Siyasət 19:31 19.08.2022

Kiyev Qərbin şərtlərinə razı olmadı, Kreml nüvə silahından istifadə edəcəyini bildirir (ŞƏRH)

Lvov şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski, BMT Baş katibi Antoniu Quterreş və Türkiyə Prezidenti arasında baş tutan görüşdə çoxsaylı məsələlər müzakirə olunsa da, belə görünür əsas məsələ ətrafında razılıq əldə olunmayıb. Belə ki, görüşdən dərhal sonra Zelenski mətbuata açıqlamasında bildirib ki, Rusiya Ukraynadan ordularını tam çıxarmayana qədər müharibə davam edəcək.
 
"Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”, -deyə o bildirib.
 
Bu isə o anlama gəlir ki, Lvova səfər edən BMT və Türkiyə liderlərinin sülh sazişinin əldə edilməsi ilə bağlı istəkləri nəticə verməyib. Zelenskinin sözlərinə görə, Ərdoğanla danışıqlar zamanı tərəflər aşağıdakıları da müzakirə ediblər:1)taxıl təşəbbüsünün təkmilləşdirilməsi,2) Zaporojye AES ətrafında vəziyyət, 3) Rusiyanın nüvə şantajı, 4) müvəqqəti işğal olunmuş ərazilərdə rus hərbçiləri tərəfindən taxılın oğurlanması və müdafiə sahəsində əməkdaşlıq məsələləri.

Türkiyə Prezidenti Ərdoğan isə bildirib ki, görüşdə əsirlərin mübadiləsi məsələsi də müzakirə edilib. O qeyd edib ki, baş tutan görüşün nəticələrini Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edəcək.

Görüşü Qaynarinfo-ya şərh edən politoloq Tural Rzayev bildirir ki, sülhün yaradılması istiqamətində göstərilən təşəbbüs nəticə verməyib:

"Ukrayna-Rusiya münaqişəsində sanki status-kvo, sabitlik yaranıb. Təmas xəttində normallaşma qeydə alınır. Bu da onunla bağlıdır ki, hazırda döyüşən tərəflərdən heç biri  əhəmiyyətli irəliləyişlərə nail ola bilmir. Nə Rusiya əlavə vilayət və ya böyük şəhəri işğal edə bilir, nə də Ukrayna hər hansı bir böyük əraziləri işğaldan azad edə bilir. Belə vəziyyətdə status-kvonun necə dəyişəcəyi daha çox anqlo-sakson blokunun Ukraynaya verəcəyi silah-sursat və kəşfiyyat məlumatları yardımından asılıdır.  Rusiyanın da müəyyən problemləri var. Ukraynada olan bir çox  balistik raketlər artıq Rusiyaya gətirilir. Bu da Rusiyanın balistik raketlərində sürətli tükənmənin baş verdiyinin göstəricisidir. Bütövlükdə, Rusiyanın silah-sursatı tükənmək üzrədir. Ona görə də Kreml indi daha çox müdafiəyə keçib. Belə bir zamanda, BMT Baş katibilə Türkiyə Prezidenti sülh yaratmaq təşəbbüsündə bulundular. Onlar heç bir tərəfin irəliləyə bilməməsindən, döyüşlərdə müəyyən sabitləşməsinin olmasından faydalanaraq, daimi atəşkəsin yaradılmasına çalışdılar. Lakin alınan mesaj odur ki, Zelenski ABŞ-ın ona güclü dəstək verəcəyinə arxayın olduğundan aparılan danışıqlar fonunda daha radikal açıqlamalarla çıxış etdi.  Kiyev Rusiya ordusunun Ukraynadan tamamilə çıxmalı olduğunu bildirdi”. 

Ekspert qeyd edir ki, hadisələrin bundan sonrakı gedişi anqlo-sakson blokunun Zelenskiyə nə qədər dəstək verəcəyindən asılı olacaq:"Putin də bu fonda Qərbi nüvə silahı ilə hədələyə bilər. Ukraynanı ram etmək üçün gücü tükənən Rusiyanın ən sonda nüvə silahından istifadə edib-etməyəcəyi proses ətrafında bundan sonrakı hadisələrin necə formalaşacağından asılı olacaq”.

Rüfət Sultan