Xəbər lenti

Kurikulum Azərbaycan təhsil sisteminə nə verdi? (RƏY)
Ölkə10:51 28.10.2022

Kurikulum Azərbaycan təhsil sisteminə nə verdi? (RƏY)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanıb) 
Azərbaycanda bütün sahələri əhatə edən inkişaf proqramları həmişə olduğu kimi daim diqqət mərkəzindədir. Onların arasında ən çox diqqət ayrılan sahələrdən biri elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasıdır.
Təhsil proqramları ölkənin gələcəyinin idarəolunması baxımından ən vacib faktorlardan biridir. Azərbaycanda bu istiqamətdə böyük işlər görülür, amma bütün bunlara baxmayaraq, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları bu günün tələblərinə cavab verirmi?
Milli Məclisin deputatı Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər bir ölkənin inkişafı onun bir başa təhsilindən asılıdır:
"Bu məsələdə təhsilin böyük rolu var. Bu baxımdan, təhsillə bağlı layihələrə daha geniş yer ayrılması önəmlidir və eyni zamanda vacibdir.  Azərbaycanda bu istiqamətdə işlər aparılır. Hesab edirəm ki, prosesdə müəyyən irəlləyişlər var, amma yetərli deyil. Biz çalışmalıyıq ki, təhsil proqramları və planları üzərində daha çox işlənilsin. Çalışmalıyıq ki, daha yüksək nəticələr əldə edək. Bu gün proqramların tam cavab verməsini demək mümkin deyil, çünki görüləsi işlər var. Bununla bağlı hələ çox addımlar atılmalıdır”. 
Təhsil eksperti Elçin Əfəndiyev isə bildirib ki, Azərbaycanda mövcud təhsil proqramı ali təhsil müəssisələrinə baloniya, orta ümumtəhsil müəssisələrində isə kurikulum sisteminə əsaslanıb:
"2008-2009-cu ildən etibarən artıq dərslər bu proqramlarla tədris olunur. Hazırda "kurikulum təhsil proqramı Azərbaycan təhsil sisteminə nə verdi” sualına cavab verə bilmirik. Çünki biz bunun bəhrəsini 4-5 il sonra görəcəyik. Təhsil sistemində yetişən şagirdlər orta məktəbi başa vurub və növbəti ili isə ali məktəbi bitirəcəklər. Onların arasında ibtidai sinif müəllimləri üzrə təhsil alanların yetişdirdiyi uşaqların biliklərinin səviyyəsini biz diaqnostik qiymətləndirmə əsasında biləcəyik. Hazırda Dövlət İmtahan Mərkəzi bununla bağlı aşağı siniflər üzrə monitorinqlər keçirir. Həmin monitorinqlərin nəticələri də bir növ bu təhlilərin aparılmasına imkan yaradır. Bundan əlavə təhsil proqramında müasir çağırışlara cavab olaraq hansı ölkənin daha səmərəli təhsil proqramı varsa və bu təhsil alanın müvafiq fənn üzrə hər hansı mövzunu daha yaxşı mənimsəməsinə imkan verirsə, onu tətbiq etməyimiz daha məqsədəuyğundur. Hazırda ölkəmizdə steam modelindən istifadə olunur və digər xarici təcrübələr əsasında bəzi məktəblərdə pilot layihələr kimi tətbiq olunan proqramlar var. Bunların hər biri yoxlama, sınaq mərhələsindədir. Təbii ki, daha hansı uyğun olarsa, bütün təhsil müəssisələrində tətbiq oluna bilər. Amma bu da qarşıdakı illərdə veriləcək bir qərardır”. 
"Təhsil haqqında qanun”un, ümumi təhsilin müxtəlif pillələrdinə olan boşluqlara gəlincə, Elçin Əfəndiyev deyir ki, boşluqlar "Təhsil haqqında qanun”un qəbul olunması və ondan sonrakı dövrdə hər zaman olub:
"Bu boşluqların olmaması üçün bütün istiqamətlərdə daha köklü və dərin təhsil islahatları həyata keçirtmək vacibdir. İlk növbədə peşəkar kadrların prosesə cəlb olunması vacibdir. Ümumi təhsilə aid olan obyektlər var ki, onların inkişafı, müasir innovasiyalarla ayaqlaşması, infrastrukturun yaxşılaşması bu boşluqları aradan qaldıracaq. Orta məktəblərdə olan maddi-texniki bazanın zəifliyi bu daha çox informasiya texnologiyalarının zəifliyidir. Bu səbəbdən bizim məktəblərdə geriləmə var. Eyni zamanda ali təhsil müəssisələrinin müvafiq olaraq smestr imtahanlarının qiymətləndirilməsində də müəyyən boşluqlar mövcuddur. Baloniya sisteminə əsaslansa da, təəssüflər olsun ki, bu sistem bizdə bərqərar olmayıb. Ümid edirəm ki, qarşıdakı illərdə bunlar öz həllini tapar”. 
Elçin Əfəndiyev orta məktəb direktorları vəzifəsinin tutulması ilə bağlı məsələlərə də aydınlıq gətirib:
"Bu məsələdə təəssüf ki, korrupsiya və tapşırıq rol oynayır. Bəzi namizədlər imtahan verib öz bilik və bacarıqları hesabına harasa qəbul ola bilirlər. Amma istər Bakı şəhəri, istərsə də ondan kənarda, hələ də ucqar kənd məktəblərində, yaxud da rayon mərkəzlərinin əksəriyyətində tapşırıq, qohum, tanışlıq, rüşvət əsasında təyin olunan direktorlar var. Bunların hər biri təhsilin inkişafına maneçilik törədən səbəblərdəndir. Təhsilin idarəedicisi konkret xüsusiyyətlərin daşıyıcısı və müvafiq bilik və bacarıqları olmalıdır. Təhsili yoxdursa, onu təhsilin idarəetməsinə təyin etmək doğru yanaşma deyil. Sabah həmin direktor məktəbin idarəetməsini bilməyəcək. Bunlar isə bizim üçün vacib məsələdir. Bunun da həlli qaydası obyektiv qaydada işə qəbuldan keçir”. 
Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.