"Karantin bizdən tələb etdi ki, verdiyimiz qərarları bir az sürətləndirək”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Bizim market"in marketinq direktoru Pərviz Əzimov gələcəkdə hər hansı bir pandemiyanın mənfi nəticələrindən biznesi sığortalamaq üçün istifadə ediləcək üsullardan danışarkən deyib.
Pərviz Əzimov qeyd edib ki, ölkəmizdə olan bizneslərin 95%-i ənənəvi biznes modelləridir:
"Təəssüf ki, Azərbaycanda əksər bizneslər rəqəmsallaşmayıb. Bununla bağlı proseslər çox ləngiyir. Pandemiya dövrü bir daha göstərdi ki, bizneslər sürətli şəkildə rəqəmsallaşmalıdır. Ənənəvi mağazaların əksəriyyəti karantin dövründə fəaliyyətini dayandırsa da, rlrktron ticarətin dövriyyəsi kifayət qədər artmağa başladı. Əvvəllər də mütəxəssislər deyirdi ki, şirkətlər elektron qanadını gücləndirməli və bunu ciddi bir satış kanalı kimi görməlidir. Xarici ölkələrdə ciddi elektron ticarət nəhəngləri var, bizdə də bununla bağlı işlər görülməlidir. Amma sahibkarlar, iş adamları bir çox hallarda bu işi ya ikinci plana atırdılar, ya da elektron ticarəti ciddiyə almırdılar. Pandemiya dövrü onların nə qədər yanıldığını sübut etdi. Azərbaycanda hansı şirkətlər ki, elektron ticarətə qismən və ya tam hazır idilər, onlar vəziyyətdən xeyli yaxşı çıxdılar. Ola bilsin ki, əvvəlki qədər satış edə bilmədilər, amma heç bir satış edə bilməyən şirkətlərlə müqayisədə elektron ticarəti olan şirkətlər çox ziyana düşmədilər. Vəya qazanc əldə etdilər. Azərbaycanda şirkətlər tanyıram ki, heç bir mağaza işləməyən vaxtlarda normalda olan dövriyyənin 60-70% -i qədər elektron ticarətdə satış etdilər.
İkinci problem isə Azərbaycan şirkətlərinin idarə edilməsindəki ənənəvi bürokratik problemlərdir. İri şirkətlərdə bir qərarın qıbul olunması çox ləng gedir və çoxsaylı pillələrdən, prosedurlardan keçir. Karantin dövrü onu da göstərdi ki, bu cür ləngimələr şirkətləri geri salan əsas səbəblərdən biridir. Karantin dövrü şirkətləri daha çevik qərarlar qəbul etmək zərurəti ilə üz-üzə qoydu. Məsələn, Operativ Qərargah elan edir ki, iki gün sonra evdən çıxmaq qadağandır. Şirkətlər məcbur oldu ki, qərarları sürətləndirsinlər. Hər hansı kampaniyanın keçirilməsinə 10 gün ərzində qərar verməyə çalışan şirkətlər bu dönəmdə bir saata qərar verdilər”.
Pərviz Əzimov bildirib ki, Azərbaycan şirkətləri bu kimi halların yaşanacağı dövrlər üçün qismən də olsa, özlərini toparlaya bildilər:
"Şirkətlər indidən ola biləcək növbəti bu kimi hallara daha hazırlıqlı olmağa çalışacaqlar. Azərbaycanda 2014-2015-ci il ildə də neftin ucuzlaşması, 2 dəfə dolların bahalaşması zamanı da şirkətlər müəyyən dərslər almışdı. Heç bir işə yaramayan əməkdaşlar, boş yerə əmək haqqı alanları çıxarıb daha sanballı işçiləri cəlb etmişdilər. İndi də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün daha ağıllı və çevik əməkdaşları işə cəlb etməyə məcburdurlar. Artıq Azərbaycan şirkətləri öz xərclərini daha dəqiq hesablamağa və optimallaşdırmağa başlayıblar. Yalnız bu halda ciddi itkilərdən sığortalana biləcəklər",
Bahar Rüstəmli