
Lənkəranın Veravul kənd 2 saylı orta məktəbinin bərbad vəziyyəti həm şagirdləri, həm müəllimləri təhsildən soyudur.
“Düzü bilmirəm nə deyim. Adətən problem, nöqsan 1-2 dənə olur, adam da ondan şikayət edir. Amma bu məktəbdə normal olan heç nə yoxdur, başdan ayağa nöqsandır. Hər şeyi gözünüzlə görürsünüz. İndi görmədiyiniz bir şey odur ki, yağmurlu havalarda məktəbin önünə yığılan su səbəbindən uşaqların dərsə gəlmələri üçün yola kubik, kərpic düzürük. Üstəlik, sinif otaqları da damır”, - kənd sakini Tosif Həsənov deyir. Onun söylədiyinə görə, hazırda 3 uşağı bu məktəbdə oxuyur.
Kəndin qocaman müəllimi, ömrünün 50 ilini həmin məktəbdə dərs demiş, indi isə təqaüddə olan Ağababa Yusubovun dediyinə görə, məktəbin yerləşdiyi bina əvvəlcə başqa məqsədlər üçün tikilibmiş: “XX əsrin 50-ci illərinin sonlarında tikilən bu bina əvvəlcə mal-qara üçün ferma kimi nəzərdə tutulmuşdu. Lakin istifadəyə verilməsinə az qalmış xatırlamadığım səbəblərdən sovxoz rəhbərliyinin fikri dəyişdi. Ferma başqa yerdə tikildi. Bu bina isə bir qədər uyğunlaşdırılandan sonra məktəb üçün ayrıldı. Və artıq 55 ilə yaxındır ki, Veravulun aşağı məhəlləsinin uşaqları burada təhsil alırlar”.
Ümumilikdə aztorpaqlı rayon olan Lənkəranda Veravul ən böyük əraziyə malik olan yaşayış məntəqəsi sayılır. Kənd yuxarı və aşağı məhəllələr olmaqla iki hissəyə bölünür. Yuxarı məhəllədə yaşayanların uşaqları bir neçə il öncə istifadəyə verilmiş kənd 1 saylı məktəbində təhsil alırlar. Əhalinin daha çox olduğu aşağı məhəllədə isə 2 saylı məktəb yerləşir.
Bu məktəbin də hazırkı durumu içlər acısıdıdır. Döşəmədən tutmuş tavana kimi hər yer dəlmə-deşikdir. İki tikilidən ibarət olan məktəbin bir tikilisi sözün həqiqi mənasında dağılıb və artıq xeyli müddətdir ki, istifadə olunmur. Əslində digər hissəni də istifadəyə yararlı saymaq mümkün deyil. Həyətdə yerləşən məktəb tualetinin isə bərbadlığı bir yana, iki kabinədəni birinin qapısı da yoxdur.
Qarşılarında jurnalistləri görən müəllimlər həvəslə dərdlərini bölüşməyə, sinif otaqlarını göstərməyə başladılar. Lakin məqalədə adlarının çəkilməməsini xahiş etdilər. Onların söylədiklərinə görə, 40 müəllimin işlədiyi məktəbdə 310 şagird təhsil alır. Məktəbin bir hissəsi 3 il öncə çöküb. O zamandan yuxarı sinif şagirdləri yaxınlıqda yerləşən bələdiyyə binasının bir hissəsinə köçürülüblər. Bina yeni olsa da otaqlar tədris üçün əlverişli deyil. Kiçik olduqlarından şagirdlər normal yerləşə bilmirlər. Məktəbin özünün sinif otaqlarından isə danışmağa dəyməz. Divarlar sökülür, tavan damır, döşəmə dağılır, deşikləri örtmək üçün yamaq taxta parçaları atılır.
Dərs zamanı otaqlarda siçanların o baş-bu baş dolaşması da adi haldır. Uşaqların siçandan qorxması nəticəsində hər dəfə dərs prosesi pozulur. Məktəbin kitabxanasında hətta ilan dərisinə də rast gəlinib. Bu olaydan sonra kitabxana yalnız zəruri ehtiyac yarandıqda açılır.
İdman zalı olmadığı üçün dərs ilinin 6-7 ayı ərzində bədən tərbiyəsi dərsində uşaqlar eləcə sinifdə otururlar. Yalnız mart-may aylarında hava şəraiti uşaqlara həyətə çıxmağa imkan verir. Müəllimlər məktəbə 6 kompüter verildiyini söyləyirlər. Lakin onları yerləşdirmək üçün otaq yoxdur. Birini direktorun kabinetində, digərini müəllimlər otağında quraşdırıblar. Qalanları isə istifadəsiz qalıb. İnformatika dərsinə müəllim öz noutbukunu gətirir.
Bir müddət məktəbin direktoru işləmiş Sarıbala Nəhmətovun söylədiyinə görə, ağır şəraitə baxmayaraq, bu məktəb rayonun qabaqcıllarından sayılır. Hər il məzunların təxminən yarısı ali məktəblərə qəbul olunur. Amma buna baxmayaraq, şəraitsizlik səbəbindən məktəbə gələn yeni şagirdlərin sayı azalır. Valideynlər övladlarının bu şəraitdə təhsil almalarını istəmirlər, onları əsasən Lənkəran şəhərinin məktəblərinə aparırlar. Maddi səbəblərdən bunu özünə rəva görə bilməyənlər isə tezlikə yeni məktəbin tikiləcəyinə ümidlə uşaqlarını buraya gətirirlər. Yeni məktəb tikintisi isə ildən ilə naməlum səbəblərdən təxirə salınır.
Adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, bu il seçki ili olduğuna görə yeni məktəb binasının tikiləcəyinə böyük ümidlər var idi: “Amma aldığımız xəbərlər göstərir ki, 2 saylı Veravul məktəbi yeni tikiləcək məktəblərin siyahısında yoxdur. Halbuki, Lənkəran icra hakimiyyətinin başçısı Taleh Qaraşov kənd sakinlərilə görüşəndə məsələni bu il həll edəcəyinə söz vermişdi”, – o deyir.
Əslən Veravuldan olan tanınmış hərbi ekspert Üzeyir Cəfərova ən çox təsir edən isə məktəbin Əfqanıstanda şəhid olmuş Canəli Əzimovun adını daşımasıdır: “Əgər hərbi borcunu yerinə yetirərkən həlak olmuş döyüşçünün xatirəsinə belə münasibət göstərilirsə, gənclərdə vətənpərvərlik hissi necə formalaşa bilər? Mənim Veravulda iki nəvəm var. Biri artıq üzümüzə gələn dərs ilindən etibarən orta məktəbə gedəcək. Heç vaxt razı olmaram ki, onlar bu şəraitdə təhsil alsınlar. Yəqin ki, Lənkəran şəhərindəki məktəblərdən birinə qoyacağıq”, - deyir sabiq hərbçi.
Lənkəran təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov vəziyyətlə tanış olduğunu bildirir: “2012-ci ilin sentyabr ayında Nazirlər Kabinetinin xüsusi komissiyası ilə Lənkəranın 89 məktəbinə və 51 uşaq bağçasına baxış keçirmişik. Məktəblərdən 34-nün qəzalı vəziyyətdə olması aydınlaşdırılıb.
Təəssüf ki, son illərdə icra başçıları yeni məktəblərin tikintisinə lazımi diqqət göstərməyiblər. Yeni başçı Taleh Qaraşov bu geriləməni aradan qaldırmaq üçün ciddi səy göstərir. Lakin bu il yalnız 10 məktəbdə qəzalı vəziyyəti aradan qaldırmaq imkanımız var. Bildiyimə görə, 2 saylı Veravul məktəbi bu onluğa salınmayıb. Lakin siyahıda dəyişiklik də edilə bilər”.
Hələliksə balaca veravullular cari dərs ilinin bitməsinə sevinir. Növbəti tədris ilinin başlanmasına qədər də “Allah kərimdi” deməkdən başqa çarə qalmır.../civilforum/











