Xəbər lenti

Kremlin şantajçıları…
Ölkə10:48 10.07.2015

Kremlin şantajçıları…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eynullanın "ikili standartları" və Musabəyovun "düşən maskaları" 

Kremlin başlatdığı və Azərbaycan hakimiyyətinin daha böyük ehtirasla inkişaf etdirdiyi antiqərb "yürüşü”nə nəhayət, Rasim Musabəyov da qoşuldu. Zatən, Eynulla Fətullayevin deputata hücumunun məqsədi də elə bu idi. Musabəyovun Əliyev iqtidarına sədaqətini şübhə altına almağa çalışan Fətullayev deputatı öz mövqelərini qorumaq uğrunda addımlara sövq etdi. Bu da nəticə: Musabəyov "Düşən maskalar” adlı yazısı ilə "Qərbin ikili standartları” mövzusunda son günlər tez-tez səsləndirilən zəhlətökən tezisləri təkrarladı. 

Savadına şübhə etmədiyim politoloqun bu qədər bəsit arqumentlərdən istifadə etmək məcburiyyətində qalması, savadına şübhə etdiyim şəxslərlə eyni düşüncəni bölüşməsi və çeynənmiş cümlələri təkrarlaması gülünc olduğu qədər də ağrıdıcıdır. 

Musabəyov yazır ki, Avropa oyunları ərəfəsində ölkəmiz ciddi maddi və təşkilati yükün altına girdiyi məqamda Avropa strukturları Azərbaycanı siyasi məhbus adlandırılan məsələ ilə yükləyib. Məgər Avropa oyunlarından əvvəl elə həmin Avropa strukturları siyasi məhbusların azadlığını tələb etmirdi?  İndi "Qavnomyot” adlandırdığı Eynulla Fətullayevin həbsdən azad edilməsi tələbilə Qərbdə aparılan kampaniyanın miqyası yadından çıxıb, bəlkə... O vaxt da mı Avropa oyunları var idi? 

Axı hələ 1993-cü ildən - İsa Qəmbər həbs olunduğu gündən, ta bugünədək istər Amerika Departamentinin, istərsə də Avropa strukturlarının Azərbaycana dair bütün hesabatlarında siyasi məhbuslar problemi, insan haqlarının qorunmaması öz əksini tapıb. Bəs Avropa oyunlarına xərclənən maddi və təşkilati resursların məhbus məsələsinə nə dəxli var?! Yoxsa siyasi məhbusların azad edilməsi əlavə maddi və təşkilati resurslar tələb edir?

Musabəyovun yazısının qalan hissəsi də ənənəvi demoqogiyaya əsaslanır: "Qarabağın işğalı və azərbaycanlı qaçqınlar məsələsini həll etməyən Avropa strukturları siyasi məhbusların azadlığını niyə tələb edir sualı" və "ikili standartlar” ittihamı...

Təbii ki, Ermənistan işğalçıdır. Torpaqlarımızın 20 faizini "böyük qardaşı" Rusiyanın hesabına işğalda saxlayır, beynəlxalq tələblərə də məhəl qoymur. Amma Ermənistanın işğalçı olması hakimiyyətin günahsız insanları şərləyərək həbsə atmasına, ailələrini başsız, bəzilərinin körpə uşaqlarını gözü yolda qoymasına bəraət qazandırır? Axı elə həmin Avropa strukturları Ermənistanın işğalçı olduğu haqda da çoxsaylı sənədlər, qətnamələr qəbul edib və Musabəyov özü də yazısında bu sənədlərin bir hissəsini sadalayıb. 

Bir tərəfdən işğalın vurğulandığı sənədlərə, ATƏT-in, BMT-nin qətnamələrinə istinad etmək, bəzən bunu hətta xarici siyasətin uğuru kimi qələmə verib öyünmək, siyasi məhbusların azadlığı tələb olunanda isə bunu görməzdən gəlmək "neçə"li standartdır, görəsən?! 

Tutaq ki, qərbdəkilər ədalətsizdir, ikili standartlarla yanaşırlar, bəs bu amil xəstə, qoca, qadın, gənc demədən siyasi düşüncəsinə görə insanların zindana atılmasına bəraət qazandırır?..

Musabəyov Rusiyanın başqa düşmənlərini də yaddan çıxarmayıb - ukraynalı parlamentari Vladimir Aryevin feysbuk statusunu da partlayanacan şişirdib. Yəni Bakıda PA-nın, Rusiyada isə Kremlin tam xoşuna gələsi bir yazı yazıb... 

Sual yaranır: Qərbi Azərbaycan torpaqlarının işğalına göz yummaqda günahlandıran politoloq bu işğalı gerçəkləşdirən Kremlə niyə yarınmağa cəhd edir? Bu adamları Kremlin "muzdlu tərəfdaşları"na çevirən nədir?..

Bir az da Fətullayev haqqında... 

Fətullayev hay-küy salıb ki, guya deputat Rasim Musabəyov onun güllələnməsinə çağırış edib. Cəmiyyətimizdən narazıdır ki, niyə buna reaksiya verən yoxdur. Başqa ölkəni yox, Rusiyanı nümunə göstərib. Rusiya Dumasında belə bir çağırışın mümkün olmadığını üfləyib. Baş prokurora, daxili işlər nazirinə müraciət edib ki, "ay aman, qoymayın məni öldürəcəklər”.  

"Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək - itə it ölümü yaraşır”, - demək çağırışdırmı? Musabəyovun zatən müdafiə olunacaq tərəfi qalmayıb. Bir mandata görə bütün mübarizəsini satan və Eynullanın bir yazısı ilə bu mandatı itirəcəyindən qorxan adamı yalnız o düşüncədə insanlar müdafiə edə bilər... Ancaq hamının gözü qarşısında baş verən bir söz duelini hamının gözünün içinə baxa-baxa təhrif etmək də bir həya defisitindən xəbər verir ki, bu, Fətullayevdə patalojidir.

Fətullayev iddia edir ki, Musabəyov haqda yazdıqlarının hamısı həqiqətdir. Bunun isbatı kimi deputatın siyasi mövqeyini dəyişməsini xatırladır. Haqlıdır. Amma yenə də ortaya maraqlı sual çıxır: bəs sən kimsən? 

Görəsən, Fətullayev bilirmi özü neçə dəfə əqidəsini dəyişib?..

Bütün bunlar çox da uzaq keçmişdə baş verməyib. Hamısını sadalamağa da ehtiyac yoxdur, amma bir-iki məqama nəzər salaq: 

İlham Əliyevin Putini saymadığı dövrlərdə Fətullayev müxalifətçi idi, həbs olunmuşdu. Amma Putin prezidentliyə qayıtdı, Əliyev ona sayğı göstərdi. Fətullayevin yazıları yenə də iqtidarın mövqeyi ilə üst-ustə düşməyə başladı. 

İndi Fətullayev hakimiyyətin Rusiyaya meylli siyasətini açıq təqdir edir, əks halda Gəncənin işğal olunacağı, rus tanklarının hətta Bakıya girə biləcəyi, şimalda separatçılığın baş qaldıracağı haqda Rusiyanın təhdid mesajlarını Azərbaycana daşıyır. Eyni "uğur"la da Rusiyanın və Azərbaycan hakimiyyətinin antiqərb təbliğatının əsas ruporlarından birinə çevrilib. Özü bir yana, başqalarını da şantaj yolu ilə Kremlin düşmənlərinə qarşı çıxmağa vadar edir. Bu işdə ona dəstək verib qoşulanlar da az deyil. Əqidəsini, mövqeyini dəyişən adamlar çoxdur ölkəmizdə, amma Fətullayev kimi qabarıq şəkildə bunu edən hələ olmamışdı...

İnsanların əqidəli olub-olmaması öz işidir. Bunu onların üzünə vurmamaq da olar. Amma ortada düşünülmüş şəkildə Azərbaycanın beynəlxalq təcridinə yönələn bir fəaliyyət var: Azərbaycanı nəinki Avropa və Amerika ilə, Rusiyanın düşməni olan Ukrayna və Gürcüstanla da düşmən etmək. Təsadüfi deyil ki, Tiflisdə keçirilən "Dinamo” – "Qəbələ” oyununda futbol azarkeşləri arasında olan insidenti də siyasiləşdirib, Bakıdakı cavab oyununda qisas çağırışları yazdılar. Kremlə bizim hamı ilə düşmən olmağımız gərəkdir. Bu fəaliyyətə hər kəsi cəlb etmək üçün şantajdan belə məharətlə istifadə edirlər. Nəinki deputatlar, TV rəhbərləri, guman ki, dövləti yönəldənlər də analoji şantajların qarşısında geri çəkilirlər. 

Bir sözlə, Kremlin şantajçıları dövləti təhlükəyə doğru itələyirlər. Biz isə səmti bilinməyən gəmidə oturmuşuq. Vaxt azdır, cənablar, bunun fərqinə varmalı və gedəcəyimiz ünvanı dəqiqləşdirməliyik. Necə ki məşhur Şərq deyimində deyilir: "Səmti bilinməyən gəmiyə külək də kömək eləməz..."

Şəmşad Ağa

Arqument.az