
"Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir".
ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
O, qeyd edib ki, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir və xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. "Yəni, bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir".
Prezident bir necə gün öncə 20 illiyi qeyd edilən "Əsrin müqaviləsi"nə də toxunub. Onun sözlərinə görə, “Əsrin kontraktı”nın bəhrəsini hər bir vətəndaş görür - abadlaşan şəhərlərdə, tikilən binalarda, salınan yollarda, artan maaşlarda və vaxtilə tikilmiş, indi təmir olunan belə gözəl xəstəxanalarda.
"Növbəti tarixi layihənin - “Cənub” qaz dəhlizinin təməli iki gün bundan əvvəl təntənəli şəkildə qoyulub. Bilirsiniz ki, çoxlu qonaqlar var idi və bu layihə Azərbaycana əlavə imkanlar gətirəcək. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edirik. Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa müddət ərzində ölkədə ən qabaqcıl rayonlardan birinə çevriləcək. Mən də çalışacağam ki, sizinlə bərabər bu məqsədə nail olaq".
Qaynar.info