Xəbər lenti

Siyasət 15:23 24.10.2023

"Lavrov düz deyir, Rusiya delimitasiya və demarkasiyası prosesində iştirak etməlidir" - Politoloq

"Sərhədlərin delimitasiya və demarkasiyası prosesində Moskvanın iştirakı mütləqdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN rəhbəri Sergey Lavrovun İranda keçirilən "3+3" formatlı görüşün yekunu olaraq Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyasından danışarkən, səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Natiq Miri deyib ki, Ermənistan rəhbərliyi zaman-zaman Azərbaycanın işğalda olan 8 kəndi və digər ərazilərlə bağlı konkret hüquqi sənədlərin olmadığını iddia edib. Yəni ermənilər demək istəyir ki, xəritələr əslində heç nəyi ifadə etmir:

"Bu imkanlar yalnız Rusiyaya məxsusdur. Brüsseldə isə belə xəritə və sənədlər yoxdur. Digər tərəfdən xəritələrin mövcudluğu Azərbaycan üçün hələ hər şeyi ifadə etmir. Ona görə də Moskvanın bu prosesdə iştirakı mütləqdir. 1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın bir sıra torpaqları Ermənistana peşkəş edilib və Paşinyanın iddia etdiyi kimi, bunlar heç də şifahi göstərişlərlə olunmayıb. Hansı ki, bu sənədlər Rusiya arxivlərində var".

Həmsöhbətimiz qeyd edir ki, sözügedən ərazilər Ermənistana verilərkən, hüquqi və siyasi cəhətdən əsaslandırılmayıb: 

"Ona görə də Azərbaycan həmin torpaqların əksəriyyətini demarkasiya və delimitasiya prosesində geri almalıdır".
 


Politoloq deyib ki, Brüssel bu imkanlardan məhrumdur: 

"Çünki bu sənədlər Avropa İttfaqının əlində deyil. Bu qurum sadəcə olaraq, sərhədlərin müəyyənləşməsi prinsipini ortaya qoya bilər, bunu Azərbaycanın iştirak etmədiyi Qranadada keçirilən dördlü görüşdə də gördük. Onlar 1991-ci ilin Almata sənədini ortaya qoyurlar ki, bu da doğru yanaşma deyil”. 

Natiq Mirinin fikrincə, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına imkan və səlahiyyəti yoxdur:

"Çünki Almata bəyannaməsi imzalananda İrəvan ora konkret əlavələr təklif edib. Sənəd də həmin əlavələrlə qəbul olunub. Bu əlavədə isə əsas olaraq Ermənistanın konstitusiyası göstərilir. Hansı ki, Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycan və Türkiyəyə bəzi ərazi iddiaları var. Həmin kostitusiyaya əsasən Paşinyanın Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımaq səlahiyyəti mövcud deyil. Paşinyan onu imzalasa və sabah Ermənistanda başqa qüvvələr hakimiyyətə gəlsə, onlar dərhal öz konstitusiyalarına zidd olduğunu iddia etməklə sülh müqaviləsini dərhal ləğv edəcəklər. Ona görə də müstəqillik bəyannaməsi və konstitusiyalarını referendum keçirərək dəyişməsə, həmin müddəaları aradan qaldırmasa, Paşinyan belə bir səlahiyyətə sahib olmayacaq. Bu səbəbdən də Lavrov hüquqi cəhətdən doğru deyir".

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İranda keçirilən "3+3” görüşünün yekunları üzrə jurnalistlərə açıqlamasında Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə toxunarkən, hər iki tərəf işarə edərək tərəflərə "əgər istəsələr, Brüsseldə şanslarını sınasınlar, lakin biz hər zaman real sərhədin demarkasiyasına başlamaqda kömək etməyə hazırıq”, mesajını verib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->