Xəbər lenti

Lənkəran Dövlət Universitetinin tələbələrindən BƏYANAT
Ölkə10:11 28.06.2013

Lənkəran Dövlət Universitetinin tələbələrindən BƏYANAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran Dövlət Universitetinin keçmiş məzunları, bir qrup gənc müəllimləri, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun şərlənərək həbs edilməsi ilə bağlı bəyanat yayıblar. 

Bəyanat müəllifləri bildirirlər ki, Yadigar Sadıqovun həbsi siyasi sifarişdir və o, indiyə qədər bir neçə dəfə təzyiqlə üzləşib, hətta çalışdığı universitetdən də xaric edilib: 

"Məlum olduğu kimi II qrup Qarabağ əlili olduğu deyilən Rəşid Fərman oğlu Kərimovun şikayəti əsasında müəllimimiz, Müsavta Partiyası başqanının müşaviri Yadigar Sadıqova qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Cinayət işi açılmazdan əvvəl mediyada yayılan məlumatlardan, R. Kərimovun ittihamlarından və yaydığı şəkillərdən, həmçinin Yadigar Sadıqovun hadisə ilə bağlı açıqlamalarından, o cümlədən hal şahidlərinin açıqlamalarından da məlum olurdu ki, bu hadisə azad düşüncəli, hakimiyyəti zaman - zaman tənqid etmiş Yadigar Sadıqovu susdurmaq üçün hazırlanmış ssenaridir.

Biz, Lənkəran Dövlət Universitetinin tələbələri müəllimimiz Yadigar Sadıqovun həbsini tam qanunsuz hesab edirik və düşünürük ki, bu, siyasi sifarişdir. 

Öncə qeyd etmək istəyirik ki, hadisə ilə bağlı Y. Sadıqovun R. Kərimovu döyməsi barədə heç bir video və foto görüntü, o cümlədən bunu təsdiq edən hal şahidləri və yetəri qədər dəlillər yoxdur. Bunlar olmadığı halda bir insanın həbs edilməsi heç bir qanuna söykənmir.

Digər tərəfdən qeyd etmək istəyirik ki, Yadigar Sadıqovun verdiyi açıqlamalar heç bir halda hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb və hadisənin əksini sübut edən dəlillər nəzərə alınmayıb.

Bundan başqa, Yadigar Sadıqov son bir neçə gündə siyasi baxışlarına görə həbs olunacağını bildiyi halda hüquq-mühafizə orqanlarından qaçmağa cəhd etməyib. Belə olan halda istintaq başa çatana qədər onun həbs olunmasına heç bir zəmin yoxdur.

Onu da xüsusi olaraq qeyd etmək istəyirik ki, biz Yadigar Sadıqovu Lənkəran Dövlət Universitetində dərs dediyi vaxt vicdanlı, əqidəli, əsl ziyalı, tələbələrdə elmə, təhsilə marağın artmasınında müstəsna rolu olan peşəkar müəllim kimi tanımış, siyasi baxışlarından asılı olmayaraq hər bir tələbəyə qayğı göstərdiyinin şahidi olmuşuq. O, öz sahəsi ("Türk xalqaları tarixi" fənni) üzrə peşəkar və ən gənc mütəxəssislərdən biridir. Ancaq buna baxmayaraq o, iki il öncə, yəni 2010-cu ildə siyasi baxışlarına görə universitetdən də uzaqlaşdırıldı.

Yuxarıda göstərilən bütün səbəbləri, eyni zamanda Yadigar Sadıqovun peşə fəaliyyətini və ölkəmizin inkişafı üçün verə biləcəyi töhvələri nəzərə alaraq, bizlər bu həbsi qətiyyətlə pisləyir, müvafiq qurumlardan onun dərhal azadlığa buraxılmasını tələb edirik. 

İmza: 

Şəmşad Ağayev

Həzi Aslanov

Pərviz Əzimov

Uğur Xosiyev 

Rövşən Əliyev

Səid Dövlətov 

Cavad Səlimov

Bəyanat könüllüdür və hər kəs qoşula bilər" /müsavat.com/