaca həll edəcəkdilər. Sevincək özümü bir az yaxına sürüşdürəndə məlum oldu ki, bütün bu hay-küy futbola hesab vermək üstündə imiş. Doğrusu, əvvəl bir az pərt oldum. Sonra düşündüm ki, elin əcnəbi futbolu barədə bu qədər məlumatı yadda saxlamaq da indiki vaxtda baş istəyir. Olmayan yerdə buna da şükür, deyib ətrafa göz gəzdirdim. 
İkinci masada yaşlı və ağıllı görünən zatlar əyləşmişdılər. Aralarında özünü daha məlumatlı göstərmək istəyən birisi ölkəmizdəki tərəqqini araşdırmaq üçün Avropadan komissiya göndərildiyi barəsində danışırdı. Guya ki, o komissiya bir il çalışdıqdan sonra buranın insanlarının maksimum qənaətlə yaşamağa öyrədildiyini, həmin qənaət hesabına əldə olunan vəsaitin otel və villaların tikintisinə yönəldiyini aşkar edibmiş. Lakin bizim rəsmilərimiz bu təcrübəni Avropada sınaqdan keçirməyi məsləhət görməyiblər. Çünki avropalılar bizim kimi vətənpərvər deyillərmişlər və heç bir səbəbdən heç cür məhdudiyyət qəbul etməzlərmiş. Öz demokratiyasının içində boğulan bədbəxt Avropa. Hələ də bilmir ki, demokratiyanın əsası məcburiyyətdir...
Başqa bir masada oturanlar nazir Kamaləddin Heydərovun yoxsa milyarder Bill Qeytsin daha varlı olduğunu araşdırmaqla məşğul idilər. Milli təəssübkeşlər sözsüz ki, bizim nazirin tərəfində durmuşdular. Digər tərəfin istinad etdiyi arqumentləri qeydsiz-şərtsiz rədd edərək rəqiblərini az qala vətənə xəyanətdə qınayırdılar. Tədricən o qədər qızışdılar ki, qəflətən uzanan bir şəhadət barmaq o biri tərəfdən kiminsə gözünə girdi və müzakirə var-yox mərhələsinə keçdi. Tələsik qalxmaq istəyəndə qaynar çayniki əlimin üstünə dağıtdım. Tərəflər yalnız o zaman məni görüb səslərini bir az aşağı saldılar. Bir nəfər hətta "bacı oxumuş adamdır, bəlkə o bilər” deyə mənə yaxınlaşdı. Oxumuş adamlığımın belə mürəkkəb məsələlərdə keçərli olmadığını etiraf edib uzaqlaşdım. 
Evə çatar-çatmaz göynəyən barmaqlarımı üfürə-üfürə həmin o bolluq sevdası ilə internetə girdim. Qiymətlər od tutub yanırdı. Bir əlim odda, biri suda yuxum axır ki, "çin” oldu...
***
Ondan bəri yuxu-zad görəndə özfəaliyyət göstərməyib dərhal qonşu Cəvahir xalagilə gedirəm. Məhləmizin "avtoritet” ağbirçəyi üzümü görən kimi məsələni anlayıb soruşur:
– Gecənin hansı vaxtı baxsam işığın yanır, a bala. Sən o "kitayski” yuxuları hansı macalda görürsən axı? 
Cəvahir xalanın cavaba ehtiyacı yoxdur. Qorxma, gözüm üstündədir, demək istəyir...