Xəbər lenti

Öldü!!! - KÖŞƏ
Ölkə21:16 28.12.2013

Öldü!!! - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ədil HÜSEYNLİ

Öldü… “…Əslində ölmədi, ruhu bizimlə olacaq…”. Sabahdan bu sözləri hər kəsdən, Qarabağ qazilərindən, dost-tanışlarından, YAP-çılardan və müxalifətçilərdən belə eşidəcəyik.

Və daha bir “söz…"

Bu hadisə hüquqi müstəvidə araşdırılacaq, günahkarlar məsuliyyətə cəlb olunacaq… Siyavuşlar, qurbanlılar, səttarlar hamılıqla yasa gedəcək, ürək yanğısı ilə danışacaq. Təssüflənirik, kədərlənirik… Mollalar günahdır deyib insanlara moizə oxuyacaq. Dəfn üçün təmtəraqlı əklillər hazırlanacaq, QAZİmiz Azərbaycan BAYRAĞINA  bükülüb dəfn olunacaq.

Bir az  da keçəcək, Daha başqa fikirlər ortaya atılacaq. Dünyasını dəyişən qazinin ailəsinə aylıq yardımlar ediləcək, uşaqlarının təhsil alması üçün şərait yaradılacaq və s.

Bir neçə gün Səttar Mehbalıyevi mətbuat ağ yuyub qara sərəcək. Hər kəs Səttardan danışacaq. Ola bilər ki, kimsə bu hadisəyə görə lap cəzalanacaq, məhbəsə də salınacaq…

Amma bu nəyi dəyişəcək? Zaur Həsənov torpaq altına getdi. Övladları isə yenə ac, problemlərlə dolu həyata davam edəcək. Bir az da çətin və atasız. Bu ailənin daha çörək istəyən, səttarlarla mübarizə aparan bir başçısı yoxdur… Daha Hadı Rəcəbli kimi deputatlar gülməyəcək. Daha Səttar Mehbalıyevdən “mənim torpağımı qaytar” deyən, ondan iş istəyən də olmayacaq.

DİNCƏLİN!

Səttar da dincəlsin, elə 4 gün yanmış bədəninin ağrısından əziyyət çəkən QAZİmizdə…

Bu hadisəni QAZİ yox, başqa birisi də törədə bilərdi. Bu gün övladının qarşısında başıaşağı dayanan minlərlə Zaur Həsənovlar var.  Amma bunu qazi etdi və bununla insanların problemlər içində yaşamasını açıq şəkildə göstərdi.

Fikir verin!!! Telekanallar həmişəki kimi susur… Şərh verməyəcəm.

Susun cənablar susun. Bu gün Zaur Həsənov, sabah bizlər. O ağlaşma səsləri, uşaqların fəryadı hər birimizin qapısında olacaq.

O dünyada Səttarı tapıb ondan soruşarsan. Soruşarsan ki, mən vətənim üçün döyüşdüm QAZİ oldum, kişi kimi mübarizə apararaq öldüm və bu dünyaya yalnız ağ kəfən və bir də mübarizə dolu əməllərlə gəldim. Bəs, əziz Səttar sən necə, yığdığın o səvətdən gətirə bildinmi?

Allah QAZİMİZİ RƏHMƏT ELƏSİN!

bizimxeber.az