Xəbər lenti

Koronavirusla bağlı tətil günləri necə kompensasiya oluna bilər? (EKSPERT)
Ölkə11:22 04.03.2020

Koronavirusla bağlı tətil günləri necə kompensasiya oluna bilər? (EKSPERT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aprel ayında heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən həftə sonu üçün məktəblərdə dərs günü elan edilə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin tətil günlərinin necə kompensasiya olunacağı ilə bağlı məlumatı cavablandırarkən deyib. O, qeyd edib ki, 5 günlük məktəblərdə 4 həftə ardıcıl olaraq şənbələri dərs günü etməklə tətil elan olunmuş 4 günü əvəz etmək mümkündür:
"Nazirlər Kabinetinin qərarında tətillərin yerinin dəyişdirilməsi məsələsi yox idi. Pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir. Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dördgünlükdür. Düşünürəm ki, aprel ayında heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən həftə sonu üçün məktəblərdə dərs günü elan edilə bilər. Belə ki, 5 günlük məktəblərdə 4 həftə ardıcıl olaraq 6-cı gün dərs günü etməklə tətil elan olunmuş 4 günü əvəz etmək mümkündür”.
Kamran Əsədov vurğulayıb ki, ikinci bir versiya isə dərslərin birləşdirilməsidir: 
"Yəni yalnız 4 dəfə olmaqla ardıcıl olan dərslər birləşdirilir. Bu da elə ciddi və təhlükəli bir məqam deyil. Elan edilmiş tətil 15 gündən artıq olsaydı, dərslər 14 iyun tarixində bitməyəcək və əlavə 15 gün də dərslər davam edəcəkdi. Bu o deməkdir ki, əlavə təhlükə olmasa, əlavə tətil gününə ehtiyac olmasa, dərslər öncədən planlaşdırılmış vaxtda, 14 iyunda başa çatacaq. Tətilin verilməsi o demək deyil ki, məktəblərimizdə koronavirus var. Xeyir, məktəblərimizdə yoxdur, ancaq digər başqa yerdə ola bilər. Ona görə əgər məktəblilər dərsə getmirsə, maksimum dərəcədə əhalinin sıx toplaşdığı yerlərə getməməli, kütləvi yerlərdə olmamalıdır. Yaxşı olar ki, valideynlər bunu nəzərə alsınlar”. 
Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov tətil müddəti ilə əlaqədar tədris müddətinin uzadılıb-uzadılmayacağı məsələsindən danışarkən tətil günlərinin necə kompensasiya olunacağı ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.
Bahar Rüstəmli