
Goranboy rayonunda bir neçə körpələr evi və bağçada qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Qaynar.info-ya verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Goranboy rayonunda bir neçə körpələr evi və bağçada qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.
Araşdırma Goranboy rayonu Ü.Hacıbəyov küçəsində yerləşən 1 və 2 saylı uşaq bağçalarında və 1 saylı məktəbdə aparılıb.
Təhsil və tərbiyə müəssisələrində aparılmış dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunub ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Müəssisə rəhbərlərinin AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması” dövlət standartı haqqında məlumatlı olduğu deyilsə də, sənədin onlarda olmadığı bildirilib. Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar olunub.
Müəssisələrdə mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmamış, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperatur altında saxlandığı aşkarlanıb. Həmçinin müəyyən olunmuşdur ki, mətbəxdə işlədilən qablar köhnədir. Standartın 1.4.27-ci bəndinə əsasən bağçanın girişində gündəlik menyunu əks etdirən lövhə olmalıdır ki, araşdırma zamanı buna da rast gəlinməyib.
Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə iradnamə verilib. Həmçinin nöqsanların aradan qaldırılması üçün müəssələrə vaxt verilib.
Qaynar.info







