Xəbər lenti

Lənkəranda bir məktəbin taleyi - - FOTOLAR
Ölkə06:59 12.02.2017

Lənkəranda bir məktəbin taleyi - - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəranın Veravul kəndindəki 2 saylı orta məktəb qəzalı vəziyyətdədir. Məktəb Əfqanıstanda hərbi xidmət borcunu yerinə yetirərkən həlak olmuş məzununun - Canəli Əzimovun adını daşıyır.

Qaynarinfo.Az AzadlıqRadiosunun məktəbdən hazırladığı reportajı təqdim edir:

Kənd sakini Tamara Əliyeva deyir, hər səhər evdən yola saldığı azyaşlı övladlarından nigaran qalır:

“Məktəb elə vəziyyətdədir, deyərsən, indi dağılar, bu saat dağılar... Deputat Hadı Rəcəbli də bu məktəbdə oxuyub. (Qaynarinfo.Az-ın dədiqləşdirməsinə görə, Hadı Rəcəbli bu məktəbdə yox, həmin kənddəki digər məktəbdə- 1 saylı orta məktəbdə 3 il ibtidai sinifdə oxuyub - red.) Ona da məktub yazmışıq. Hər yerə yazmışıq”.

Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyi məktəbin qəzalı olması barədə rəy verib. Ancaq hökumət hələ də tədbir görməyib.

Veravul doğumlu Əzizə Salmanova deyir:

“Özüm Bakıda yaşayıram. Bacımın uşaqları o məktəbdə ibtidai sinifdə oxuyur. Kənddə olanda uşaqları məktəbdən götürməyə getdim. Gözlərimə inanmadım. Maraqlandım, dedilər, bu binanı tikəndə ferma üçün nəzərdə tutublar. Sonradan nə fikirləşiblərsə, məktəb ediblər. Elə quruluşu da fermaya bənzəyir. Sınıq-salxaq partalar, çürümüş döşəmələr... Örtüyü bir küləyə bənddir ki, “uçub getsin”. Sinif otaqları buz kimi... Dəhlizlərdə siçovullar qaçışır. Məktəb deyil, xəstəlik mənbəyidir. Uşaqlar da xəstəliklərə yoluxmağa həssasdılar”.

Ferma kimi tikilib, məktəbə çevrilib?

Yağış yağanda, qar əriyəndə məktəb binasının qarşısında iri və dərin gölməçə əmələ gəlir. Məktəbə gələn və məktəbdən gedən uşaqlar həmin gölməçədən keçir, su ayaqqabılarına dolur, corablarına qədər yaş islnırlar.

Ötən əsrin ortalarında tikilən və ömrünü çoxdan başa vuran məktəb binasında 400-ə yaxın şagirdin təhsil aldığı bildirilir. Vəziyyətdən müəllimlər də narazıdır. Onlar da yeni məktəb binası üçün dəfələrlə müxtəlif qurumlara müraciət ediblər.

Sakinlərin sözlərinə görə, məktəbin bir hissəsi 5 il öncə çöküb. O zamandan yuxarı sinif şagirdlərinə yaxınlıqda yerləşən bələdiyyə binasında yer ayrılıb. Bina yeni olsa da, otaqlar kiçikdir deyə, tədrisə əlverişli deyil, şagirdlər oraya normal yerləşə bilmirlər.

“Sırası çatanda daha bir məktəb tikiləcək”

Kənddə 1 saylı orta məktəb də var. Yeni tikilib və təxminən 150 şagird oxuyur. Şagird tutumu az olduğundan, heç kəs övladını aparıb o məktəbə düzəldə bilmir.

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, 2012-ci ildə Nazirlər Kabinetinin xüsusi komissiyası kəndlərdəki 89 məktəbə baxış keçirib. 34 bina qəzalı kimi qeydiyyata alınıb. İndi bu qəzalı məktəblərin yerində yeniləri tikilir. Ancaq məktəblər növbəli qaydada inşa olunur. Veravuldakı 2 saylı tam orta məktəb də siyahıdadır:

“Orda bir məktəb tikilib istifadəyə verilib, növbəsi çatanda daha bir məktəb tikiləcək və 2 saylı məktəb söküləcək”.

5 il öncə demişdilər ki...

Veravullularsa deyirlər ki, 5 il əvvəl onlara məktəb binasının 2013-cü ildə tikiləcəyini vəd ediblər. Hətta məktəbin yaxınlığında yeni məktəb binasının təməli də qazılıb. Sonradan onlara məlum olmayan səbəblərdən işlər yarımçıq qalıb.

1 saylı məktəbin direktoru deyir ki..

Veravul kəndində yerləşən 1 saylı məktəbin direktoru Azər Rəcəbli Qaynarinfo.Az-ın redaksiyası ilə əlaqə saxlayaraq bildirdi ki, rəhbəri olduğu məktəbin binası yenidir və burada 150 yox 240 şagird təhsil alır. "Bu tədris ilində 2 saylı məktəbdən də 16 şagirdi valideynlərinin ərizələri əsasında bu məktəbə qəbul etmişik. Məktəbimiz çox genişdir və hətta 2 növbəli sistemə keçsək, 2 saylı məktəbin bütün şagirdlərini də bizim məktəbdə yerləşdirmək mümkündür. Şikayətçi kimi yazıda adları çəkilən şəxsləri isə biz tanımırıq, ya adları uydurmadır, ya da hər kimdirlərsə, bizim kənddə yaşamırlar".

Qaynarinfo.Az