
Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılıb. Qərara əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib.
Qaynarinfo.Az ölkənin aparıcı müxalifət partiya və hərəkatlarının nümayəndələrindən ANS TV-nin lisenziyasının ləğv edilməsinə münasibət öyrənib.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirib ki, ikinci dünya müharibəsi ərəfəsində, Adolf Hitlerin represiyaları dövründə bir yahudinin söylədiyi məşhur məsəl var:"Əvvəlcə gəlib solçuları həbs etdilər, biz susduq, komunistlərin fəaliyyətini ləğv etdilər və həbs etdilər, biz susduq, onlara qarşı etiraz edənləri həbs etdilər, biz susduq və sonda növbə bizə çatdı. Biz həbs olunanda danışmağa heç kim qalmadı".
Elman Fəttahın sözlərinə görə, ANS Azərbaycanda hakimiyyətin mətbuat azadlığına qarşı apardığı kampaniyanı, söz azadlığını, siyasi azadlığı ləğv etmə və qadağan etmə hücumları zamanı həm susdu, həm də hakimiyyət tərəfindən bu kampaniyanın ciddi ruporlarından biri kimi çıxış etdi: "Sonunda növbə ANS-in özünə çatdı. Çünki hakimiyyət ANS-dən bir iynə dəliyi qədər sızan məlumatları zərərli hesab etdi. Buna görə də ANS özündən əvvəl mətbuata qarşı baş verən qanunsuzluqları öz dərisində hiss edir. Azərbaycanda söz və mətbuat azadlığının növbəti və fikrimcə, sonuncu halqalarından biri baş verdi. Burda qeyri-adi heç nə yoxdur. Bütün nəfəsliklər boğulur. ANS-də bu məqamda öz payına düşəni almış oldu. Biz ANS-in bağlanmasına etiraz edirik. Təssüf doğrucaq hal isə ANS-in etiraz səsini çıxarmamasıdır. ANS öz hüquqları uğrunda mübarizəyə qalxmalıdır".

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Xalid Bağırov bildirib ki, əvvəlcə "Azərbaycanda Fətüllah Gülənin hərəkatı "terror hərəkatı" elan edilibmi" sualına cavab verilməlidi: “Məhəkəmə necə müəyyən etdi ki, bu terror təşkilatıdır? İkinci sual, jurnalistin müsahibə alması və informasiya verməsi dəstək sayıla bilərmi? Dəstək təşviqat xarakterli materialların verilməsi və çağrışların olmasıdır. İfadə azadlığı ilə bağlı Avropa İnsanlar Haqları Konvensiyasının 10-cu maddəsi var. Orda iki müddəa konvensiyanın müdafiə sahəsinə düşmür. Bu da nifrətlə çağrış etmə və zorakılığa, nifrətə çağrışı təşviqat hesab edir”.
Xalid Bağırov bildirib ki, hətta təhlükəli terrorçulardan belə müsahibə almaq, onu yaymaq dünya praktikasında var:"Əlcəzirə" telekanalı dünyanın ən təhlükəli terror təşkilatı rəhbərlərindən müsahibələr, açıqlamalar yayır. Burada hər hansı terrorun məsuliyyətini üzərinə götürən və kimlərisə hədəfə alan açıqlamalar olur. Onları belə xəbər olaraq verirlər. Gülənin açıqlama verməsi və hər hansı bir münasibətini informasiya olaraq vermək, necə təşviqat sayıla bilər? Əslində jurnalisti, onun obyekti ilə eyniləşdirmək olmaz. Belə çıxır ki bir zorlama hadisəsi törətmiş şəxslə müsahibə edirsə, jurnalis özü də zorlamış adam kimi cəzalanmış sayılır? Bu sadəcə informasiyadır".

D18 Hərəkatının Başqanı Ruslan İzzətlinin fikrincə, bu qərar ölkədə ifadə azadlığının olmamasının bir daha göstəricisidir: "Azərbaycan məhkmələrinin Fətullah Gülənin rəhbərlik etdiyi "hərakat"ın terror təşkilatı olması ilə bağlı heç bir qərarı yoxdur. Azərbaycanın bu terror təşkilatını rəsmən tanımırsa, ANS-i onunla münasibətdə və ilişkilərdə necə ittiham edib, bağlaya bilər?"
Ruslan İzzətli qeyd edir ki, əslində ANS-in bağlanması bir bəhanədir: "ANS yeganə kanal idi ki, hakimiyyətdaxili klanlardan asılı deyildi. Bir neçə fərdin bir zamanlar yaratdığı və indi ölkədə gedən siyasi prossesləri nəzərə alıb tədbirli davranan bir kanal idi. Amma hakimiyyət anlıyırdı ki, ANS bir gün yenə müstəqil ola və onların zəiflədiyi bir vaxtda xalqın yanında dayana bilər. Bundan çəkindikləri üçün mətbuatı boğurlar. Sabah müstəqil olduğunu düşündükləri bütün mətbuat orqanlarını bağlayacaqlar.İlk addım ANS-ə qarşıdır. Bu qərarı dırnaqarası terror təşkilatı ilə əlaqələndirib vermələri öz maraqlarına hesablanıb. Bu da bir daha göstərir ki, Azərbaycanda ifadə və söz azadlığı yoxdur".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az