"Azərbaycan öz keçmişi ilə fəxr edə biləcək ölkədir"
Bakıda Avropa Birliyinin əsasını qoyan Şuman Deklarasiyasının imzalanmasının 63-cü ildönümü qeyd olunub. APA-nın məlumatına görə, mərasimdə giriş nitqi söyləyən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia missiyasının başa çatmasından təəssüfləndiyini bildirib.
O qeyd edib ki, dörd il əvvəl Azərbaycana gələrkən gördüyü ölkə indiki ölkədən çox fərqlənir: “Bu illər ərzində Azərbaycan inkişaf edib. Azərbaycan və Avropa Birliyi münasibətləri irəli aparıblar, hətta demək olar ki, Azərbaycan və Avropa Birliyi birlikdə böyüyüblər”.
Səfir qeyd edib ki, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başa çatmaq üzrədir: “Bu, insanlarımızı daha da yaxınlaşdırmağa imkan verəcək. Azərbaycan öz keçmişi ilə fəxr edə biləcək, bu günlə idarə olunan və gələcəyə baxan bir ölkədir”.
Avropa Günü barədə danışan Roland Kobia bildirib ki, vahid Avropanın yaradılması birgə iş nəticəsində mümkün olub: “Təbii ki, bu bir günə deyil, zamanla baş tutub. İndi heç kimin ağlına gəlmir ki, Avropada yenidən müharibə baş verə bilər”.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev səfiri və qonaqları Azərbaycan hökuməti adınan Avropa Günü münasibətilə təbrik edib. Azərbaycanla AB arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir bu münasibətlərin qarşılıqlı maraq və tərəfdaşlıq prinsipləri əsasında qurulduğunu deyib.
Şahin Mustafayev Azərbaycanın xarici ticarət dövriyyəsinin 42 faizinin Avropa Birliyi ölkələrinin payına düşdüyünü deyib.