Xəbər lenti

Lənkəranda “Ziya” vardı...
Ölkə07:23 14.01.2014

Lənkəranda “Ziya” vardı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərlan Əbilov

Dünən taksi dayanacaqlarının birində şair Ziyafətlə rastlaşdım. Hal-əhval tutduq. İdarə elədiyi maşında yeni yazığı şeirləri dinlədim. Sonra bir qədər də təmiz hava qəbul eləyib evə qayıtdım. Amma yenə də beynimdəki çək-çevirdən içimdə bir ağırlıq vardı. Ömrünün gözəl illərini şeirə, poeziyaya xərcləyən şair dostumun gözlərindəki kədər məni onunla ilk tanışlığımıza, cənub ədəbi mühitinin qaynar olduğu dövrlərə qaytardı.

XX əsrin sonları Azərbaycan ədəbiyyatında durğunluq illəri idi. Həmin illərdə mərkəzdə baş verən ədəbi dartışmalar təbii ki, bölgələrə də öz müsbət təsirini göstərməkdə idi. Fərqli yanaşma, fərqli düşüncə, yenilənmə cəhdi, yaradıcıların bir araya qrup şəklində gəlməsi bölgələrdə də artıq öz işinə start vermişdi...

Haqqında söz açacağım “Ziya" ədəbi məclisi 1998-ci ildə şair Ziyafət Əkbərli tərəfindən yaradılmışdı. Məqsəd orta məktəbdə təhsil alan istedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin poeziya daşıyıcılarının imkanlarını ədəbi müstəvidə daha da genişləndirmək idi. Bu gözəl təşəbbüsə ilk dəstək verənlərdən biri rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mahmud Əkbərli oldu.

Qısa bir vaxtda sözdən-sözə, misradan-misraya, şeirdən-şeirə inkişafda olan “Ziya”-nın uğurları rayon İcra Hakimiyyətini başçısı, yazıçı Yaşar Rzayevin də diqqətini özünə çəkdi və onun tapşırığı ilə 1999-ildə "Ziya" ədəbi məclisinin bir yaşı Lənkəran Dövlət Dram Teatrında qeyd olundu.

2000-ci ildə Təhsil Nazirliyinin respublika ümumtəhsil orta məktəb şagirdləri arasında keçirdiyi “Dövlətində sülh olarsa” şeir-baxış müsabiqəsinin üç qalibindən biri Ülfət Əkbərli "Ziya" ədəbi məclisinin adını yüksəklərə qaldıraraq fəxri diplom və qiymətli hədiyyə ilə təltif olundu.

2001-ci ildə Respublika Rabitə Nazirliyinin “Sevdiyin adama məktub” başlığı altında inşa yazıları üzrə keçirdiyi müsabiqədə isə “Ziya”nın daha bir üzvü Məlahət Əliyeva həmin müsabiqənin qalibi olmaqla nazirlik tərəfindən fəxri diplom və pul mükafatı ilə dəyərləndirildi.

2003-ildə "Ziya" ədəbi məclisi daha bir fəal üzvünün - Aysel Səfərlinin “Bir dünya var” adlı şeirlər kitabını ədəbi ictimaiyyətə təqdim elədi.

Bununla yanaşı, məclis üzvülərinin şeirləri dövrü mətbuatda davamlı şəkildə özünə yer alırdı...

Qazanılan bu uğurlar getdikcə mərkəzdə sayılıb seçilən ədəbiyyat adamlarının da diqqətindən kənarda qalmadı. Tənqidçi Vaqif Yusifli, “Ulduz” jurnalının baş redaktoru şair Ələkbər Salahzadə və başqaları dəfələrlə Lənkəranda “Ziya” nın qonağı oldular. Təbii ki, Lənkəranda bunu qısqanclıqla qarşılayanlar da az deyildi...

Əlbəttə, “Ziya” nın araya, ərsəyə gəlməsi, görülən bütün işlər məclisin sədri taksi şoferi, şair Ziyafət Əkbərlinin öz maddi imkanları hesabına başa gəlirdi və buna indiki dövürdə sonacan duruş gətirmək, doğrudan da, çox çətin bir iş idi. Buna görə də 2008-ci ildə “Ziya”nın ədəbi məclis kimi fəaliyyəti sonuclandı. Onu da qeyd edim ki, bu nəticədən nə bir iş adamının, nə bir məmurun, nə də Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədrinin saçı tərpəndi...

Bu gün küçədə, parklarda, ictimai yerlərdə “Ziya”nın üzvüləri yaşda olan uşaqların mobil telefonla oyun oynadıqlarını görərkən, internet klublarda  bu kimi və ya digər görüntülərin müşahidəçisinə çevrilərkən təəssüf hissiylə öz-özümə təkrar-təkrar pıçıldayıram:

- Bir vaxtlar Lənkəranda "ZİYA" vardı...

03.01.2013