"Rusiyanın MDB tədbirlərinə, xüsusən də liderlərin ilin sonunda keçirilən qeyri-formal görüşünə hər zaman ev sahibliyi etməsi Moskvanın keçmiş imperiyanı başqa adla qorumaq cabası ilə əlaqədardır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib:
Üzeyir Şəfiyev bildirib ki, MDB Sovet İttifaqının fiaskosundan sonra bu coğrafiyadakı subyektləri birləşdirən bir qurum kimi nəzərdə tutulub:
"Bu qurumun yaranması subliminal şəkildə SSRİ-nin şəkildəyişməsinə nail olmaq cəhdi idi. 1991-ci ilin 21 dekabrında qəbul olunan Alma-Ata bəyannaməsində aydın şəkildə qeyd olunur ki, MDB-yə daxil olan ölkələr vahid iqtisadi-siyasi məkan olmaqla yanaşı, xarici siyasətlərini də əlaqələndirməlidir. Bu bəyyanamədən görünür ki, Rusiya SSRİ dağılandan sonra beynəlxalq tribunada varis kimi qəbul olunmağa çalışır. Bununla bağlı Rusiyanın o zamankı prezidenti Boris Yeltsin ABŞ və Avropa İttifaqının da dəstəyini aldı. Beləliklə də, razılaşdırılmış şəkildə Rusiyanın dominantlığı ilə MDB çərçivəsində belə bir qurum yarandı. Ona görə də Rusiya həmin təşkilatda mərkəzçi quruma çevrilərək, daha çox ev sahibi kimi çıxış edir. Hərçənd MDB-nin yaranması üzrə sənəddə aydın şəkildə qeyd olunur ki, Rusiya SSRİ-nin varisi deyil. Amma Alma-Ata bəyannaməsində MDB vahid iqtisadi-siyasi məkan kimi göstərilir. Eyni zamanda, burada Rusiyanın beynəlxalq təşkilatlarda MDB üzvlərinin hüquq və öhdəliklərilə bağlı danışmaq səlahiyyətləri də qeyd olunub".
Ekspertin fikrincə, bu da onu göstərir ki, əslində Moskva MDB-yə imperiyanı saxlamaq üçün bir konfiqurasiya, forma kimi baxır:
"Bu mənada, Rusiyanın MDB tədbirlərinə, xüsusən də liderlərin ilin sonunda keçirilən qeyri-formal görüşünə daha çox ev sahibliyi etməsi də məhz Moskvanın keçmiş imperiyanı başqa adla qorumaq cabası ilə əlaqədardır. Onun nəticəsidir ki, Rusiyada müxtəlif səviyyələrdə MDB-nin vahid ittifaq dövlətinə çevrilməsinin vaxtının çatdığı barədə fikirləri də eşidirik. Rusiya gerçəkdə imperalist baxışlarını davam etdirir. Onun müxtəlif MDB ölkələrinə olan münasibətdə bunu hiss edirik".
Qeyd edək ki, 1991-ci ildə əsası qoyulan MDB-nin əsas tədbirləri hər zaman Moskva və ya Sankt-Peterburq şəhərlərində baş tutur. Xüsusən də, hər ilin sonunda baş tutan MDB liderlərinin qeyri-formal sammitinə də hər zaman Rusiya ev sahibliyi edir. Digər MDB ölkələri isə nədənsə bu məsələlərdə aktivlik nümayiş etdirmirlər.
Rüfət Sultan
Şərhlər