Xəbər lenti

Kredit faizləri yenə qaldırıla bilər
Ölkə08:13 01.07.2015

Kredit faizləri yenə qaldırıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Mərkəzi Bankı banklara və bank olmayan kredit təşkilatlarına məktub göndərərək istehlak kreditləri üzrə tutulan komissiya haqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırıb.

Statistikaya baxdıqda, Mərkəzi Bankın tapşırığının “bahalı” tapşırıq olduğu məlum olur. Elə Mərkəzi Bankın məlumatına görə, 2014-cü ildə banklar 476,45 milyon manat qeyri-faiz gəlirləri əldə ediblər. Ötən il, 44 bank orta hesabla ayda təxminən 40 milyon manat qeyri-faiz gəliri əldə edib.

Ötən il, bankların 476,45 milyon manat qeyri-faiz gəlirlərinə qarşı qeyri-faiz xərcləri 909,14 milyon manat təşkil edib. Yəni, bankların 432,69 milyon manat xalis qeyri-faiz zərəri yaranıb.

2014-cü ildə bankların faiz gəliri 2 milyard 255,73 milyon manat, faiz xərcləri 986,44 milyon manat, xalis faiz mənfəəti isə 1 milyard 269,29 milyon manat təşkil edib.

Ümumiyyətlə, pərakəndə kreditlərin verilməsi üzrə ixtisaslaşmış bankların cəmi gəlirlərinin 20-25%-i qeyri-faiz gəlirləri, 80%-i faiz gəlirləri hesabına formalaşır.

Qeyri-faiz gəlirlərinə hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri, valyuta əməliyyatlarından gəlir, qiymətli kağızların satışı üzrə gəlir, təsərrüfat cəmiyyətlərdə iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir və verilən kreditlərə görə tutulan komisyon gəlirləri daxildir. Bir çox bankların qeyri-faiz gəlirlərinin 50%-dən çoxu verilən kreditlərə görə tutulan komisyon gəlirlərindən ibarətdir.

Əgər kommersiya bankları Mərkəzi Bankın tapşırığına əməl edib maksimum 1% komissiya haqları tətbiq etsələr, bu halda qeyri-faiz gəlirlərinin təxminən 50%-ni itirməli olacaqlar.

Qeyd edək ki, 2014-cü ilin birinci rübündə bankların əksəriyyəti devalvasiyaya görə qeyri-faiz gəlirləri üzrə zərər açıqlayıblar. Məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından itki qeyri-faiz gəlirlərinə aid edildiyindən belə bir zərər yaranmışdı.

QANUNA GÖRƏ BANKLAR SƏRBƏSTDİRLƏR

Bank sektorunun bir çox nümayəndəsi bildirir ki, Mərkəzi Bankın banklara göndərdiyi məktubun hüquqi qüvvəsi yoxdur. Belə ki, “Banklar haqqında qanunun” 36.6-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa görə də, BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.

KREDİT FAİZLƏRİ KOMİSYON HAQLARI DA NƏZƏRƏ ALINARAQ MÜƏYYƏNLƏŞDİRİLİR

Komisyon haqlarının aşağı salınmasının kredit faizlərinin artırılması ilə nəticələnəcəyi gözlənilir.

“Banklarda kreditlərin verilməsi qaydalarına görə” , Kreditlər üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsi. Bankdaxili qaydalarda ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrini müəyyənləşdirmək üçün istifadə edilən iqtisadi və bazar şərtləri, habelə müxtəlif amillər nəzərdə tutulmalıdır. Banklar kreditlərə tətbiq ediləcək faiz dərəcələrini müəyyənləşdirərkən resursların dəyərini, kreditlərə xidmət xərclərini, ümumi inzibati 8 xərcləri, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatı və yetərli miqdarda mənfəəti, portfel üzrə itkiləri, eləcə də əlavə komisyon haqlarının tutulub-tutulmamasını nəzərə almalıdırlar. (Marja)

Qaynar.info