Sabiq millət vəkili Cahangir Hüseynovun ölümlə təhdid etdiyi ideologiya.az saytının baş redaktoru Teylor Fətişoğlu prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Mətbuat Şurasının sədri və millət vəkili Əflatun Amaşova müraciət edib.
Müraciətdə deyilir: "Cənab Prezident, ötən il jurnalist Rasim Əliyevin qətli ölkədə əks-səda doğurdu. Siz onun ölümündən ciddi narahatlığınızı ifadə edib, bunu ölkədə söz və mətbuat azadlığına, KİV-in müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirdiniz. Aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırılması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib, məsələni şəxsi nəzarətinə götürdünüz.
Cənab Prezident, bəyan etdiz ki, bundan sonra da söz və mətbuat azadlığının, KİV-in müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaqsınız. Sonucda jurnalistin həyatına qəsd edənlər layiqli cəzaların aldılar.
Ancaq tövsiyyələriniz deyəsən bəzi şəxslərin yadından çıxıb. İdeologiya.az ictimai-siyasi, operativ xəbər portalında sabiq deputat Cahangir Hüseynovla bağlı yazılar onu hiddətləndirib. Bundan sonra saytın baş redaktoruna deputatın özü və köməkçisi zəng edərək ölümlə hədələyib.
Təəssüf ki, Cahangir Hüseynov özü bir zamanlar daxili işlər nazirliyinin əməkdaşı olub, qanunverici orqanda təmsil olunub. Buna baxmayaraq, özünü toxunulmaz sayaraq mətbuat işçisini fiziki məhvlə hədələyir.
Cənab Prezident, həyatıma olan təhlükəni nəzərə alaraq sizə müraciət edir və məsələni diqqətdə saxlamağı xahiş edirəm".
Qaynarinfo.az