Ölkə 19:15 11.09.2023

"Laçın"dan qızıl qolbaq oğurladı, 230 manata satdı...

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Laçın” ticarət mərkəzində oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1966-cı ildə Tərtər rayonu, Hacıqərvənd kəndində anadan olmuş Sədrəddin (ad-şərti) adlı şəxs saxlanılıb. 

Sədrəddin "Laçın” ticarət mərkəzində qızıl satışı piştaxtasına yaxınlaşıb, qızıllara baxarkən satıcının fikrinin başqa yerdə olmasından istifadə edərək qızıl qolbağı götürərək oradan uzaqlaşıb. O, qolbağı 20 Yanvar metrostansiyasının yaxınlığında qızıl mağazasında tanımadığı şəxsə 230 manata satıb, pulu şəxsi ehtiyacları üçün xərcləyib.

Sədrəddin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək üçün maddi imkanının olmadığını bildirib və bunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə Sədrəddin İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 23 gün müddətinə inzibati qaydada həbs edilib.

Əhməd