Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək, həbs olunmuş məhkumlar Lamiyə Quliyeva və Vüqar Əliyevin işi ətrafındakı müəmmalar artmaqdadır.
Lamiyə Quliyevanın ANS-ə son açıqlaması isə onunla bağlı müəmmaları nəinki aydınlığa qovuşdurdu, əksinə, həbsxana şəraitində nikahdankənar uşaq dünyaya gətirməsi olayını bir qədər də pərdələdi.
Məlum olan odur ki, ya məhkum Lamiyə Quliyeva, ya da onun uşağının atası olduğu iddia edilən Elnur Rəsulov yalan danışır, yaxud buna məcbur edilirlər.
Məntiqlə fikirləşdikdə isə qadın məhkumun dediklərinin həqiqiliyinə inanmaq istəyirsən. Hər halda, onun özünün də dediyi kimi, uşağın atası olan şəxs kimlərisə güdaza verməmək üçün ortaya belə bir iddia atır ki, guya reallıqda yaxınlıq etməyiblər. Guya Elnur Rəsulov Lamiyənin ana olması üçün öz toxum mayesi olan qabı ip vasitəsilə aşağı mərtəbədən qadın məhkumların saxlanıldığı yuxarıdakı kameraya ötürüb. İki həftə sonra isə Lamiyə tərəfindən “müjdəli” xəbər alıb: “Mən hamiləyəm”.
Bu işlə bağlı Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun həbsinə hazırlıq getdiyi iddia olunduğu bir vaxtda modern.az-a Penitensiar Xidmətin, daha doğrusu, Kürdəxanı istintaq təcridxanasının bir neçə əməkdaşının həbs olunduğu xəbəri verilib.
Əslində məsələyə aydınlıq gətirəcək bir qurum var - Ədliyyə Nazirliyinin Penitensiar Xidməti. Elə bu səbəbdən də sözügedən quruma sorğu ilə müraciət edilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda olayla bağlı araşdırma davam etdirilir: “Penitensiar Xidmətə ünvanladığınız suala cavab olaraq bildiririk ki, məhkum Lamiyə Quliyevanın həbsdə övlad dünyaya gətirməsi ilə bağlı dəfələrlə rəsmi açıqlamalar olub və bildirilib ki, araşdırma aparılır”.
Cavabda o da vurğulanıb ki, Penitensiar Xidmət hətta araşdırma dövründə də müvafiq açıqlamalar verib: “Hazırda prokurorluq orqanları tərəfindən araşdırma davam etdirilir”.
Baş idarə rəisinin müavini: “Həbsxana mühitində süni mayalanma...”
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Müalicə işinin təşkili idarəsinin rəisi - baş idarə rəisinin müavini, İftixar Qurbanov azvision.az-a açıqlamasında bildirib ki, süni mayalanmanın baş tutması üçün onlara heç bir məhkum müraciət etməyib:
“Həbsxana mühitində süni mayalanma deyilən bir əməliyyat yoxdur. Süni mayalanmanın həyata keçirilməsi ilə bağlı bizə indiyə qədər heç bir məhkum müraciət etməyib. Biz məhkumların sağlamlığının bərpası ilə məşğul oluruq. Məhkumların sağlamlıq məsələləri daimi nəzarətimizdədir”.
Qeyd edək ki, yanvarın 17-də axar.az saytı məhkum Lamiyə Quliyevanın saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində ana olması xəbərini ictimailəşdirib. Bundan sonra Penitensiar Xidmət 2014-cü ilin oktyabrında uşağın atasının kimliyinin araşdırıldığını bəyan edib. Sonradan Ombudsman Aparatı, Baş Prokurorluq da araşdırmalara qoşulub. Yayılan məlumatlarda qeyd edilir ki, məhkum Elnur Rəsulov özünün toxum mayesini L.Quliyevaya göndərib. Lakin L.Quliyeva E.Rəsulovla görüşdüyünü bəyan edib. E.Rəsulov Ombudsman Aparatına yazdığı izahatda görüş faktını inkar edir, uşağın süni mayalanma ilə dünyaya gəldiyini bildirir. Ortada olan budur ki, Lamiyə Quliyeva canlı təmas vasitəsilə ana olduğunu, uşağın atası Elnur Rəsulov isə bunun süni mayalanma ilə baş tutduğunu iddia edir. //"Yeni Musavat"
Qaynar.info