"Ermənistanın Rusiyadan asanlıqla qopması mümkün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Nikol Paşinyan hökumətinin son dövrlər Qərbə inteqrasiya prosesini sürətləndirməsi fonunda Rusiyanın susqunluğu pozaraq onu hansı halda cəzalandıracağını şərh edərkən deyib.
"Təsəvvür edin ki, Ermənistan dəmir barmaqlı qəfəsdə oturub. Qəfəsin qapısının kilidinin açarı isə Rusiyanın cibindədir. Ermənistan isə qəfəsdə ola-ola qışqırır ki, Qərbə doğru üz tutacaq. Qəfəsin içində olduğu müddətdə nə qədər qışqırsa da, xeyri yoxdur, istəyinə nail olmayacaq. Ermənilərdə dünya haqqında yanlış təsəvvürlər formalaşdırıb. Onlar özlərinə başqalarından fərqli müstəsna xalq kimi baxırlar. Buna görə də düşünürlər ki, beynəlxalq hüququ pozmağa, onu təftiş etməyə tarixi haqları var. Dünyada Rusiyadan başqa heç bir dövlət belə sərsəm fikirlər səsləndirmir", deyə politoloq bildirib.
Zərdüşt Əlizadə vurğulayıb ki, Rusiyanın gücü və nüvə silahı var:
"Ermənistanın isə gücü yoxdur. Ona görə də İrəvan həyata keçməyən istəklərilə özünü böyük fəlakətə sürükləyir. Digər tərəfdən, Rusiya Ermənistanın siyasi, iqtisadi, mədəni məkanına pərçimlənib. Ermənistan güclü tərzdə Avrasiya iqtisadi məkanına, KTMT təhlükəsizlik sisteminə, Rusiyada yaşayan erməni diasporu vasitəsilə də bu ölkə iqtisadiyyatına birləşib. Ermənistan bütünlüklə Rusiyanın enerji qaynaqlarından bəhrələnir. Belə bir şəraitdə Ermənistanın Rusiyadan asanlıqla qopması mümkün deyil. Ona görə də İrəvan sadəcə bəyanat verməklə kifayətlənir. Amma verdiyi bəyanatlara əməl etmək gücündə deyil”.
Qeyd edək ki, Paşinyan hakimiyyəti son zamanlar Qərbə inteqrasiya yolunu götürdüyünü daha aktiv şəkildə qabardır. Bu əsasda da İrəvan Moskvadan məsafə saxlamağa çalışdığını göstərir. Amma görünən odur ki, Rusiya İrəvanın bu şıltaqlığına sona qədər dözməyəcək. Son dövrlər bəzi rusiyalı deputat və XİN sözçüsü Mariya Zaxarovanın Paşinyan hökumətinin siyasətini kəskin tənqid etmələri onu deməyə əsas verir ki, Kremlin İrəvanla bağlı səbr kasası artıq tükənmək üzrədir. Belə vəziyyətdə isə Ermənistanın Qərbə doğru sürət götürməsi istər-ismətəz onun üçün də 2008-ci ilin Gürcüstan və Ukrayna variantının təkrarlanması ilə nəticələnə bilər.
Rüfət Sultan
Şərhlər