
Xarici ölkələrə getməyə maddi imkanı olmayan yerli sakinlər də rayonlarda dincəlməyə üstünlük verirlər. Turistlərin sayı artsa da, təklif olunan qiymətlər və xidmət səviyyəsi tez-tez müştərilərin narazılığına səbəb olur.
Tez-tez bölgələrə səfər edən millət vəkili Aqil Abbas AzVision.az-a bildirib ki, turistlərin dediyi kimi turizm bölgələrində qiymətlər nisbətən bahadır.
Onun sözlərinə görə, qiymət artımı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir: “Turizm bölgəsində qiymətlərin baha olması təbiidir. Hesab edirəm ki, bu, mövsumi xarakter daşıyır. Elə yer var ki, qiymət baha olsa da, xidmət yüksək səviyyədədir. Elə yer də var ki, xidmət sıfır səviyyədə də deyil. Təbii ki, pul verib, istirahət etmək istəyən insanlar qarşılığında normal xidmət görmək istəyirlər. Yaxşı oteldə qalsan, yüksək xidmət görərsən, aşağı səviyyəli otellərdə isə tam fərqli mənzər ilə rastlaşarsan. Hər şey puldan və məkandan aslıdır”.
A.Abbas hesab edir ki, bölgələrdə otellərə və istirahətə xərclənən pulla başqa yerdə daha yaxşı istirahət etmək mümkündür.
“Ölkədə turizm yeni inkişaf edir. Sözsüz ki, çatışmazlıqlar var. Bunlar zamanla aradan qalxacaq. İndi sevinirik ki, ökəyə turist axın edir. Bu yaxınlarda Qəbələ və İsmayıllıda oldum. Həmin bölgələrdə turistlərin sayı-hesabı yox idi. Təkcə ərəblər deyil, Rusiya və başqa ölkələrdən gələnlərə rastlaşmaq olurdu.
Təəssüf ki, bizim yaxşı mətbəximiz olsa da, bunu nümayiş etdirə bilmirik. Hansı restorana gedirsə, menyuda ancaq kabab var. Digər yeməklərimizi də biz təqdim etməliyik.
Həmçinin bizdə turizmlə bağlı peşə məktəbi, institut təzə yaranıb. Gərək orada işləyənlər oxusunlar və xidmət mədəniyyətini öyrənsinlər, bunun üçün də məktəb lazımdır”
Azərbaycan Turizm Assosiyası Nahid Bağırov bildirib ki, regionlarda otel və otel tipli obyektlərdə nəinki qiymətlər, göstərdikləri xidmət belə dünya standartlarına uyğun deyil. “Bu, otel tipli obyektlərə deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə də aiddir. Xidmət nəinki qiymətə, heç dünya standartlarına uyğun deyil. Regionlarımız, xüsusilə Qəbələ, Quba, Şəki turistlərlə doludur. Burada otellərdə yer tapmaq çətindir. Artıq bir sıra otellərdə qiymətlər artıb. Lakin həmin qiymət göstərilən xidmətə uyğun gəlmir.
Təbii ki, 200 manat verib dincələn şəxs özəl xidmət gözləyir. Bəzən tam əksini görürsən. Təəssüf ki, bizdə xidmət problemi var. Türkiyədə otel tipli obyekt açmaq istəyirsənsə, öncə müəyyən qədər işçini dövlət tərəfindən təyin olunan treninq mərkəzlərinə göndərməlisən, 70-80 faiz işçi orda treninqdən keçməlidir. Bizdə isə təəssüf ki, belə şərt yoxdur. Bunun üçün də dövlət tərəfindən nəzarət mexanizmi olmalıdır”.
Qaynarinfo.Az