"Moskvanın Qarabağda konsulluq açmaq niyyəti ümumi strateji məqsədlər üçün nəzərdə tutulub. Bununla Kreml bölgədə hər hansı bir formada iştirakını təmin etməyə çalışır".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Rusiyanın Xankəndində baş konsulluq açmaq niyyəti barədə məlumatı şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, bu addım Rusiyanın bölgədən çıxmaq, onu itirmək istəmədiyinin göstəricisidir:
"Hesab edirəm ki, Qarabağda konsulluq açmaq niyyəti də Moskvanın bölgədə qalmaq istəyindən irəli gələn məsələdir".
Ekspertin fikrincə, Kreml bu addımı ilə göstərir ki, diplomatik təsir yolu ilə bölgədə qalmaq niyyətindədir:
"Bu variantı istisna etmək olmaz. Ermənistan fransızdilli ölkə olmasa da, fransızdilli ölkələr prosesdə iştirak edir. Zəngəzurda iranlı yaşamır, Tehran orada konsulluq açır. Bu sayaq siyasətdən müəyyən təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Rusiya da hərbçilərin Qarabağdan çıxarılması fonunda kompensasiya almaq istəyir. Bu kompensasiya da bölgədə Rusiya konsulluğunun açılması ola bilər. Bu həm də Ermənistana mesajdır ki, Moskva yenə də Azərbaycanla bir yerdədir".
Qeyd edək ki, "Sputnik Ermənistan"nın məlumatına görə Rusiya Qarabağda baş konsulluq açmaq niyyətindədir. Məlumata görə, bununla bağlı Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin Azərbaycan parlamentinin deputatı Səməd Seyidovla görüşü zamanı deyib.
Rüfət Sultan
Şərhlər