Xəbər lenti

Lerikdə 80 manat, Türkiyədə qat-qat ucuz, üstəlik super xidmət - FOTOLAR
Ölkə18:40 05.07.2015

Lerikdə 80 manat, Türkiyədə qat-qat ucuz, üstəlik super xidmət - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yayda istiharət etməyi planlaşdıranlar bu hazırlığa adətən ən geci may ayından başlayır. Gedəcəyi ölkə və istirahət günlərinin sayı müəyyənləşir. Təbii ki, büdcəyə uyğun olaraq...
Seçim etməkdə tələsməyin də səbəbi var. Turzim agentlikləri istirahət paketlərinin qiymətlərinin iyul-avqust aylarında əvvəlki aylara nisbətən yüksək olur.
Turpaketlərə gəlincə isə turizm agentliyindən asılı olaraq onların kriteriyaları dəyişir. Onlar minimum 3 gündən başlayır, ən çox üstünlük veriləni isə 7 gün 8 gecə müddəti olan turpkatlər olur.
Təbii ki, gedilən ölkə və şəhərə uyğun olaraq da qiymət dəyişir.
Bəs azərbaycanlı turistlərin büdcəsinə uyğun olan, seçimdə üstünlük verdikləri turizm zonaları hansılardır? Seçimin tək səbəbi qiymətdirmi?
Virtualaz.org saytının müxbiri bu suallara aydınlıq gətirmək üçün bir neçə turizm agentliyinə baş çəkib. Onların hamısı azərbaycanlı turistlərin seçdiyi ölkələr siyahısında Türkiyənin birinci yerdə olduğunu dedi.
“Unikal Travel” turzim agentliyinin əməkdaşı Ceyhun Əliyev bunun əsas səbəblərini viza sisteminin olmaması ilə izah etdi: “Bir çox ölkəyə turpaketlərimiz var, amma ən çox üstünlük verilən ölkə Türkiyədir. Burada qiymətin ucuzluğu faktorundan çox vizanın olmaması üstünlükdür. Türkiyənin həm qardaş ölkə olması, həm də ora Bakıdan birbaşa reys olması seçim edilməsi üçün əsas səbəblərdən biridir”.
C.Əliyev deyir ki, müştərilər artıq fevral ayından müraciət edib maraqlanmağa başlayır, amma əsasən mövsüm may ayında başlayır və getdikcə qiymət artır: “Bizdə Türkiyəyə deyil, bir çox ölkələrə turist səfərləri təşkil olunur. Viza tələb olunan ölkələrə səfər zamanı isə müştərilərə sənədlərin toplanması işində yardım edirik”.
“İTC” turizm şirkətinin əməkdaşı Günel Hüseynova da deyir ki, onların da müştəriləri Türkiyənin Antalya, Bodrum, Kuşadası kimi şəhərlərinə üstünlük verir: “Bunun səbəbləri isə müxtəlifdir. Ən asası isə xidmətdir. Türkiyə otellərində müştəriyə xidmət çox yüksəkdir. Bundan başqa adını çəkdiyim şəhərlər dəniz kənarında yerləşir və əsl istirahət zonasıdır. Ona görə də müştərilər o şəhərləri seçir. Viza rejiminin olmaması da Türkiyəni azərbaycanlı turistlər üçün hər mənada rahat istirahət yerinə çevirir”.
Agentlik əməkdaşı ilə söhbətimiz zamanı rastlaşdığımız müştəri Rəna Muxtarova da onunla söhbətimizdə Türkiyəyə getmək istədiyini, hazırda isə qiymətlərlə maraqlanmaq üçün burada olduğunu dedi: “İndi mənə təklif olunan otellə maraqlanırdım. Xidmətə nələr daxildir, bir gecəlik qiymət neçəyədir. Birinci dəfədir gedirəm. İstəyirik ki, ailəvi olaraq Antalyaya gedək. Seçimi isə qiymətə görə etmişik. Büdcəmizə ən uyğunu Türkiyədir”.
Bəzi turizm agentlikləri müştərilərin seçimləri ilə bağlı məlumatları açıqlamaq istəməsə də qeyd etdiyimiz kimi, əksəriyyəti ən çox səfər edilən ölkənin Türkiyə olduğunu dedi.
Bəs Azərbaycan necə? Fəxrlə səfalı təbiətindən danışdığımız bölgələrə yerli turistlərin marağı necədir? 
“Your travel” turizm agentliyinin rəhbəri Sənan Əhmədov deyir ki, agentliklərdə bölgələrə də turlar var, amma maraq yüksək səviyyədə deyil. Səbəbi isə təbii ki, qiymətlərin həddindən artıq baha olmasıdır: “Bizim agentlikdə həftə sonları bölgələrə bir günlük turlar da var, istəyənlər üçün bir neçə günlük də. Amma Azərbaycanda qiymətlər çox bahadır. Məsələn, Lerikdə otellərin birində otağın bir gecəlik qiyməti 80 manatdır və bu qiymətə sadəcə səhər yeməyi daxildir. Eyni qiymətə Türkiyədə 4 ulduzlu bir oteldə gündə 3 dəfə yemək və limitsiz içki verilir, xidmət də əla səviyyədə olur. Bir həftəlik istirahəti hesablayanda Türkiyədə dincəlmək öz ölkəmizdən çox ucuz başa gəlir. Ona görə də hamı xaricdə dincəlməyə üstünlük verir”.
Qaynar.info