Dünya 16:53 18.02.2023

Lukaşenkonun təklifi: Bayden siyasi karyerasına son qoya biləcək görüşə gedəcəkmi?

"Lukaşenkonun ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında Minskdə danışıqlar aparmaq ideyası reallaşmayacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Belarus prezidenti Aleksandr Lukaşenkonun ABŞ və Rusiya prezidentlərinin Minskdə görüşünün təşkili təşəbbüsü ilə çıxış etməsinə münasibət bildirərkən deyib. Politoloqun fikrincə, Bayden Putinlə görüşməklə öz siyasi karyerasını bitirə bilər:

"Dünyadakı və ABŞ daxilindəki siyasi vəziyyəti nəzərə alsaq, Bayden indiki halda Putinlə görüşməklə öz siyasi karyerası üzərindən qırmızı xətt çəkmiş olar. Çünki Putin dünyanın gözündə canidir, heç kəs onunla danışmaq, əlini sıxmaq, üzünə baxmaq belə istəmir. Bayden bu addımı atarsa, böyük bir səs-küyə səbəb ola və ABŞ prezidentinin əleyhinə işləyə bilər”. 
 


Lukaşenkonun belə təşəbbüslə çıxış etməsinə gəlincə, həmsöhbətimiz onu Putinin tapşırıqlarını yerinə yetirən adam kimi xarakterizə etdi:
 
"Lukaşenko bu mənada Azərbaycanda rayonlara rəhbərlik edən icra başçılarından fərqli deyil, onun statusu bəlkə ondan da aşağıdır. Putin isə Baydenlə görüşdə maraqlı görünür. Çünki bu halda öz mövqeyini gücləndirə bilər. Digər tərəfdən, belə görüşə nail olmaqla Rusiya rəhbəri yuxarıda qeyd etdiyim kimi, Baydenə yönəlik etirazların artmasına səbəb ola bilər. Bayden onunla görüşmək istəməyəcək”. 

Rüfət Sultan