
Cinayət aləminin nüfuzlusu, “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun vəkili Kamandar Nəsibov müvəkkilinin Gürcüstana təhvil verilməsi xəbərindən danışıb.
Vəkil hazırda Bakıda, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Lotu Quli”nin Gürcüstana ekstradisiya olunacağı haqda məlumatların həqiqət olmadığını açıqlayıb. Vəkil deyib ki, bu məsələ Penitensiar Xidmətdə heç müzakirə də olunmur.
“Nadir Səlifov Gürcüstan vətəndaşıdır, cinayət işinin materiallarında isə onun Azərbaycan vətəndaşı olduğu göstərilir. Nadir Səlifovda hazırda da Sovet Sosialist Respublikaları İttifaqının pasportudur. Hamıya məlumdur ki, Nadir Səlifov Azərbaycan vətəndaşı deyil və o Azərbaycan pasportunu almaq həvəsi ilə alışıb yanmır. O, öz pasportunu Gürcüstanda alıb, Gürcüstanda yaşayıb, periodik olaraq Azərbaycana gedib-gəlib. Onun bütün doğmaları Gürcüstanda yaşayırlar. Paradoks bundadır ki, Azərbaycan məmurları digər Gürcüstan vətəndaşlarına Azərbaycan vətəndaşlığı vermək üçün min-bir bəhanə düşünürlər, insanlar 20 il növbə gözləyirlər, övladları Azərbaycanda hərbi xidmətə gedirlər, vergi ödəyirlər və yalnız uzun-uzadı yalvar-yaxardan sonra dövlət onlara vətəndaşlıq verir. Çox vaxt da bundan imtina olunur. Nadir Səlifovu isə Azərbaycan vətəndaşı olmadığı halda Azərbaycan vətəndaşı elan edirlər” - deyə vəkil vesti.az-a bildirib.