
Rəsmi Novruz şənliklərində Kosa obrazını canlandıran aktyor Qafar Novruzlu müraciət göndərərək prezident İlham Əliyevə səslənib.
O yazır: “1997-ci ildən dövlət səviyyəsində keçirilən Novruz şənliklərində Kosa obrazını mən canlandırmışam və ulu öndərimiz tərəfindən diqqətlə izlənmişəm. Sizin hakimiyyətə gəlişinizdən sonra keçirilən Novruz tədbirlərində də oynadığım obrazı öz dolğunluğu ilə çatdırmağa çalışmışam”.
Qafar Novruzlu qeyd edir ki, Mədəniyyət Nazirliyi onu diqqətdən kənar qoyub: “2009-2010-cu illərdə məni dövlət tədbirlərindən kənarlaşdırdılar: “Sizin tələbinizlə 2011-ci ildə haqq yerini tapdı və məni dövlət tədbirinə dəvət etdilər. Sənətimə görə yüksək adlar vədi verildi, amma təəssüflər olsun ki, bu vədlərə əməl etməyib məni bu il də Novruz şənliyindən uzaqlaşdırdılar. 2011-ci ildə Siz mənim 2 il tədbirdə iştirak etməməyimin səbəbini soruşduqda efir mədəniyyətini nəzərə alıb Sizə düzgün cavab verə bilmədim. Mən əminəm ki, dövlət tədbirlərində 15 illik fəaliyyətim dövründə heç bir kobud səhvə yol verməmişəm. Məni düşündürən Mədəniyyət Nazirliyinin biganəliyidir. Əminəm ki, müraciəti diqqətlə araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz”.
Qafar Novruzlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olduğunu, Bakı şəhərində musiqi texnikumunu bitirdiyini, 1994-cü ilə kimi “Dastan” və “İrs” folklor ansambllarında çalışdığını, daha sonra aktyorluq sənətinə başladğını əlavə edib (mediaforum.az)


